Məhkəmə qərarları › İş №2(062)-590/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-590/2023

04.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-590/2023 04.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ələsgərov Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ələsgərov Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından xx.xx.2012-ci ildə anadan olmuş oğlu Ələsgərov Yusif Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin artırılmasına, cavabdehdən hər ay sabit məbləğdə 200 mnat məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o cavabdeh Ələsgərov Cavabdeh ilə evlənib ailə qurmuş və onunla birgə nikahlarından xx.xx.2012-ci il tarixdə Ələsgərov Yusif Cavabdeh oğlu adlı uşağı doğulmuşdur. Lakin cavabdehlə ailə münasibətləri pozulduğundan onlar ayrılmış, nikahları məhkəmə qaydasında pozulmuşdur. Tovuz Rayon Məhkəməsinin 2(062)-470/2015 saylı qətnaməsinə əsasən Yusifin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Hazırda cavabdehin ödədiyi 100 manatla uşağın sosial xərclərini ödəyə blmir, uşağın saxlanılması üçün ona maddi köməklil lazımdır. Heç bir yerdə işləmir. Ona görə də, hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılmalı, Yusifin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit məbləğdə aliment alınaraq ona verilməlidir. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Ələsgərov Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh Ələsgərov Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(062)-470/2015 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından xx.xx.2012-ci ildə anadan olmuş Ələsgərov Yusif Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Ələsgərov Cavabdeh 100 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər faktiki nikahda olmaları, bu faktiki nikahlarından bir övladlarının olması, uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda alimentin tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün yetərli deyildir, həmin məbləğ uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2012-ci ildə anadan olmuş Ələsgərov Yusif Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(062)-470/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh Ələsgərov Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 150 manat sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qət edilmiş alimentin artırılmış hissəsinin illik məcmusu 600 manat olduğundan 30 manat məbləğində dövlət rüsumu Ələsgərov Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2012-ci ildə anadan olmuş Ələsgərov Yusif Cavabdeh oğlu adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(062)-470/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh Ələsgərov Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 150 manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qət edilmiş alimentin illik məcmusu 600 manat olduğundan 30 manat məbləğində dövlət rüsumu Ələsgərov Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar