Məhkəmə qərarları › İş №2(062)-629/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-629/2023

04.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-629/2023 04.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdehnın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 6850 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 88,50 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ondan 2021-ci ilin yanvar ayında 6850 manat məbləğdə borc pul almışdır. Aldığı pulu qısa müddət ərzində qaytaracağına söz versə də, bu günə kimi həmin pulu qaytarmamışdır. Cavabdehdən pulunu tələb etdikdə hər dəfə müxtəlif bəhanələr gətirir və ona olan borcunu könüllü olaraq qaytarmaqdan imtina edir. Ona görə də, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, pulu şəxsən cavabdehdə vermişdir. O, Azər adlı şəxsə pul verməmişdir ki, hazırda da ondan pulu tələb etsin. Əgər cavabdeh özü pulu ondan alaraq adını çəkdiyi şəxslərə vermişsə, onlardan özü tələb edə bilər. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, onun borcu iddiaçıya göstərdiyi həddə deyildir. İddiaçıdan ayrı-ayrılıqda 2021-2022-ci illərdə 2600 manat və 4000 manat olmaqla ümumilikdə 6600 manat məbləğdə borc pul almışdır. Həmin pul vəsaitlərininin isə hamısını özü üçün almamışdır. Doğrudur ki, pulu iddiaçıdan özü istəmiş və iddiaçı şəxsən ona vermişdir. Lakin pulu aldıqdan sonra Azər adlı şəxsə vermişdir. Həmin puldan 2600 manatını özü almış və həmin pulu da iddiaçıya qaytarmışdır. Geri qalan pulu adını çəkdiyi şəxsə vermişdir. Bundan başqa iddiaçı pulu ona borc olaraq verməmişdir, həmin pul iddiaçı tərəfindən ona faizə verilmişdir. Hər ay pulun faizini iddiaçıya artıqlaması ilə ödəmişdir. Hesab edir ki, özü üçün aldığı pulu tam ödədiyindən, geri qalan pulları isə adını çəkdiyi şəxsə verdiyindən iddia tələbi əsassızdır. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Yolçu tərəfindən ona Mətləbdən 4000 manat pul alınaraq borc kimi verilmişdir. Pulu ona Yolçu vermişdir, Mətləb adlı şəxsi tanımamış və ondan hər hansı borc pul almamışdır. Ona pul lazım olan zaman Yolçu bildirmişdir ki, lazımi pul vəsaitini Mətləb adlı şəxsdən alaraq ona verəcəkdir. O da, öz növbəsində Yolçu ilə razılaşmışdır. Sonradan isə Yolçu həmin məbləği Mətləbdən alaraq ona vermişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını, şahid ifadəsini dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, iddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri borcla bağlı yaranan mülki münasibətlərdir. Ona görə də bu mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borcla bağlı və əlaqəli olan aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (Mülki Məcəllənin 329.2 və 329.3-cü maddələri). İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2-ci maddəsində qeyd olunmuşdur ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 742.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş və Cavabdeh İddiaçı müxtəlif vaxtlarda və ayrı-ayrılıqda 2600 manat bir, 4000 manat bir olmaqla ümumilikdə 6600 manat məbləğdə borc pul almışdır. İddiaçı borc pul məbləğinin 6850 manat həddə olmasını bildirsə də, məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də cavabdehin etiraf etdiyi məbləğin iddiaçı tərəfindən borc verilməsi nəticəsinə gəlinmişdir. Cavabdeh izahatında qeyd etmişdir ki, 2600 manat pulu özü üçün almış, geri qalan 4000 manat pulu isə Azər adlı şəxsə vermişdir. Özü üçün aldığı pulu iddiaçıya tam olaraq qaytarmışdır. Digər məbləğ isə Azərə verdiyi üçün ondan tələb oluna bilməz. Məhkəmə qeyd edir ki, əvvəla cavabdeh 2600 manat pulu iddiaçıya qaytarması barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Həmçinin 4000 manat pulu verdiyi Azər adlı şəxs məhkəmə iclasında şahid qismində dindirilmiş və ifadəsində göstərmişdir ki, 4000 manat pulu ona Yolçu vermişdir. Mətləb adlı şəxsi tanımamış və ondan borc olaraq pul istəməmişdir. Göründüyü kimi borc münasibətləri iddiaçı ilə cavabdeh arasında olmuş və öhdəlik hüquq münasibətlərinə onlar girmişlər. Cavabdehin aldığı pulu başqa şəxsə verməsi onu iddiaçı qarşısında aldığı borcu qaytarmaq vəzifəsindən azad etmir. Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır (Mülki Məcəllənin 448.1 və 449-cu maddələri). Məhkəmə diqqətə çatdırır ki, iddiaçı tərəfindən 6850 manat pulun cavabdehə verilməsi sübuta yetirilə bilmədiyindən, cavabdeh tərəfindən isə özünün etirafına uyğun olaraq iddiaçıdan borc kimi alınmış 6600 manat pulun iddiaçıya qaytarılması sübuta yetirilə bilmədiyindən tərəflərin izahatları müqayisəli təhlil aparılmaqla sübut kimi qəbul olunmalı və iddiaçı tərəfindən cavabdehə 6600 manat pulun verilməsi, habelə həmin pulun cavabdeh tərəfindən qaytarılmaması nəticəsinə gəlinməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 6600 manat məbləğdə pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 88,50 manat pulun əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6600 (altı min altı yüz) manat məbləğdə pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 88,50 (səksən səkkiz manat əlli qəpik) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı oğluna verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar