Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-656/2023 27.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Musatfayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat məbləğində alimentin alınıb himayəsində olan 01 iyun 2005-ci il tarixdə anadan olmuş Cavidin və 15 noyabr 2007-ci il tarixdə anadan olmuş Könülün yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Tovuz Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli 2(062)-1320/2020 saylı qətnaməsinə əsasən 01 iyun 2005-ci il tarixdə anadan olmuş X8 və 15 noyabr 2007-ci il tarixdə anadan olmuş X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Hazırda Cavabdehin ödədiyi 280 manat aliment uşaqların saxlanılması üçün kifayət etmir. Uşaqların xərcləri xeyli artmışdır. Onun maddia imkanı aşağı olduğu üçün uşaqların maddi ehtiyaclarının qarşılamasında çətinlik çəkir. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, evlidir iki uşağı var. Aliment ödəməyə imkanı yoxdur. Ona görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli 2(062)-1320/2020 saylı qətnaməsinə əsasən 01 iyun 2005-ci il tarixdə anadan olmuş X8 və 15 noyabr 2007-ci il tarixdə anadan olmuş X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh X1 ilə nikahından digər nikahdan 17 may 2013-cü ildə X6 və 10 mart 2012-ci ildə X2 uşaqları olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər faktiki nikahda olmaları, bu faktiki nikahlarından iki övladlarının olması, uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Tovuz Rayon Məhkəməsinin 06 iyul 2020ci il tarixli 2(062)-1320/2020 saylı qətnaməsinə əsasən 01 iyun 2005-ci il tarixdə anadan olmuş X8 və 15 noyabr 2007-ci il tarixdə anadan olmuş X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Aliment ödəyən şəxsin digər nikahından da iki uşağı vardır ki, iddia ərizəsində göstərilən həddə alimentin təyin edilməsi həmin uşaqların mənafeyinə uyğun deyildir. Eyni zamanda dörd uşağın saxlanılması öhdəliyi daşıyan bir valideyn üçün qeyd edilən həddə qəbul edilmiş alimentlə bağlı məhkəmə qətnaməsinin də icra edilməsi imkanları da real görünmür. Cavabdeh Qazax-Tovuz Regional Təhsil İdarəsində ocaqçı işləməklə 359 manat əmək haqqı alır ki, o həmin əmək haqqı ilə dörd uşağın və özünün minimum saxlanılması imkanlarını da təmin etməlidir. İddia ərəzisənin məzmunundan müəyyən edilir ki, iddiaçı hər hansı bir sübuta istinad etməmiş, cavabdehin hər hansı qazancı və onun əmlak vəziyyətinin dəyişməsi barədə sübut təqdim etmədən maddi cəhətdən uşaqları saxlamaqda çətinlik çəkməsi ilə tələbini əsaslandırmışdır. Yalnız iddia ərizəsində göstərilən hallara əsaslanaraq aliment məbləğinin artırılması aliment öhdəliyi olan cavabdehi maddi məhrumiyyətlərlə üz-üzə qoyaraq məhkəmə aktının da icra edilə bilməyən bir akta çevrilməsinə şərait yarada bilər. Başqa sözlə yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilərək, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilsə də, təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Məhkəmə araşdırılması zamanı alimentlə bağlı məhkəmə qətnaməsi qəbul edildikdən sonra iddiaçı cavabdehin maddi vəziyyyətində hər hansı dəyişikliyin olması ilə bağlı sübutlar təqdim etməmişdir. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf üz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadgqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Beləliklə, uşağın saxlanılması üçün aliment tutulması barədə iddiaya baxarkən məhkəmə Ailə Məcəlləsinin tələblərinə əsasən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına müvafiq olaraq alimentin miqdarını müəyyən etməlidir. Bununla yanaşı Ailə Məcəlləsinin 112.1-ci maddəsində güstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Əvvəlki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən keçən müddət ərzində iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Buna baxmayaraq alimentlə bağlı məhkəmə qətnaməsi qəbul edildikdən sonra istehlak səbətində dəyişikliyin olmasını nəzərə alaraq alimentin miqdarının hər uşaq üçün 10 manat, cəmi 20 manat artırılmasını uşaqların mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 01 iyun 2005-ci il tarixdə anadan olmuş X8 və 15 noyabr 2007-ci il tarixdə anadan olmuş X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Tovuz Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli 2(062)- 1320/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qət edilmiş alimentin artırılmış hissəsinin illik məcmusu 240 manat olduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01 iyun 2005-ci il tarixdə anadan olmuş X3 və 15 noyabr 2007-ci il tarixdə anadan olmuş X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli 2(062)-1320/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-656/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-656/2023
27.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver