Məhkəmə qərarları › İş №2(062)-717/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-717/2025

11.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-717/2025 11.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin ödənilməsi qaydasının dəyişdirilməsi tələbinə» dair mülki işə Tovuz şəhərində 11 mart 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Tovuz rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli qətnaməsinə əsasən, Cavabdeh tutulan alimentin ödənilməsi qaydasının dəyişdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, onun nümayəndəsi,X1 məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, onların iştirakı olmadan işə baxıb iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, birgə nikahlarından 17 aprel 2024-cü ildə Yağmur adlı uşaqları olmuşdur. Tovuz rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşağın saxlanılması üçün hər ay cavabdehdən sabit pul məbləğində 180 manat aliment tutulması qət edilmişdir. Hazırda həmin məbləğ uşağın ehtiyaclarını ödəmir. Ona görə də iddiaçı aliment alınması qaydasını dəyişdirmək istəyir. Odur ki, birgə nikahlarından 17 aprel 2024-cü ildə anadan olmuş Yağmur adlı uşağın saxlanılması üçün cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment, 3 yaşınadək əlavə olaraq tutulmuş 20 manat müalicə xərcinin də artırılaraq hər ay 100 manat müəyyən edilməsi, eyni zamanda 55 manat mediasiya xərcinin, 300 manat vəkil xərcinin tutulmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş doğum haqqında arayışdan məlum olur ki, tərəflərin birgə nikahlarından 17 aprel 2024-cü ildə Yağmur adlı uşaqları anadan olmuşdur. İşə əlavə olunmuş Tovuz rayon Məhkəməsinin 01 noyabr 2024-cü il traixli qətnaməsinin surətindən görünür ki, 17 aprel 2024-cü ildə anadan olmuş Yağmur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 180 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikahlarından 17 aprel 2024-cü ildə Yağmur adlı uşaqları olmuşdur. Tovuz rayon Məhkəməsinin 01 noyabr 2024cü il tarixli qətnaməsi ilə 17 aprel 2024-cü ildə anadan olmuş Yağmur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 180 manat aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı uşağın böyüyüb saxlanması üçün 01 noyabr 2024-cü il tarixli qətnamənin dəyişdirilərək cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Konstitutusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» 12 noyabr 1989-cu il tarixli Konversiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər daşıyırlar. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq məbləğindən az olmayan maddi təminat hüququ vardır və həmin Qanunun 19cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə uşaqların diqqətəlayiq mənafeyini nəzərə alaraq hesab edir ki, alimentin ödənilməsi qaydası dəyişdirilməli, qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment alınıb 17 aprel 2024-cü ildə anadan olmuş Yağmur adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həm uşağın mənafeyini, həm də tərəflərin əmlak vəziyyətini nəzərə alır. İddia tələbində olan 3 yaşınadək əlavə olaraq tutulmuş 20 manat müalicə xərcinin də artırılaraq hər ay 100 manat müəyyən edilməsi, eyni zamanda 55 manat mediasiya xərcinin, 300 manat vəkil xərcinin tutulması hissəsində iddiaçı heç bir sübut təqdim etməmiş, ona görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Tovuz rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli 2(062)-928/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilmə qaydası dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq tərəflərin birgə nikahlarından 17 aprel 2024-cü ildə anadan olmuş Yağmur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında məbləğində aliment alınaraq İddiaçı verilsin. İddianın alimentin məbləğinə aid qalan hissəsi təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar