Məhkəmə qərarları › İş №2(062)-720/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-720/2023

29.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-720/2023 29.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən avtomobilə vurulmuş ziyana görə 1520 manat məbləğdə pulun və dövlət rüsumu olaraq ödənilmiş 35 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 yanvar 2023-cü il tarixdə özünə məxsus olan “Toyota Prado” minik markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman cavabdeh yol hərəkəti qaydalarını pozaraq onun yoluma çıxmış, nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh həmin vaxt **-NT-*** dövlət qeydiyyat nişanlı “Vaz 21070” minik markalı avtomobili idarə edərək hadisəni törətmişdir. Belə ki, Cavabdeh o, Tovuz şəhəri, Şəhriyar küçəsi ilə X2 küçəsinin kəsişməsindən yolun tam halda boş olmasını gördükdən sonra sağa dönmə siqnalını yandırıb sağa Tovuz rayonu Əlibəyli kəndi istiqamətində hərəkət edərkən yolun sağ kənarında dayanmış VAZ 21070 minik markalı **- NT-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətə gətirərək ona məxsus avtomobili vurmuşdur. Hadisəni törətdikdən sonra qanunun tələbinə uyğun olaraq polis çağırmışlar. Bundan sonra cavabdehin barəsində inzibati xəta törətməsi haqqında protokol tərtib olunaraq cərimə olunmuşdur. Polis şöbəsində olarkən cavabdehdən avtomobilinə dəyən zərərin ödənilməsini tələb etsə də, o israrla heç bir razılığa gəlməyəcəyini bildirmişdir. Cavabdehin təqsiri ucbatından avtomobilinə 1520 manat ziyan dəymişdir. Dəfələrlə cavabdehdən avtomobilinə vurduğu ziyanı ödəməsini tələb etsəm də mənə heç bir məhəl qoymur. O isə öz növbəsində məcburiyyət qarşısında qalaraq ondan zərərini məhkəmə qaydasında tələb etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verib iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, yol nəqliyyat hadisəsi törətmiş qarşı tərəfin sığortası olmadığı üçün onun avtomobilə dəymiş ziyan sığorta tərəfindən qarşılanmamışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, İİ qrup əlil olmaqla ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğuldur. xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Vaz 21070” minik markalı ** NT *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini Şəhriyar küçəsi ilə X2 küçəsinin kəsişməsində üzü H.Aslanov küçəsi istiqamətində yolun sağ kənarında saxlamışdır. Avtomobili hərəkətə gətirib X2 küçəsi ilə Şəhriyar küçəsinin kəsişməsində geriyə manevr edib yenidən yol ayrıcısında saxlayıb Şəhriyar küçəsində üzü Əlibəyli kənd istiqamətində hərəkətdə olan avtomobillərin getməsini gözləyən vaxtı arxadan İlham Qasımov küçəsindən sürətlə gələn “Toyota Prado” minik markalı 99 V0 401 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tovuz-Əlibəyli yoluna çıxıb sağa manevr edərək idarə etdiyi avtomobilin qabağ sol tərəfindən vurub yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində təqsirli bilinsə də, həmin qərar ilə razı deyildir. Qərarı mübahisələndirməmişdir və belə bir fikri də yoxdur. Buna baxmayaraq özünü təqsirli bilmir. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, Cavabdeh həmin tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 322.0.2, 327.2 və 469.3-cü maddələrinə müvafiq olaraq 60 manat məbləğdə cərimə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, yol nəqliyyat hadisəsi zamanı “Toyota Prado” minik markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1520 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, iddia tələbinin dəlillərinə görə tərəflər yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir. İlk növbədə məhkəmə göstərir ki, mülki dövriyyənin normal inkişafı və və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirmələrindən ibarətdir. Müəyyən hallarda mülki hüquq subyektləri müqavilə və ya digər öhdəlikləri yerinə yetirmirlər, ya da lazımınca yerinə yetirmirlər. Bununla da onlar mülki hüquq pozuntuları törətmiş olurlar. Bu cür pozuntuların qarşısının alınması üçün isə mülki qanunvericilik mülki hüquq məsuliyyəti müəyyən edir. Hansı ki, mülki hüquq məsuliyyəti törədilmiş hüquq pozuntusuna görə tətbiq edilən mülki hüquq sanksiyası rolunda çıxış edir. Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurmaq nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırda da, iddiaçının əmlakın zərər dəyməklə cavabdehin onun qarşısında “delikt – müqavilədənkənar” məsuliyyəti yaranmışdır. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “Vaz 21070” minik markalı ** NT *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə “X1” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq yol nəqliyyat hadisəsi törətmiş və iddiaçıya məxsus “Toyota Prado” minik markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Nəticədə iddiaçının idarə etdiyi avtomobilə ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Cavabdeh əməlində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tərkibi olduğundan müvafiq qərarla həmin maddənin tələbləri əsasında barəsində inzibati tənbehin görülməsi qərara alınmışdır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. İddiaçı tərəfindən dəymiş maddi ziyanın hansı məbləğdə olması barədə "xxxx" MMC tərəfindən verilmiş arayış təqdim edilmişdir. Həmin arayış üzrə müəyyən edilir ki, yol nəqliyyat hadisəsi zamanı “Toyota Prado” minik markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1520 manat təşkil edir. Həmin arayış məhkəmə tərəfindən sübut kimi qəbul edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə sadalanan yuxarıda maddi hüquq normalarının tələblərini işin faktik halları baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbinin təmin edilməsi qanunamüvafiq olar. Belə ki, iş materialları ilə cavabdehin ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətməsi tam sübuta yetirilmişdir. Həmçinin onun təqsirli hərəkəti ucbatından iddiaçıya məxsus avotmobilə dəymiş ziyan təqdim olunan arayış ilə təsdiqin tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 1520 manat məbləğdə pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 35 manat pulun əvəzinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh avtomobilə vurulmuş ziyana görə 1520 (bir min beş yüz iyirmi) manat məbləğdə pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 35 (otuz beş) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar