Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-767/2023 11.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Musatfayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından 25 iyun 2015-ci il tarixdə anadan olmuş Turxan və 28 dekabr 2016-cı il tarixdə anadan olmuş Nuray adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün X1 pul məbləöində hər ay bir uşaq üçün 220 manat, cəmi 440 manat məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X5 ilə rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuşlar. Birgə nikahlarından 25 iyun 2015-ci il tarixdə Turxan və 28 dekabr 2016-cı il tarixdə Nuray adlı uşaqları anadan olmuşdur. Tovuz Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli qətnaməsinə əsasən birgə nikahlarından anadan olmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində bir uşaq üçün 140 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Alimentin miqdarı onu qane etmir. Uşaqların saxlanılması üçün verilən alimentin miqdarı ilə uyğun gəlmir. Uşaqlar böyüdükcə həmin aliment uşaqların təhsili və digər xərcləri üçün kifayət etmir. Cavabdeh uşaqların saxlanılması üçün heç bir əlavə maddi yardım göstərmir. İddiaçı məhkəmə iclasında iştirak etdi və iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o rəsmi olaraq satıcı işləməklə 172 manat məbləğində əmək haqqı alır. Eyni zamanda onun 206 manat da digər aliment öhdəliyi vardır. Odur ki, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(062)-842/2019 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh X2 hər ay bir uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin alınıb tərəflərin birgə yaşayışlarından 25 iyun 2015-ci il tarixdə anadan olmuş Turxan və 28 dekabr 2016-cı il tarixdə anadan olmuş Nuray adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər faktiki nikahda olmaları, bu faktiki nikahlarından iki övladlarının olması, uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda alimentin tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. İddiaçı 220 manat məbləğində aliment tələb etsə də, məhkəmə həmin tələbi əsaslı hesab etmir. Belə ki, işin hallarından göründüyü kimi iddiaçının hər ay 206 manat olmaqla digər aliment öhdəlikləri vardır ki, iddia da göstərilən qaydada tələbin təmin edilməsi iddiaçının başqa nikahdan doğulmuş uşaqlarının maraqlarını pozmuş olar. Buna baxmayaraq məhkəmə hesab edir ki, 2019-cu ildə müəyyən edilmiş alimentin midarı bir uşaq üçün 40 manat məbləğində artırılmaqla, hər uşaq üçün 180 manat müəyyən edilməlidir. Məhkəmə cavabdehin məhkəməyə təqdim etdiyi əmək müqaviləsi bildirişinə də hüquqi qiymət verərək onu qeyd edir ki, göründüyü kimi həmin müqavilə 22 fevral 2023-cü ildə bağlanılmışdır. Yəni, cavabdeh məhkəmə iclası barədə məlumatlı olduqdan sonra aliment ödənişinə təsir etmək məqsədilə belə bir müqavilə bağlamışdır.Cavabdeh satıcı işləmədən də o ona təyin edilmiş alimentləri ödəmişdir. Bu da onu deməyə əsas verir ki, o aliment ödəmək üçün kifayət qədər vəsaitə malikdir. Eyni zamanda əmək müqaviləsi bildirişindən o da görünür ki, cavabdeh öz atasının işçisidir.Yəni, o əmək müqaviləsini atası ilə bağlamışdır. Ona görə də onun müqavilədə göstərdiyi əmək haqqı da real deyildir. Çünki Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat müəyyən edilmişdir. Məhkəmə uşaqlardan birinin internat tipli gimnaziyada oxuyaraq, orada gecələməsi ilə bağlı onu qeyd edir ki, iş materiallarından onun ana himayəsindən məhrum edilməsinə dəlalət edən hər hansı halar aşkar edilməmişdir. Belə bir hal olarsa cavabdehin həmin uşağa münasibətdə aliment öhdəliyindən azad edilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etməsi istisna edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 25 iyun 2015-ci il tarixdə anadan olmuş Turxan və 28 dekabr 2016-cı il tarixdə anadan olmuş Nuray adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(062)- 842/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh X2 İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qət edilmiş alimentin artırılmış hissəsinin illik məcmusu 960 manat olduğundan 30 manat məbləğində dövlət rüsumu X2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 25 iyun 2015-ci il tarixdə anadan olmuş Turxan və 28 dekabr 2016-cı il tarixdə anadan olmuş Nuray adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(062)-842/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh X2 İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutulsun. 30 manat məbləğində dövlət rüsumu X2 alınaraq dövlət büdcəsinə ödənilsin. İddianın alimentə dair qalan hissəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-767/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-767/2023
11.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver