Məhkəmə qərarları › İş №2(062)-794/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-794/2023

01.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-794/2023 01.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X9 və cavabdeh Tovuz rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Tovuz Rayon İcra Hakimiyyətinə qarşı «qəyyum təyin edilmə» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Tovuz Rayon İcra Hakimiyyətinə qarşı «qəyyum təyin edilmə» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli, 7-12/05 saylı imtina məktubunun qanunsuz hesab edilməsi, onun xx.xx.1964-cü il təvəllüdlü X6 və xx.xx.1964-cü il təvəllüdlü X2 üzərində qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, (qızlıq soyadı:Salmanova) X6 və X2 doğma bacısıdır. xx.xx.1964-cü il tarixdə əkiz doğulmuş Kifayət və Mətanət adlı həmin bacıları anadangəlmə əqli qüsurlu habelə lal və kar olmaqla doğulmuşlar və hazırda 1-ci qrup əlildirlər. Kifayət və Mətanət adlı bacıları valideyinlərinin sağlığında onların qayğısı və himayəsində doğma ata yurdları Tovuz rayonu Əlimərdanlı kəndində yaşamışlar, daha sonra onlar digər bacısı X1 rəsmi olaraq qəyyumluğuna verilmişlər, lakin sonuncunun vəfatından sonra (xx.xx.2022), faktiki olaraq onun himayəsində yaşamışlar və onların qayğısına özü qalmışdır. Hər zaman xəstə olan bacılarına hər cür qayğı və diqqət göstərmiş, müalicəsi ilə məşğul olmuş və onların üzərində rəsmi olaraq "qulluqçu" kimi qeydiyyata alınmışdır. Lakin, qeyd etdiyi kimi, əvvəllər xəstə bacılarının üzərində qəyyum olaraq onlaın hüquq və vəzifələrini digər bacısı Firəngiz Salmanova həyata keçirirmiş, lakin onun vəfatından sonra hazırda əqli qüsurlu olan Kifayət və Mətanət adlı bacılarının hüquqlarını təmisil edən rəsmi şəxs yoxdur. Bacıları 1-ci qrup əlildir və əqli qüsurludur. X14 müalicə almış və orada qeydiyyata alınmış şəxslərdir və bacıları faktiki olaraq öz hərəkətləri üzərində şüurlu mühakimə yürütmək qabiliyyətinə malik deyillər. Ona görə hazırda onların adından hüquq və vəzifələrini icra etmək üçün qəyyuma ehtiyacları vardır. Bacıları Kifayət və Mətanətə faktiki qulluq göstərən şəxs olaraq, habelə onların doğma bacısı olaraq bu öhdəliyi üzərinə götürmək məqsədilə, onların üzərində rəsmi olaraq qəyyum təyin olunmağı üçün Tovuz rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin, Tovuz RİHB-nın aparatı tərəfindən ona ünvanlanmış 7-12/05-saylı, xx.xx.2023-cü il tarixli məktuba əsasən, onun bacılarının üzərində qəyyum təyin olunmasından imtina olunmuşdur. İş üzrə cavabdeh tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubu qanunsuz və əsassızdır. Belə ki, məktubun məzmununda imtinanın əsası kimi Mülki Məcəllənin 28.8 və 34.2-ci maddələrinə istinad edilmiş və göstərilmişdir ki, şəxsin üzərində qəyyum təyin olunması üçün ilk öncə şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmalı və bundan sonra 3 gün müddətində fiziki şəxsin üzərində qəyyum təyin olunması üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqaına məlumat verilməlidir. Halbuki, bacıları Kifayət Salmanova və Mətanət Salmanovanın barəsində onların fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Bu barədə Tovuz Rayon Məhkəməsi tərəfindən xx.xx.2015-ci il tarixdə, 2(62)-3346/2015 saylı qətnamə qəbul edilmişdir. Həmin qətnamə qəbul edildikdən sonra, mərhum bacısı Firəngiz Salamanova xəstə bacılarının üzərində Tovuz rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli sərəncamı ilə qəyyum təyin edilmişdir. Bu fakt onun göstəricisidir ki, cavabdehin bacılarının fəaliyyət qabiliyyətsiz olmasına dair məhkəmə aktının olmasından məlmuatı öncədən vardır. Həmçinin, əvvəlki qəyyum (məhum Firəngiz Salmanova ) artıq vəfat etdiyindən, əvvəlki qəyyumluğa xitam verilməli və yeni qəyyum təyinatına zərurət vardır. Belə olan halda, cavabdeh hər bir halda qəyyum təyin edilməsi ilə bağlı qərar qəbul etməli idi. Lakin nədənsə, cavabdeh bunu etmək istəmir. Bu səbəbdən, məhkəmə qaydasında qəyyum təyin edilməsi ilə bağlı qərar qəbul olunması vacibdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X15 iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Tovuz rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X11 iddia tələbi ilə bağlı göstərdi ki, qəyyum təyin edilmədən ona görə imtina edilmişdir ki, iddiaçının digər bacısı ilə aralarında hazırki tələb üzrə mübahisə vardır. Ona görə də onun ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Odur ki, iş üzrə qanuni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında onu nümayəndəsi kimi vəkili təmsil etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(062)-3346 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, xx.xx.1964-cü il təvəllüdlü X6 və xx.xx.1964-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişlər. Tovuz Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 38 nömrəli sərəncamdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X6 və xx.xx.1964-cü il təvəllüdlü X7 bacıları X3 qəyyumluğa verilmişdir. Ölüm haqqında AZ İİ 233707 saylı şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, İddiaçı 1-ci dərəcə əlilliyi olan X7 və X4 qulluğa görə 80 manat Prezident təqaüdü alır. Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 7-12/05 saylı məktubdan görünür ki, onun bacıları xx.xx.1964-cü il təvəllüdlü X6 və xx.xx.1964-cü il təvəllüdlü X2 qəyyumluğuna verilməsi barədə ərizəsinin icrasından imtina edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, tərəflər arasında yaranmış mübahisə fəaliyyət qabiliyyəti olmayan şəxslər üzərində qəyyum təyin edilməsi üzrə yaranmış mübahisədir və mübahisəyə aşağıdakı normalar əsasında hüquqi qiymət verilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Şəxsin əfəaliyyət qabiliyyəti olmayan hesab olunmasının prosessual əsaslarını müəyyən edən Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.3-cü maddəsində göstərilmişdir ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurəti ona məlum olduğu andan üç ay ərzındə təyin edir. Göründüyü kimi, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin üzərində qəyyum təyin olunması, məhkəmələrə aid olmayıb, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanının səlahiyyətlərinə aiddir. Qəyyum təyin edilmənin proseduru adıçəkilən orqan tərəfindən həyata keçirilir və bu zaman məhkəmə tərəfindən qəyyum təyin etmə ilə bağlı hər hansı maddi hüquq norması yoxdur. Hazırda işin faktik hallarında isə görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X6 və xx.xx.1964-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qanuni qüvvəyə minmiş Tovuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(062)-3346 saylı qətnaməsi mövcuddur. Həmin şəxslərə qətnamə əsasında mərhum bacıları X5 təyin edilmişdir. Onun vəfatından sonra isə qəyyum təyin olunma ilə bağlı İddiaçı tərəfindən qəyyumluq və himayə orqanına müraciət edilsə də, onun ərizəsinin icrasından imtina edilmişdir. Yəni iddiaçının məhkəmə müdafiəsi hüququndan başqa alternativ yolu qalmamışdır. Ona görə də iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ, eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə, başqa şəxslərin hüquq və azadlıqlarını pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Bu səbəbdən də, məhkəmə, ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış etməməli, öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərini tənzimləyən konkret hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas kimi çıxış edə bilməz. Çünki, belə bir imtina ədalət mühakiməsindən imtina kimi hesab olunaraq, hüququn real tənzimləmə qabiliyyətini heçə endirə bilər. Məhkəmə hesab edir ki, cavabdehin İddiaçı ərizəsinin icrasından imtinası qanunsuz olmuşdur. Çünki xx.xx.1964-cü il təvəllüdlü X6 və xx.xx.1964-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxslərdir. Bu barədə məhkəmə qətnaməsi vardır. Onlar qəyyum təyin edilmiş bacıları vəfat etmişdir və hazırda adıçəkilən şəxslərin qulluğu iddiaçı tərəfindən təmin edilir. Hətta iddiaçı fəaliyyət qabiliyyəti olmayan bacılarına qulluğa görə 80 manat Prezident təqaüdü alır. Bütün bunlar İddiaçı fəaliyyət qabiliyyəti olmayan bacılarına qəyyum təyin edilməsinə əsas verir. Odur ki, məhkəmə iddia tələbinin qəyyyum təyin edilmə ilə bağlı hissəsini qanuni hesab edir və göstərir ki, iddia bu hissədə təmin edilməlidir. Qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır (Mülki Məcəllənin 35.3-cü maddəsi). İddia tələbinin cavabdehin xx.xx.2023-cü il tarixli, 7-12/05 saylı imtina məktubunun qanunsuz hesab edilməsi hissəsi ilə bağlı məhkəmə göstərir ki, həmin hissədə iddia təmin oluna bilməz. Çünki göstərilən tələb özlüyündə müstəqil iddia predmeti kimi çıxış edə bilmir. Tələbin əsas məğzi iddiaçının qəyyum təyin edilməsidir ki, bu hissə üzrə də məhkəmə hüquqi dəyərləndirmə apararaq tələbin əsaslı olması nəticəsinə gəlmişdir. Ona görə də imtina məktubunun iddiaçı üçün hər hansı hüquqi əhəmiyyəti qalmamışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı bacıları xx.xx.1964-cü il təvəllüdlü X6 və xx.xx.1964-cü il təvəllüdlü X2 üzərində qəyyum təyin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı bacıları xx.xx.1964-cü il təvəllüdlü X6 və xx.xx.1964-cü il təvəllüdlü X2 üzərində qəyyum təyin edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar