Məhkəmə qərarları › İş №2(062)-82/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-82/2023

12.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-82/2023 12.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 və Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X1 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə 12 iyun 2023-cü il tarixində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurduğu maddi ziyana görə 10562,09 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş icraatda olan zaman İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurduğu maddi ziyana görə 10868,74 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, İddiaçı ASC “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmış və tərkibinə daxil olan strukturlar vasitəsilə istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin edir. Bununla bərabər hazırda cəmiyyətin qarşısında əsas vəzifələrdən biri də “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli 586 saylı Fərmanın tələblərindən irəli gələn vəzifələrin, o cümlədən cəmiyyətin sərəncamında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanması və dövlət əmlakından sui istifadə hallarının qarşısının alınması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu vəzifələrin icrası ilə bağlı Bakı şəhərində və respublikanın regionlarında əhəmiyyətli işlər görülmüş, cəmiyyətin sərəncamında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanması, hər hansı bir müdaxiləyə qarşı dərhal mövcud qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməsi təmin edilmişdir. Tovuz rayonu Qovlar şəhər xəstəxanasını istilik enerjisi ilə təchiz edən İddiaçı ASC, X5 İstismar sahəsinin balansında olan 60/13 saylı qazanxananın qaz avadanlıqları (qaz sayğacı, qaz tənzimləyici qutu, qaz xətti) xx.xx.2018-ci il tarixində yararsız hala salınmışdır. Ümumilikdə qazanxananın qaz avadanlıqlarının (qaz sayğacı G40-7343,14 manat, qaz tənzimləyici qutu – 1800 manat, qaz sayğacının dövlət yoxlamasından keçirilməsi 1195,60 manat, təmir-bərpa işlərinə xərc-500 manat). Dövlət əmlakının qorunub saxlanılması və eyni zamanda da yararsız hala salınmış avadanlıqların bərpa olunması məqsədilə X5 İstismar sahəsinin rəhbərliyi tərəfindən araşdırma zamanı X5 İstismar sahəsinin balansında olan 60/13 saylı qazanxananın qaz avadanlıqlarının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən nəqliyyat vasitəsi ilə yararsız hala salınması müəyyən olunmuşdur. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurduğu maddi ziyana görə 10868,74 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 təmsil etmişdir. Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X2 iştirak etdi və iddianı qəbul etmədi, izahatında bildirdi ki, iddiaçı vurulmuş ziyanın məbləğini həddindən artıq çox tələb etmişdir. Ekspertizanın qərarı ilə razılaşır. Lakin iddiaçının tələb etdiyti G-40 qaz sayğacı istifadəyə yararlı olmuş, əsassız yerə həmin sayğac dəyişdirilərək dəyər cavabdehdən tələb edilmişdir. Həmin sayğac cüzi vəsait xərcləməklə bərpa edilə bilər. Ona görə də həmin sayğacın işlək vəziyyətdə olub-olmaması, işlək vəziyyətdə deyilsə bərpa edilməsi üçün nə qədər vəsaitin tələb olunmasının müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Həmin rəydə də qiymət şişirdilmişdir. Ona görə də iddianın qismən təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclası barədə məlumat verilmiş, lakin Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və Cavabdeh1 nümayəndəsinin izahatını dinləyib, mülki işə əlavə olunmuş sənəd və şəkilləri tədqiq edərək, belə qərara gəlir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş 25 noyabr 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, X3 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Cavabdeh1 barəsində AR İXM-nin 332.4-cü maddəsi və Cavabdeh2 barəsində AR İXM-nin 335.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərar Tovuz RPŞ-in DYPB-nə göndərilmişdir. İşə əlavə olunmuş İnzibati Tənbeh vermə haqqında TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh1 AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə edilmişdir. İşə əlavə olunmuş 28 fevral 2020-ci il tarixli, 1687 saylı ekspert rəyindən görünür ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi ilə bağlanmış xx.xx.2018-ci il tarixli 1481-SQ müqavilənin “Qiymət-Razılaşma Protokolu”na əsasən, İddiaçı ASC-yə vurulmuş ziyanın miqdarı təxminən 1013,00 manat müəyyən edilir. İşə əlavə olunmuş 11 noyabr 2022-ci il tarixli 9/5794 saylı ekspert rəyindən görünür ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi ilə bağlanmış xx.xx.2018-ci il tarixli 1481-SQ müqavilənin “Qiymət-Razılaşma Protokolu”na əsasən, İddiaçı ASC-yə vurulmuş ziyanın miqdarı təxminən 1013,00 manat müəyyən edilməklə həmin iş üzrə verilmiş 28 fevral 2020-ci il tarixli, 1687 saylı məhkəmə -əmtəəşünaslıq ekspertizasının rəyinin nəticəsi təsdiq olunur. İşə əlavə olunmuş 05 may 2023-cü il tarixli 9/556 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi ilə bağlanmış xx.xx.2018-ci il tarixli 1481-SQ müqavilənin “Qiymət-Razılaşma Protokolu”na əsasən, İddiaçı ASC-yə vurulmuş ziyanın miqdarı təxminən 1013,00 manat müəyyən edilir. Həmçinin iş materiallarında olan İddiaçı ASC-nin 15 noyabr 2018-ci il tarixli aktına əsasən G-40 rotor tipli qaz sayğacının 2018-ci il tarixə orta bazar qiyməti təxminən 6500 manat müəyyən olunur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tovuz rayonu Qovlar şəhər xəstəxanasını istilik enerjisi ilə təchiz edən İddiaçı ASC, X5 İstismar sahəsinin balansında olan 60/13 saylı qazanxananın qaz avadanlıqlarına (qaz sayğacı, qaz tənzimləyici qutu, qaz xətti) xx.xx.2018-ci il tarixində ziyan dəymişdir. 05 may 2023-cü il tarixli 9/556 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi ilə bağlanmış xx.xx.2018-ci il tarixli 1481-SQ müqavilənin “Qiymət-Razılaşma Protokolu”na əsasən, İddiaçı ASC-yə vurulmuş ziyanın miqdarı təxminən 1013,00 manat müəyyən edilir. Həmçinin iş materiallarında olan İddiaçı ASC-nin 15 noyabr 2018-ci il tarixli aktına əsasən G-40 rotor tipli qaz sayğacının 2018-ci il tarixə orta bazar qiyməti təxminən 6500 manat müəyyən olunur. Cavabdehin nümayəndəsi isə iddianı qəbul etmir, tələb olunan məbləğin görülən işə görə 5-6 dəfə çox olmasını bildirmişdir. Məhkəmə ekspertin rəyinə qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İddianın 7513 manat hissəsi təmin edilməli, qalan hissəsi isə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Məhkəmə ekspert rəyinə qiymət verib rəyi əsaslı hesab edərək sübut növü kimi qəbul edir və rəydə göstərilən məbləğin təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcələnin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Məhkəmə hesab edir ki, hadisə Cavabdeh1 hüquqa zidd hərəkətləri nəticəsində törədildiyindən Cavabdeh2 hadisədə mülki məsuliyyəti sübut olunmur. Ona görə də iddia ona münasibətdə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatına və işdə olan sənədlərə qiymət verərək hesab edir ki, vurulmuş ziyanla bağlı Cavabdeh1 7513 manat alınıb İddiaçı ASCyə verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Ekspertiza iddiaçının ərizəsi ilə təyin edildiyindən həmin xərc iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 110 manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 7513 manat alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. İddiaçı ASC-nin və Cavabdeh1 hər birindən 55 manat ekpertiza xərci alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar