Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-820/2023 25.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Həmid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün qət edilən alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində, 200 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2007-ci il tarixdə el adəti ilə evlənib ailə qurmuşdur. Nikahlarını rəsmiləşdirərək ər-arvad olaraq birgə yaşamışlar. Birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Tovuz Rayon Məhkəməsinin 2(062)-2528/2019 saylı 28 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh hər ay 115 manat məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Lakin qət edilən məbləğ uşağın saxlanılması üçün kifayət deyil, uşağın saxlanılmasında çətinlik çəkir. Ona görə də, qət edilmiş alimentin miqdarının artırılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, o heç bir yerdə işləmir. Uşağın tərbiyəsi ilə məşğuldur. Uşağın 15 yaşı vardır. Gündəlik təlabatları həddindən artıq çoxdur. 115 manat alimentlə uşağının minimum dolanacaq xərcini təmin edə bilmir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, heç bir yerdə işləmir. İddiaçı ilə ayrıldıqdan sonra X3 ilə evlənmişdir.Onunla olan nikahdan da iki uşağı vardır. Alimentin məbləği artırılarsa ikinci nikahdan olan uşaqlarının dolanacağına təsir edəcəkdi. Odur ki, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 izahatında göstərdi ki, o hazırda Cavabdeh arvadıdır. Onunla birgə nikahından X4 və X6 adlı və soyadlı uşaqları doğulmuşdur. Alimentin məbləğinin artırılması o uşaqların maraqlarına ziddir. Odur ki, məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 2(062)- 2528/2019 saylı 28 dekabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-857/2015 saylı, 18 mart 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilmiş, 23 oktyabr 2019-cu il tarixdən başlayaraq Həmid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 115 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh ikinci nikahdan iki nəfər uşaqları doğulmuşdur. İş materiallarında olan və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh 2-ci qrup əlil olmaqla 321 manat 27 qəpik məbləğində pensiya alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər faktiki nikahda olmaları, bu faktiki nikahlarından bir övladlarının olması, uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda alimentin tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 115 manat məbləğində aliment 2019-cu ildə müəyyən edilmişdir. Cavabdeh digər nikahdan uşaqları isə 2011 və 2013-cü illərdə doğulmuşdur. Bu da onu deməyə əsas verir ki, alimentin məbləği 115 manat müəyyən edilərkən həmin hallar 2019-cu ildə də məhkəmədə aşkar olmuşdur. Beləliklə məhkəmə alimentin məbləğinin 115 manatdan 150 manatadək artırılmasını uşağın mənafeyinə uyğun hesab edir. Məhkəmə iddia tələbinin göstərilən həddə təmin edilməsini cavabdehin digər nikahdan olan uşaqlarının mənafeyinə uyğun hesab etmir. Belə ki, iddianın hər ay bir uşaq üçün 200 manat məbləğində müəyyən edilməsi digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin 2(062)- 2528/2019 saylı 28 dekabr 2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq 150 manat məbləğində müəyyən edilməli, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 150 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Alimentin artırılmış hissəsinin illik məcmusu 1230 manat olduğundan, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən 32 manat 30 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin 2(062)-2528/2019 saylı 28 dekabr 2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq 150 manat məbləğində müəyyən edilsin. Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 150 manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. 32 manat 30 qəpik dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-820/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-820/2023
25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver