Məhkəmə qərarları › İş №2(062)-83/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-83/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-83/2023 28.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun və kredit üzrə yığılmış faizlərin tutulması tələbinə dair mülki işə Tovuz şəhərində 28 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, kredit borcunun və kredit üzrə yığılmış faizlərin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkalətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram göndərərək iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 07 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 22% ödənilmək şərtilə 5000 (beş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər borclu Cavabdeh2 07 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlamışdır. Zaminlik müqaviləsinin 2-ci maddəsinə müvafiq olaraq zamin borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyır. Amma borclu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. Hazırda cavabdehin iddiaçı təşkilata kreditin əsas məbləği 4903,84 manat, əsas məbləğə hesablanmış faiz borcu 6810,33 manat məbləğində borcu mövcuddur. Ona görə də Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kreditin əsas məbləği 4903,84 manat, əsas məbləğə hesablanmış faiz borcu 6810,33 manat məbləğində borcunun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun, 12 manat notariat xərcinin tutularaq Ləğvetmə prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat 28 sentyabr 2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlərdən kreditin əsas məbləği 4903,84 manat, əsas məbləğə hesablanmış faiz borcu 3426,22 manat, cərimə borcu üzrə 10207,16 manat, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1175,72 manat faiz borcun və iş üzrə ödənilmiş 41 manat dövlət rüsumunun tutularaq Ləğvetmə prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizənin özündən asılı olmayan səbəbdən hazırda təqdim etməsini əsaslandırmamışdır. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddianın dəqiqləşdirilməsi barədə ərizənin mahiyyəti üzrə baxılaraq müzakirə edilməsini məqsədə müvafiq hesab etmir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, surəti işə əlavə olunmuş 07 noyabr 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" ASC tərəfindən 36 ay müddətinə, illik 22 faiz ödəmək şərtilə 5000 manat kredit verilmişdir. Surəti işə əlavə olunmuş 07 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh üzərinə Cavabdeh1 borcunun ödənilməsinə dair öhdəlik götürmüşdür. İşə əlavə olunmuş 31 may 2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə olan borcu kreditin əsas məbləği 4915,22 manat, əsas məbləğə hesablanmış faiz borcu 3123,90 manat, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1165,72 manat faiz borcu kimi müəyyən olunur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 07 noyabr 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və Cavabdeh1 "xxxx" ASC tərəfindən 36 ay müddətinə illik 22 faiz ödəmək şərtilə 5000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq digər borclu Cavabdeh2 ilə 07 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlamışdır. Zaminlik müqaviləsinin 2-ci maddəsinə müvafiq olaraq zamin borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyır. Borclu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin hesablanmasını mütəmadi olaraq gecikdirmiş və onun kreditin əsas məbləği 4903,84 manat, əsas məbləğə hesablanmış faiz borcu 3123,90 manat qalmışdır. 31 may 2023-cü il tarixli ekspertiza rəyinə əsasən, kreditin əsas məbləği 4915,22 manat, əsas məbləğə hesablanmış faiz borcu 3123,90 manat kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1165,32 manat faiz borcu müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq borcun əsas məbləğinin ərizədə göstərilən qaydada təmin olunmasını, faizə aid hissədə isə ekspertizanın rəyində göstərilən qaydada təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllnin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecirdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhtəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kreditin əsas məbləği 4903,84 manat, əsas məbləğə hesablanmış faiz borcu 3123,90 manat olmaqla, cəmi 8027,74 manat alınıb iddiaçı təşkilata verilməli və iddia tələbinin qalan hissəsi təmin olunmamalıdır. Bundan başqa Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olaraq 30 manat və 12 manat notariat xərci cavabdehdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Məhkəmənin təşəbbüsü ilə ekspertiza təyin olunduğundan Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 hər birindən 25 manat ekspertiza xərci alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kreditin əsas məbləği 4903,84 manat, əsas məbləğə hesablanmış faiz borcu 3123,90 manat olmaqla, cəmi 8027,74 manat borc və dövlət rüsumu hesabına ödənilmiş 30 manat, 12 manat notariat xərci alınaraq Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 hər birindən 25 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar