Məhkəmə qərarları › İş №2(062)-838/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-838/2023

18.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-838/2023 18.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, iddiaçı X1 və Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı X3 Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən avtomobilə vurulmuş ziyana görə 615 manat məbləğdə pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində saat 11:30 radələrində Cavabdeh özünə məxsus VAZ 21065 minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı maşınla Tovuz şəhəri H.Əliyev prospektində avtoqəza törətmişdir. Həmin avtoqəza zamanı polis əməkdaşları gələrək hadisə yerində inzibati xəta haqqında ******* saylı protokol tərtib etmişlər. Həmin protokolda cavabdehin VAZ 21065 minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı maşını idarə edərkən ara məsafəsi qaydalarını pozması, əksistiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozması, əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr qaydalarını pozması, qanunla mülki məsuliyyətli icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması qaydalarını pozması kimi hallarla müşayiət edilən inzibati xətalar törətməsi aşkar olduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2 və 469.3-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Yaranmış həmin avtonəqliyyat hadisəsi zamanı cavabdeh onun mülkiyyətində olan “Opel Astra J” minik markalı ** FE *** dövlət qeydiyyat nişanlı maşına 615 manat dəyərində ziyan vurulmuşdur. Cavabdehə aralarında olan vurulmuş ziyanın ödənilməsini tələb etdikdə isə o razılaşmamışdır. Dəfələrlə maşını könüllü olaraq düzəltməyi ona təklif etsə yenə razılaşma olmamışdır. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verib iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, yol-nəqliyyat hadisəsi zamanı onun da maşınına maddi ziyan dəymişdir. Belə ki, onun tərəfindən xəbərdaredici işıq siqnalı yandırılaraq ötmə əməliyyatı həyata keçirilən zaman cavabdehin idarə etdiyi avtomobil ilə onu yan hissədən vurmuşdur. Halbuki, cavabdeh onun ötmə əməliyyatında olduğunu görüb özü ötmə əməliyyatı etməməli idi. Məhz buna görə də yol nəqliyyat hadisəsi baş vermişdir. Ona yazılmış inzibati xəta haqqında qərar ilə də razı deyildir. Həmin qərar həqiqəti əks etdirmir. Bununla belə qərardan şikayət verməmişdir. Hesab edir ki, əslində iddiaçı onun maşınına vurduğu zərəri ödəməlidir. Nəinki, ondan pul tələb etməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, Cavabdeh həmin tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2 və 469.3-cü maddələrinə müvafiq olaraq 60 manat məbləğdə cərimə edilmişdir. “Avtoservis 444” tərəfindən verilmiş arayışdan görünür ki, yol nəqliyyat hadisəsi zamanı “Opel Astra J” minik markalı ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 615 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, iddia tələbinin dəlillərinə görə tərəflər yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir. İlk növbədə məhkəmə göstərir ki, mülki dövriyyənin normal inkişafı və və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirmələrindən ibarətdir. Müəyyən hallarda mülki hüquq subyektləri müqavilə və ya digər öhdəlikləri yerinə yetirmirlər, ya da lazımınca yerinə yetirmirlər. Bununla da onlar mülki hüquq pozuntuları törətmiş olurlar. Bu cür pozuntuların qarşısının alınması üçün isə mülki qanunvericilik mülki hüquq məsuliyyəti müəyyən edir. Hansı ki, mülki hüquq məsuliyyəti törədilmiş hüquq pozuntusuna görə tətbiq edilən mülki hüquq sanksiyası rolunda çıxış edir. Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurmaq nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırda da, iddiaçının əmlakın zərər dəyməklə cavabdehin onun qarşısında “delikt – müqavilədənkənar” məsuliyyəti yaranmışdır. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi VAZ 21065 minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə “X4” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq yol nəqliyyat hadisəsi törətmiş və iddiaçıya məxsus “Opel Astra J” minik markalı ** FE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Nəticədə iddiaçının idarə etdiyi avtomobilə ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Cavabdeh əməlində İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2 və 469.3-cü maddələrinin tərkibi olduğundan müvafiq qərarla həmin maddənin tələbləri əsasında barəsində inzibati tənbehin görülməsi qərara alınmışdır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. İddiaçı tərəfindən dəymiş maddi ziyanın hansı məbləğdə olması barədə “Avtoservis 444” tərəfindən verilmiş arayış təqdim edilmişdir. Həmin arayış üzrə müəyyən edilir ki, yol nəqliyyat hadisəsi zamanı “Opel Astra J” minik markalı ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 615 manat təşkil edir. Həmin arayış məhkəmə tərəfindən sübut kimi qəbul edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə sadalanan yuxarıda maddi hüquq normalarının tələblərini işin faktik halları baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbinin təmin edilməsi qanunamüvafiq olar. Belə ki, iş materialları ilə cavabdehin ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətməsi tam sübuta yetirilmişdir. Həmçinin onun təqsirli hərəkəti ucbatından iddiaçıya məxsus avotmobilə dəymiş ziyan təqdim olunan arayış ilə təsdiqin tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 615 manat məbləğdə pul alınaraq iddiaçı X2 verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun əvəzinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh avtomobilə vurulmuş ziyana görə 615 (altı yüz on beş) manat məbləğdə pul alınaraq iddiaçı X2 verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pulun əvəzi Cavabdeh alınaraq iddiaçı X2 verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar