Məhkəmə qərarları › İş №2(062)-840/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-840/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-840/2023 17.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, cavabdeh Borclu iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Borclu qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Kreditor "xxxx" MMC-nin nümayəndəsi cavabdeh Borclu qarşı «pul» tələbinə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək borcludan 445,23 manat abunə və xidmət haqqının, habelə 20 manat məbləğdə dövlət rüsumunun əvəzinin tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmiş, lakin borclu məhkəmə əmrinə etiraz etdiyi üçün məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş və materiallar iddia icraatına keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəmiyyət ilə cavabdeh Borclu arasında bağlanmış xx.xx.2017-ci il tarixli abunə müqaviləsinə əsasən sonuncu 50 753 73 00 nömrəli mobil telefon ilə rabitə xidmətlərindən istifadə etmiş, nəticədə onun 445,23 manat abunə və xidmət haqqı borcu yaranmışdır. Cavabdehin öz borcunu ödəməsinin son tarixi xx.xx.2018-ci il müəyyən olunsa da, o, müqavilənin şərtlərini pozaraq borcun ödənilməsini təmin etməmişdir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında cavabdeh Borclu iddia tələbi ilə bağlı göstərdi ki, maddi imkanı yaxşı olmadığı üçün aylıq abunə və xidmət haqqı üzrə bu qədər borcu yaranmışdır. Lakin buna baxmayaraq hazırki vaxta kimi müəyyən ödənişlər etmişdir. Qalan borcu isə hissəhissə ödəyəcəkdir. Odur ki, iş üzrə qanuni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.6-cı maddəsinin tələblərinə uyğun olaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" MMC ilə Borclu arasında xx.xx.2017-ci il tarixdə bağlanmış abunə müqaviləsindən görünür ki, Cəmiyyət tərəfindən abunəçiyə nömrə istifadəyə verilir, rabitə xətti açılır və xidmətlər göstərilir. Abunəçi isə öz növbəsində istifadəsində olan nömrədən Cəmiyyətin göstərdiyi xidmətlərin müqabilində xidmət haqqı ödəyir və digər ödənişlər həyata keçirir. "xxxx" MMC təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cavabdeh tərəfindən 2018-ci ilin dekabr, 2019-cu ilin mart, aprel və iyun aylarında qismən ödənişlər edilmiş və onun hazırda cari hesab fakturasına əsasən 225,23 manat borcu qalmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri abunə müqaviləsi üzrə xidmətlərin göstərilməsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddia tələbinin kökündə tələb etmənin əsası kimi xx.xx.2017-ci il tarixdə bağlanmış abunə müqaviləsi dayanır. Məhz iddiaçı həmin müqaviləsi rəhbər tutaraq hazırda cavabdehdən borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borclu həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Tərəflər arasında bağlanmış abunə müqaviləsinin 4.1-ci bəndində qeyd olunmuşdur ki, abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır (Mülki Məcəllənin 448.1 və 449-cu maddələri). İş materiallarından görünür ki, cavabdeh abunə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun Cəmiyyətə borcu yaranmışdır. Onun borcunun hansı həddə olması barədə iddiaçı tərəfindən cari hesab arayışı təqdim edilmiş və həmin arayış ilə müəyyən edilmişdir ki, hazırda cari hesab fakturasına əsasən 225,23 manat borcu qalmışdır. Məhkəmə tərəfindən həmin arayış sübut kimi qəbul edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Borclu 225,23 manat məbləğdə borcun alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 20 manat pulun əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Borclu 225,23 (iki yüz iyirmi beş manat iyirmi üç qəpik) manat məbləğdə borc alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat pulun əvəzi cavabdeh Borclu alınaraq "xxxx" MMC-yə verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar