Məhkəmə qərarları › İş №2(062)-842/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-842/2024

12.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-842/2024 12.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı xx.xx.2024-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aliment məbləğinin artırılaraq hər ay 230 manat təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Tovuz rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X1 130 manat aliment alınıb ona verilməsi qət edilmişdir. Cavabdehlə onun birgə nikahından 05 iyul 2018-ci ildə anadan olmuş Selcan ayrıldığı gündən onun yanındadır.O heç bir yerdə işləmir. Yaşayış xərçləri xeyli artmışdır. Buna baxmayaraq cavabdeh uşağın böyüyüb tərbiyyə olunması üçün əlavə yardım göstərmir. Bakı şəhərində yaşadığından uşağın təminatını müəyyən olunan məbləğlə təmin edə bilmir. Halbuki ki, cavabdehin hər ay ona cəmi 230 manat aliment ödəməyi maddi imkanı çatır. Cavabdeh fərdi əməklə məşğul olur. Ona görə də, 05 iyul 2018-ci ildə anadan olmuş Selcanın yetkinlik yaşına çatanadək müəyyən olunmuş aliment məbləğinin artırılaraq hər ay 230 manat təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 bildirdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, 44 günlük Vətən Müharibəsində yaralanan zaman xəsarətlər almışdır. Müalicə olunur və heç bir yerdə işləmir. Səhhəti imkan verdikdə günəmüzd işlə məşğul olur. Dərman, kommunal və aliment öhdəliyini çətinliklə qarşılayır. Ona görə də, səhhətində olan problemlərlə bağlı, gəlirinin az olmasını nəzərə alaraq alimentin məbləğinin 150 manat məbləğində təyin edilməsinə etiraz etmədi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə ərizə göndərərək göstərmişdir ki, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmir. Ona görə də, işə onun iştirak olmadan baxılıb iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, Tovuz Rayon Məhkəməsinin 10 noyabr 2022ci il tarixli 2(062)-1567/2022 saylı qətnaməsi ilə X6 ilə İddiaçı arasında olan nikah pozulmuş, X5 anası İddiaçı himayəsində saxlanılmış və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün X1 hər ay 130 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Tovuz Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(062)-1567/2022 saylı qətnaməsi ilə X6 ilə İddiaçı arasında olan nikah pozulmuş, X5 anası İddiaçı himayəsində saxlanılmış və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün X1 hər ay 130 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı tutulan alimentin miqdarının az olduğu üçün uşağın ehtiyaclarını təmin edə bilmir, ona görə də alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü Abdullayev Selcan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay X1 tutulan alimentin miqdarının artırılmasında iddiaçının maddi vəziyyətini və yaşayış səviyyəsini nəzərə alır. Məhkəmə, iş materiallarını araşdırıb sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(062)-1567/2022 saylı qətnaməsi ilə X1 tutulan alimentin miqdarı artırılaraq, bir uşaq üçün 180 manat müəyyən edilməlidir. Məhkəmə iddianın ərizədə göstərilən həddə təmin edilməsini qanuni hesab etmir. Belə ki, işdə olan travma haqqında arayışdan görünür ki, cavabdeh keçmiş hərbiçi olmaqla partlayış travması almış və hər iki gözün müərkkəb miopik astiqmatizmi diaqnozu qoyulmuşdur. İddiaçı isə cavabdehin daha artıq gəlirlərə malik olmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay 230 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını bir uşaq üçün 180 manat müəyyən etmişdir. Yəni, alimentin artırılmış hissəsi 50 manat olmuşdur ki, bu halda alimentin artırılmış hissəsinin illik məcmusu 600 manat təşkil edir. Bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatadəkdir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatadək 30 manat dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdeh X1 30 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(062)-1567/2022 saylı qətnaməsi ilə X1 tutulan alimentin miqdarı artırılaraq, X1 xx.xx.2018-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddianın qalan hissəsi təmin olunmasın. X1 30 (otuz) məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, tərəflər qətnamənin surətini rəsmi qaydada qəbul etdiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar