Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-854/2023 28.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi X1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı BOKT ASC-nin nümayəndəsi Cavabdeh1 və qeyrilərinə qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00001ET-010139-1 nömrəli istehlak krediti müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 2869,75 manat əsas, 531,37 manat faiz, ödənişlərin gecikdirilməsinə görə 2700 manat dəbbə pulu olmaqla cəmi 6101,12 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 81,02 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, əsas borclu Cavabdeh1 vəfat etmişdir. Ona görə də hazırda pulu zaminlərdən tələb edirlər. Məhkəmənin hazırlıq iclasında Cavabdeh3 göstərdi ki, borcalan Cavabdeh1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Hazırda onun vərəsələrindən kredit borcu tələb edilməlidir. Zaminlərdən pulun tələb edilməsi əsassızdır. Odur ki, qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Digər cavabdehlərə məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş materiallarına əlavə edilən və məhkəmə iclasında tədqiq edilmiş AZ İİ 233789 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2018-ci il tarixli Qərarında göstərilmişdir ki, borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclu öldüyündən onun kredit müqaviləsi üzrə borcunun ödənilməsi birinci növbədə vərəsələrdən təmin edilməlidir. Lakin kreditor tərəfindən bu cür addım atılmamış və borclunun vərəsələrinin dairəsi müəyyən edilməmişdir. Birbaşa olaraq zaminlərə qarşı tələb yönəlmişdir. Ona görə də mövcud vəziyyətdə iddia ərizəsinin baxılması qanunamüvafiq deyildir. Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 260.1-ci maddəsində qeyd olunmuşdur ki, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı BOKT ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-854/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-854/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver