Məhkəmə qərarları › İş №2(062)-87/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-87/2023

17.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-87/2023 17.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən avtomobilə vurulmuş ziyana görə 3610 manat məbləğdə pulun, mediasiya xərcləri üçün ödənilmiş 50 manat məbləğdə pulun və dövlət rüsumu olaraq ödənilmiş 56 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində təxminən saat 16-30 radələrində Tovuz rayon Qovlar şəhəri ərazisindən keçərkən Cavabdeh idarə etdiyi “VAZ- 21043” markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomobili ilə onun idarə etdiyi “Kia Sorento” markalı **-VY-*** dövlət nömrə nişanlı avtomaşın toqquşmuşdur. Nəticədə müxtəlif dərəcələrdə xəsarət alaraq müvafiq olaraq sonradan müalicə olunmuşdur. Hadisə ilə əlaqədar araşdırma aparılmış və nəticədə olduğu kimi törədilmiş yol nəqliyyat hadisəsinin iş üzrə cavabdeh olan Cavabdeh xətası üzündən baş verdiyi məlum olmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində onun avtomaşınına 8590 manat ziyan dəymişdir. Bununla bağlı avtomaşına baxış keçirilmiş, fakiki ziyan müəyyən edilərək müvafiq arayış verilmişdir. Həmin ziyandan "xxxx" ASC tərəfindən ona 4980 manat pul ödənilmişdir. Qalan 3610 manat ziyanı ala bilməmişdir. Bununla əlaqədar işin məhkəməyə qədər həllini (mediasiya daxil olmaqla) cavabdehdən tələb etsə də heç bir müsbət nəticə hasil edə bilməmişdir. Məhkəmə qaydasında olmadan aralarında olan mübahisənin həlli və ona dəymiş ziyanın ödənilməsi mümkün deyildir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ekspert rəyi ilə razıdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, “X2” MMC-də sürücü işləyir, Cəmiyyətə məxsus “VAZ-21043” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobili “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2021-ci il tarixdə təxminən saat 16:30 radələrində Bakı-Qazax yolunun Tovuz rayonu Qovlar şəhəri ərazisindən keçən hissəsində yolun sağ kənarında yerləşən Cəmiyyətə aid əkin sahəsində olarkən yolun digər tərəfindəki əkin sahəsinə getmək üçün qeyd edilən avtomobilin sükanı arxasına keçib idarə edərək əkin sahəsindən baş yola daxil olaraq sağa dönüb Qazax istiqamətində hərəkətə başlamış və az bir məsafə qət etdikdən sonra yolun orta hissəsində olan yol ayırıcısına daxil olmaq məqsədi ilə sola dönəndə qəflətən arxadan gələn “Kia Sorento” markalı minik avtomobili ön hissəsi ilə idarə etdiyi avtomobilin sol yan hissəsindən vurmuşdur. Hadisə əmək vəzifələrinin icrası üzrə olmamışdır. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə cinayət işinin başlanması rədd edilmiş və əməlində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibinin olduğu müəyyən edilmişdir. Hadisə nəticəsində özü də müxtəlif bədən xəsarətləri almış və xəstəxanada müalicə almışdır. Bir sözlə özünə belə ziyan dəymişdir. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş, həmçinin onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibi olduğundan həmin maddənin tələbləri əsasında inzibati tənbehin görülməsi qərara alınmışdır. Həmin qərarda olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2021-ci il tarixli 8/3088 nömrəli rəyindən məlum olmuşdur ki, VAZ-21043 markalı **-AA-*** qeydiyyat nişanlı avtomobilin sürücü Cavabdeh hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “X1” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6241 saylı rəyindən görünür ki, iş materiallarında olan “Avto Servis 444” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “Kia Sorento” markalı 99 VY-444 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 7720 manat təşkil edir. Dəyişilməli olan hissələrin qiyməti – 5660 manat, təmir-bərpa işlərinin qiyməti – 2060 manat. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, iddia tələbinin dəlillərinə görə tərəflər yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir. İlk növbədə məhkəmə göstərir ki, mülki dövriyyənin normal inkişafı və və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirmələrindən ibarətdir. Müəyyən hallarda mülki hüquq subyektləri müqavilə və ya digər öhdəlikləri yerinə yetirmirlər, ya da lazımınca yerinə yetirmirlər. Bununla da onlar mülki hüquq pozuntuları törətmiş olurlar. Bu cür pozuntuların qarşısının alınması üçün isə mülki qanunvericilik mülki hüquq məsuliyyəti müəyyən edir. Hansı ki, mülki hüquq məsuliyyəti törədilmiş hüquq pozuntusuna görə tətbiq edilən mülki hüquq sanksiyası rolunda çıxış edir. Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurmaq nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırda da, iddiaçının əmlakın zərər dəyməklə cavabdehin onun qarşısında “delikt – müqavilədənkənar” məsuliyyəti yaranmışdır. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “VAZ-21043” markalı **- AA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən “X1” Azərbaycan Respublikası Qanunun" 42-ci maddəsinin 1-ci hissəsnin tələblərini pozaraq,yəni manevr etmə qaydasını pozması nəticəsində arxadan gələn sürücü – İddiaçı qarşısına çıxmış və onun idarə etdiyi “Kia Sorento” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Nəticədə iddiaçının idarə etdiyi avtomobilə ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə cinayət işinin başlanması rədd edilmiş, bununla yanaşı Cavabdeh əməlində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibi olduğundan həmin maddənin tələbləri əsasında inzibati tənbehin görülməsi qərara alınmışdır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Məhkəmə tərəfindən dəymiş maddi ziyanın hansı məbləğdə olmasının müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və müəyyən edilmişdir ki, “Kia Sorento” markalı 99 VY-444 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 7720 manat təşkil edir. Dəyişilməli olan hissələrin qiyməti – 5660 manat, təmirbərpa işlərinin qiyməti – 2060 manat. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə ekspert rəyini MPM-nin 76.2-ci maddəsinə əsasən sübut kimi qəbul edir. Çünki ekspert nəticəyə gələrkən malın (işin, xidmətin) bazar qiyməti və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, reklam mənbələri məlumatlarından istifadə olunmuşdur. Göründüyü kimi ekspert gəldiyi nəticəni kifayət qədər əsaslandırmış və rəyi müfəssəl tərtib etmişdir. Ona görə də ekspert rəyi mötəbər sayılmalı və sübut kimi qəbul edilməlidir. Məhkəmə sadalanan yuxarıda maddi hüquq normalarının tələblərini işin faktik halları baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi qanunamüvafiq olar. Belə ki, iş materialları ilə cavabdehin ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətməsi tam sübuta yetirilmişdir. Həmçinin onun təqsirli hərəkəti ucbatından iddiaçıya məxsus avotmobilə dəymiş ziyan ekspert rəyi ilə təmir-bərpa xərci olaraq 7720 manat müəyyən edilmişdir. İddiaçı özü 4980 manat pulun sığorta şirkəti tərəfindən ödənildiyini qeyd etdiyi üçün həmin məbləğ ümumi ziyandan çıxılmalıdır. Belə olan halda iddiaçıya verilməli olan maddi ziyanın məbləği 2740 manat (7720-4980=2740) təşkil edir. Məhkəmə bir məqama da aydınlıq gətirmək istəyir ki, cavabdeh izahatında özünü “X2” MMC-nin sürücüsü kimi qeyd etdiyi üçün mübahisə Mülki Məcəllənin 1099-cu maddəsinin tələbləri baxımından da təhlil edilməlidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə görə bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məhkəmə tərəfindən bu hal araşdırılmış və müəyyən edilmişdir ki, Cavabdeh “X2” MMC ilə rəsmi əmək müqaviləsi yoxdur. Çünki cavabdeh tərəfindən belə bir müavilə təqdim edilməmişdir. Hansı ki, məhkəmə tərəfindən təklif edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin üçüncü hissəsinə görə Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin əsasən əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsipinə əsaslanır. Həmin Məcəllənin 3-cü maddəsində «işçi» – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs olduğu müəyyən olunur. Əmək müqaviləsi isə – işəgötürənlə işçi arasında fərdi qyadada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Göründüyü kimi, işçi ilə işəgötürənin arasında əmək münasibətlərinin yaranması üçün əsas hüquqi fakt – tərəflərin arasında əmək müqaviləsinin olmasıdır. Əmək müqasiləsi yoxdursa, onların arasında olan münasibətlər əmək hüquq münasibətləri dairəsindən kənarnda qalmış olur və müvafiq olaraq mülki hüquq münasibətlərinə aid edilir. Digər tərəfdən həmin normanın tələbləri baxımından vurulmuş ziyan əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı vurulmalıdır. Lakin cavabdeh məhkəmə iclasında həmin vaxt əmək vəzifələrinin icrasında olmadığını bildirmişdir. Qeyd olunanlara görə də məhkəmə hesab etmişdir ki, Cavabdeh təqsiri nəticəsində vurulmuş ziyana görə özü mülki hüquqi məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 2740 manat məbləğdə pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 56 manat pulun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 47,4 manat hissəsinin əvəzinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Mediasiyaya çəkilmiş 50 manat xərcin cavabdehdən tutulmasını isə məhkəmə qanuni hesab etmir. Çünki “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə müvafiq olaraq maddi ziyanın ödənilməsinə dair mübahisələr üzrə tərəflərin məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməsi tələb edilməmişdir. Bundan başqa iş üzrə ekspertiza xərcinin əvəzi kimi 100 manat pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh avtomobilə vurulmuş ziyana görə 2740 (iki min yeddi yüz qırx) manat məbləğdə pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 56 manat pulun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 47,4 (qırx yeddi manat qırx qəpik) manat hissəsinin əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci cavabdehə aid edilməklə, 100 manat pul Cavabdeh tululub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar