Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-88/2023 25.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (oğlu) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin naturada ayrılması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin naturada ayrılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək reyestr nömrəsi **********24, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda göstərilən torpaq sahəsinin ona məxsus ½ hissəsinin naturada ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh daha əvvəllər tanımışdır. Belə ki, cavabdehdən JN-1555 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən torpaq sahəsinin 100,11 kv.m. hissəsini alqı-satqı üzrə almışdır. Onunla cavabdeh arasında xx.xx.2005-ci il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra həmin torpaq sahəsinə reyestr nömrəsi **********24 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış almışdır. Çıxarışın qeydiyyat nömrəsi ********** olmaqla qeydiyyat tarixi xx.xx.2019-cu ildir. Sonradan hazırki iş üzrə cavabdeh ona qarşı iddia qaldıraraq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Habelə, yuxarı instansiya məhkəmələri tərəfindən də qətnamə dəyişdirilmədən saxlanmışdır. Hazırda cavabdeh torpaq sahəsində onun istifadə hüquqlarını məhdudlaşdırır. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, verilmiş ekspert rəyi ilə razıdır. Həmin rəyə əsasən torpaq sahəsinin naturada bölünməsinin mümkün olması təsbit edilmişdir. Cavabdehin faktik istifadəsində olan tikili isə torpaq sahəsinin ortasında yerləşir. Yəni həm onun, həm də cavabdehin mülkiyyətində olan hissəyə düşür. Bununla belə rəyə uyğun olaraq torpaq sahəsinin tən ortadan bölünməsini istəyir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (oğlu) X3 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, torpaq sahəsi onun anasının və iddiaçının birgə mülkiyyətindədir. Orada uzun illərdir ki, tikili vardır. Hansı ki, torpaq sahəsi satılan zaman da var idi və iddiaçı bunu bilirdi. Qeyd olunan tikilidən kənd təsərrüfatı məhsulları üçün dərman preparatlarının satışı kimi istifadə edirlər. Bunu daşınmaz əmlakın dövlət reyestrinin mütəxəssisi də bildirmiş və bu səbəbdən rəy verməmişdir. Belə ki, həmin tikili torpaq sahəsinin tən ortasında yerləşir. Yəni hər iki tərəfin mülkiyyətində olan torpaq sahəsini əhatə edir. Həmin tikiliyə zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün deyildir. Çünki bünövrəsi betonlanmaqla dəmir konstruktordan ibarətdir və yalnız uçurulmaqla yeri dəyişdirilə bilər. Lakin ekspert torpaq sahəsinin tən ortadan iki hissəyə bölünə biləcəyini və bölgü zamanı tikilinin nəzərə alınmasını qeyd etmişdir. Bununla belə bunun hansı formada olacağına dair hər hansı sxem tərtib etməmişdir. Halbuki, bu texniki cəhətdən mümkün deyildir. Bunun yeganə həlli həmin tikilinin uçurulmasıdır ki, ona da razı deyillər. İddiaçının məqsədi elə məhz budur. Hesab edir ki, rəy həqiqəti əks etdirmir. Əgər rəy üzrə torpaq sahəsi bölünəcəyi halda onların sahiblik və istifadəsində olan tikili uçurulmalıdır ki, bu da onların mülkiyyət hüquqlarına müdaxilə deməkdir. Odur ki, iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri qaydada lazımi qaydada rəsmi məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü hesab edilməsi üçün hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2019-cu il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən 0.02 ha torpaq sahəsi hər birinin payı ½ hissə olmaqla İddiaçı və Cavabdeh məxsusdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(062)-1132 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-707 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(062)-1132 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6890 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mübahisələndirilən ərazidə tikili mövcud olduğu üçün torpaq sahəsinin bölünməsi məsələsinə baxılması mümkün olmamışdır. Həmin tikilinin bölünəcəyi və bölgü haqqında sxem təqdim ediləcəyi halda torpaq sahəsinin bölünməsi məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/4171 saylı rəydən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2019-cu il, qeydiyyat nömrəsi ********** olan çıxarışda qeyd olunan və paylı mülkiyyətdə olan Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0,02 ha ümümi mülkiyyətdə olan torpaq sahəsinin iki hissəyə bölünərək İddiaçı istifadəsində 100,0 kv.m və cavabdeh X2 istifadəsində 100,0 kv.m. sahəsi saxlanılmaqla bölünməsi mümkündür. Bunun üçün pay torpağı tən ortadan iki hissəyə bölünməli və tərəflərin hər birinə 100,0 kv.m. torpaq sahəsi ayrılmalıdır. Qeyd olunur ki, tədqiq olunan torpaq sahəsində cavabdehin istifadəsində olan dəmir köşkün yerləşdiyi ərazi bölgü zamanı nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakdan payın ayrılması ilə bağlı yaranmış mübahisədir və aşağıdakı hüquq normalarına əsasən hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (Mülki Məcəllənin 213.2-ci maddəsi). Məhkəmə göstərir ki, iddia tələbinin ümumi mülkiyyətdə olan payın naturada bölünüb ayrılması hissəsinin hüquqi əsasını təşkil edən norma Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsidir. Həmin normada qeyd olunmuşdur ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri) İşin mübahisəsiz halıdır ki, Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən 0.02 ha torpaq sahəsi hər birinin payı ½ hissə olmaqla İddiaçı və Cavabdeh məxsusdur. Həmin torpaq sahəsində Cavabdeh istifadəsində və sahibliyində olan içərisində kənd təsərrüfatı məhsulları üçün dərman preparatlarının satışı həyata keçirilən tikili mövcuddur. Həmin tikili torpaq sahəsinin tən ortasında yerləşir. Yəni tikili hər iki tərəfə məxsus hissəyə düşür. Qeyd olunmalıdır ki, vahid daşınmaz əmlak üzrə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olub-olmaması bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. Ona görə də məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Qərardadın icrası üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi rəyin verilməsindən imtina etmiş və məhkəməyə ünvanladığı məktubda göstərmişdir ki, mübahisələndirilən ərazidə tikili mövcud olduğu üçün torpaq sahəsinin bölünməsi məsələsinə baxılması mümkün olmamışdır. Həmin tikilinin bölünəcəyi və bölgü haqqında sxem təqdim ediləcəyi halda torpaq sahəsinin bölünməsi məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. Bununla belə ekspert tərəfindən xx.xx.2023-cü il tarixli, 10/4171 saylı rəy verilərək göstərilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2019-cu il, qeydiyyat nömrəsi ********** olan çıxarışda göstərilən və paylı mülkiyyətdə olan Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0,02 ha ümümi mülkiyyətdə olan torpaq sahəsinin iki hissəyə bölünərək İddiaçı istifadəsində 100,0 kv.m və cavabdeh X2 istifadəsində 100,0 kv.m. sahəsi saxlanılmaqla bölünməsi mümkündür. Bunun üçün pay torpağı tən ortadan iki hissəyə bölünməli və tərəflərin hər birinə 100,0 kv.m. torpaq sahəsi ayrılmalıdır. Qeyd olunur ki, tədqiq olunan torpaq sahəsində cavabdehin istifadəsində olan dəmir köşkün yerləşdiyi ərazi bölgü zamanı nəzərə alınmalıdır. Lakin ekspertin rəyinə torpaq sahəsinin bölünməsi sxemi əlavə edilməmişdir. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir (Mülki Məcəllənin 135.1 və 135.4-cü maddələri). Mülki Məcəllənin 135.10-cu maddəsində qeyd olunmuşdur ki, adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Məhkəmə qeyd edir ki, ümumi mülkiyyətdəki əşya üzərində payı olan şəxs həmin pay nisbətində əşyanın hansısa bir (tərkib) hissəsinin mülkiyyətçisi deyil, əşyanın bütövlükdə üzərində olan vahid mülkiyyət hüququna öz payı nisbətində şərikdir. Yəni əşyanın tərkibinə daxil olan hissə hansısa pay sahibinin mülkiyyət hüququndakı payına uyğun gəlsə belə, həmin hissə tərkib hissə statusunu itirmədən, yəni ayrıca və müstəqil əşya halına gəlmədən fərdi mülkiyyət predmeti hesab edilmir. Hazırkı işdə vahid daşınmaz əmlak üzrə iddiaçının payının naturada ayrıla bilməsi üçün torpaq sahəsində yerləşən tikilinin bölünməsi və bölgü haqqında sxemin təqdim edilməsi şərtdir. Əks halda digər mülkiyyətçi olan cavabdehə məxsus mübahisəli torpaq sahəsində yerləşən tikiliyə zərərin yetirilməsi labüddür. Eyni zamanda bu cavabdehin hüququnu pozur. Hansı ki, daşınmaz əmlakın dövlət reyestri xidmətinin mütəxəssisi də bu duruma uyğun olaraq rəyin verilməsinin mümkün olmamasını bildirmişdir. Cavabdeh isə tikilinin bölünməsinə qəti şəkildə etiraz etmişdir. Ekspert isə öz rəyində tədqiq olunan torpaq sahəsində cavabdehin istifadəsində olan dəmir köşkün yerləşdiyi ərazinin bölgü zamanı nəzərə alınmalı olmasını göstərsə də, bunun hansı formada həyata keçirilməli olmasını rəyində qeyd etməmiş və bölgü sxemini tərtib etməmişdir. Ona görə də məhkəmə iddianın təmin edilməsi üçün ekspert rəyini mötəbər sübut kimi qəbul etmir. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara mülki qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Konstitusiya Məhkəməsi Plenumunun“N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”xx.xx.2006-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bundan başqa iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, habelə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 100 manat pul vəsaiti iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin naturada ayrılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-88/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-88/2023
25.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver