Məhkəmə qərarları › İş №2(062)-89/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-89/2024

09.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-89/2024 09.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı, vəkili X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mürcaiət edərək cavabdehdən 34185 manat məbləğdə pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh fərdi əməklə məşğuldur, onunla əvvəllər tanış olmuş, lakin yaxınlıq münasibətləri olmamışdır. Eyni zamanda aralarında ədavət və düşmənçilik olmamışdır. 2020-ci ilin noyabr ayında ona təklif etmişdir ki, donmuş toyuqların satışı ilə məşğuldur və toyuq məhsullarının satılmasında köməklik etsin. Bir növ işçi kimi işləməsini xahiş etmişdir. Aralarında olan şifahi razılığa əsasən cavabdehə hər ay 300 manat aylıq əmək haqqı verməyi və satdığı məhsulun 2 faizi dəyərində əlavə pul verməyi öhdəsinə götürmüşdür. Cavabdeh onun yanında cəmi dörd ay müddətində işləmişdir, işlədiyi müddət ərzində ona həm əmək haqqısını, həm də satdığı məhsulların faizini ödəmişdir. Həmçinin cavabdehə həmin məhsulların daşınmasında istifadə olununan “Mercedes Benz” markalı nəqliyyat vasitəsini təhvil vermişdir. Bir müddət razılaşdıqları formada işlədikdən sonra cavabdeh ona təklif etmişdir ki, əldə olunan qazancı yarı bölsünlər. Bu barədə razılaşmış, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bu qaydada işləmişlər. Daha sonra isə firmaya təklif etmişdir ki, özləri məhsulları firmadan götürüb üzərinə pul qoyub satsınlar. Firma buna razılıq vermişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh "xxxx" MMC-dən işdən çıxmışdır. O, Ruslana zəng edərək bildirmişdir ki, əraziyə çıxıb borclarını yığsınlar, lakin hər dəfə cavabdeh bəhanə gətirərək onunla görüşmək istəməmişdir. Bu halla bağlı şübhə yarandığı üçün araşdırma aparmış və müəyyən etmişdir ki, cavabdeh o, "xxxx" MMC-də işlədiyi müddət ərzində «Şahdad» firmasından götürdüyü məhsulların pulunu mənimsəyib. Cavabdehin evinə gedərək ona aldığı məhsulların pulunu ödəməsini bildirmişdir. Cavabdeh isə hər dəfə bəhanə gətirərək pulu qaytaracağını demişdir. Hətta bir gün ona ərazidə olan sifarişçilərdən bir nəfər zəng edib bildirmişdir ki, cavabdeh «Şahdad» firmasının məhsullarını ondan xəbərsiz dəyər-dəyməzinə satmışdır. Bu səbəbdən tez Ağstafa rayonuna getmiş, cavabdehdən məhsullar barədə sorğu-sual etmişdir. Lakin cavabdeh məhsulları satmasını boynuna almamışdır. Sonradan anbara bildirmişdir ki Ruslana heç bir məhsul verməsinlər. Anbardan isə bildirmişlər ki, cavabdeh anbardan artıq əlavə məhsul götürüb və ondan icazəsiz satmışdır. Bundan başqa 2021-ci ilin aprel ayının 21-də cavabdeh onunla bərabər «Kənd dadı» firması ilə də şifahi razılığa gələrək onlardan da toyuq məhsulları götürərək satmışlar. Həmin pulları da Ruslan mənimsəmişdir. Hazırda cavabdeh «Şahdad» firmasına veriləcək 19432 manat, «Kənd dadı» firmasına veriləcək 12492 manat pulu mənimsəmişdir. Əlavə olaraq cavabdeh “Siyəzən” broyler məhsulları satışı ilə məşğul olan Orxan adlı şəxsdən onun adına 961 manat borc pul götürmüş, eyni zamanda icarə üçün ayrılmış 1300 manatı da mənimsəmişdir. Məhsulları cavabdehə əmanət etmişdir ki, satıb pullarını sifarişçilərdən yığsın. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməyərək ona 34185 manat məbləğdə maddi ziyan vurmuşdur. Cavabdeh barəsində hüquq mühafizə orqanlarına müraciət etsə də, onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Ona görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, Cavabdeh onun həm «Şahdad» həm də, «Kənd dadı» firmalarından götürdüyü məhsulları qaimə əsasında ondan nisyə alaraq satışını həyata keçirməli, əldə edilmiş qazancı isə aralarında olan razılıq üzrə bölməli idilər. Təqdim etdiyi qaimə fakturalarından görünür ki, cavabdeh ondan nisyə olaraq 42996,79 manat məbləğdə toyuq məhsulları götürmüşdür. Həmin puldan cavabdeh ona yalnız 11072,79 manat vermiş, geri qalanının isə dəyərini ödəməmişdir. Hansı ki, cavabdehin təqdim etdiyi bir sıra qəbzlərlə bu məbləğ təsdiq edilir. Digər qəbzlərdə isə pulun hara göndərilməsi ona məlum deyildir. Qəbzlərdən belə bu məlum olmur. Lakin vicdanlılıq göstərərək özü ümumi 11072,79 manat pulun qaytarılmasını qəbul edir. Çünki cavabdeh ilə öz aralarında haqq-hesab etmişlər. Əldə etdiyi məlumata görə məhsulları cavabdeh satsa da, satışdan olan pulu özü götürmüşdür. Hansı ki, məhsulu ondan nisyə aldığı üçün cavabdeh satışdan əldə edilən pulu ona verməli idi. Bundan başqa cavabdehin yalan danışmağının bariz nümunəsidir ki, qaimələrdə olan imzanın ona məxsus olmamasını bildirərək ekspertiza təyin etdirmişdir. Halbuki, rəydə qeyd olunmuşdur ki, bütün imzalar ona məxsusdur. Göründüyü kimi cavabdeh məsuliyyətdən yayınmaq istəyir. Həmçinin cavabdeh onun adına ümumi tanışları olan Orxan adlı şəxsdən 961 manat borc almış, habelə, icarə pulu kimi 1300 manatı da mənimsəmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, 2020-ci ilin noyabr ayında İddiaçı ona demişdir ki, donmuş toyuqların satışı ilə məşğul olur, bu işin görülməsində ona köməklik göstərsin. Həmin vaxt işsiz olduğundan iddiaçının təklifi ilə razılaşmışdır. Aralarında olan şifahi razılıq əsasında iddiaçı ona hər ay 300 manat məbləğində əmək haqqı verməli, habelə, onun satdığı məhsulun 2 faizi miqdarında bonus verməli idi. Onunla iddiaçı arasında əmək müqaviləsi bağlanmamışdır. İddiaçının yanında cəmi dörd ay işləmişdir. İddiaçı həm «Şahdad» həm də, «Kənd dadı» firmalarından götürdüyü məhsulları qaimə əsasında ona nisyə olaraq vermişdir. Həmin məhsulları o satmalı və satışdan əldə edilən vəsaiti iddiaçıya verməli idi. İddiaçı isə öz növbəsində onun əmək haqqısını və bonusunu verməli idi. Lakin iddiaçı ona aylıq əmək haqqı verməmişdir. Bu barədə firma ilə əlaqə saxlamış və öyrənmişdir ki, ona verilməli olan əmək haqqı iddiaçıya verilsə də, iddiaçı ona verməmişdir. Bu səbəbdən işdən çıxmaq istəmiş, lakin məhsulları iddiaçıya verən firmanın rəhbəri kimi tanıdğı Abdulla adlı şəxs buna imkan verməmişdir. Bundan sonra Nemət ona şəriklik təklif etmiş və razılaşmışlar. Nemətdən nisyə olaraq aldığı məhsulların dəyərini hamısını qaytarmışdır. Bu barədə qəbzləri vardır. Həmin qəbzlərdə pulun hara göndərilməsi aydın olmasa da, aldığı məhsulların dəyəri kimi firmanın rəhbər şəxslərinə göndərilən pullardır. Şəxsən iddiaçının kartına atılmış pullar deyildir. Habelə, firma rəhbəri olaraq tanıdığı Abdullaya bir dəfəyə 10.000 manat göndərmiş, daha sonra bilmişdir ki, həmin şəxs pulu götürüb aradan çıxmışdır. Bundan başqa firmanın kommunal xərclərini də verəcəyi pul əvəzinə ona ödətmişlər. Hətta, Abdulla ilə əlaqə saxlamış və görüşmüş, sonuncu isə ona bildirmişdir ki, onların firmaya hər hansı borcu yoxdur. Dövriyyədə olan məhsulların dəyəri də onunla iddiaçının olacaqdır. Bu səbəbdən öz xərclərini hesablamış, dövriyyədə olan məhsuldan əldə olunan puldan 6200 manat pul götürmüşdür. Həmin pul ona çatası olan pul vəsaiti olmuşdur. İddiaçıya onun hər hansı borcu və ya verəcəyi yoxdur. Çünki nisyə olaraq aldığı məhsulların dəyərini iddiaçıya qaytarmışdır. Bundan başqa iddiaçının icarə haqqı kimi ayırdığı pulu götürməmişdir. Orxan adlı şəxsdən isə iddiaçının adından cəmi 330 manat almışdır. Həmin pul da özünün zəhmət haqqına aiddir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Təqdim olunan 0099506, 0099515, 0099516, 0099517, 0099518, 0099519, 0099520, 0099521, 0099522, 0099523, 0099524, 0099525, 0099526, 0223251, 0223252, 0223253, 0223254, 0223255, 0223256, 0223257, 0223258, ******* və ******* nömrəli qaimə fakturalarından görünür ki, həmin fakturalar İddiaçı ilə Cavabdeh tərtib edilmişdir. Təhvil verən kimi İddiaçı, təhvil alan kimi Cavabdeh qeyd olunmuşdur. İddiaçı tərəfindən ümumi dəyəri 42996,79 manat olan təyuq məhsulları nisyə olaraq satılması üçün Cavabdeh təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli, 4/1958 nömrəli rəydən görünür ki, ekspertizaya təqdim olunmuş 0099506, 0099515, 0099516, 0099517, 0099518, 0099519, 0099520, 0099521, 0099522, 0099523, 0099524, 0099525, 0099526, 0223251, 0223252, 0223253, 0223254, 0223255, 0223256, 0223257, 0223258, ******* və ******* nömrəli qaimə fakturalardakı “təhvil aldı” qrafasındakı imzalar Cavabdeh tərəfindən icra edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). İlk növbədə qeyd olunmalıdır ki, tərəflər arasında münasibətlər zahirən kommersiya hüquq münasibətlərinə bənzəsə də, işin baxılması ümumi məhkəmələrə aiddir. Çünki iddiaçı vergi ödəyicisi kimi qeydə alına da, cavabdeh vergi ödəyicisi kimi qeydə alınmamışdır. Bu hal işin kommersiya xarakterli olması sferasından çıxarılmasına dəlalət edir. Çünki, «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 saylı Qərarında qeyd olunmuşdur ki, hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələr baxır. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nisyə satılmış əşyanın dəyərinin və maddi ziyanın ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin, habelə, maddi ziyanın ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin nisyə satılmış əşyanın dəyərinin ödənilməsi hissəsinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır. Həmin Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı-satqı münasibətləri olmuşdur. Belə ki, iddiaçı donmuş toyuq məhsullarının satışı ilə məşğuldur. İddiaçı həm «Şahdad» həm də, «Kənd dadı» firmalarından götürdüyü məhsulları satılması üçün nisyə olaraq qaimə əsasında cavabdehə vermişdir. Onlar arasında olan şifahi razılaşmaya görə cavabdeh iddiaçıdan nisyə olaraq götürdüyü toyuq məhsullarının satışını həyata keçirməli, bunun müqabilində iddiaçı ona 300 manat əmək haqqı verməli, habelə, edilən satışın 2 faizi miqdarında bonus verməli idi. Daha sonra isə onlar razılaşaraq şərik fəaliyyət göstərməyə başlamışlar. Razılaşma əldə edildikdən sonra iddiaçı tərəfindən «Şahdad» və «Kənd dadı» firmalarından götürülmüş ümumi dəyəri 42996,79 manat olan donmuş toyuq məhsulları nisyə olaraq satılması üçün cavabdehə təhvil verilmişdir. İşin bu halı iddiaçı tərəfin təqdim etdiyi 0099506, 0099515, 0099516, 0099517, 0099518, 0099519, 0099520, 0099521, 0099522, 0099523, 0099524, 0099525, 0099526, 0223251, 0223252, 0223253, 0223254, 0223255, 0223256, 0223257, 0223258, ******* və ******* nömrəli qaimə fakturaları ilə təsdiqin tapır. Lakin cavabdeh nisyə olaraq aldığı məhsulların dəyərini iddiaçıya tam ödəməmişdir. Məhkəmə tərəfindən bu yöndə araşdırılma aparılmış və müqayisəli təhlil zamanı aşkar olmuşdur ki, qaimə fakturalar ilə iddiaçının ümumi dəyəri 42996,79 manat donmuş toyuq məhsullarını nisyə olaraq cavabdehə verməsi təsdiq edilir. Həmçinin iddiaçı bildirir ki, cavabdeh bu puldan 11072,79 manat qaytarmış və onun 31924 manat borcu qalmışdır. Cavabdeh isə iddia edir ki, bütün pulu qaytarmışdır. Belə ki, onun bu barədə qəbzləri vardır, habelə, əlbəəl də iddiaçıya pul vermişdir. Cavabdeh təqdim etdiyi qəbzlər məhkəmə iclası zamanı tədqiq edilmiş və müəyyən edilmişdir ki, qəbzlərdə kommunal ödənişləri və hara göndərildiyi bilinməyən pul vısaitləri vardır. Özü də etiraf etmişdir ki, iddiaçının kartına pul atmamışdır. Sadəcə olaraq firma rəhbərlərinin göstərişi üzrə onların hesabına pul atmış və kommunal ödənişlər etmişdir. İddiaçı da göstərmişdir ki, qəbzlərin müəyyən hissəsini qəbul edir. Hansı ki, bu qaytarılmasını etiraf etdiyi 11072,79 manatdan da aşağıdır. Lakin vicdanlı davanır və cavabdeh ilə sonuncu dəfə haqq-hesabdan kəsir qalan 31924 manat pulu tələb edir. Digər qəbzlərdən isə pulun kimə göndərilməsi müəyyən edilmir. Sadalananlara görə məhkəmə hesab edir ki, nisyə satılmış toyuq məhsullarının dəyəri kimi cavabdehdən 31924 manat pulun alınması qanuni olar. Çünki cavabdeh pulu ödədiyini bildirsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nisyə olaraq alınmış məhsulların dəyərinin tam ödənilməsi cavabdehin izahatından başqa heç bir sübutla təsdiq edilmir. Onun izahatı isə digər sübutlarla təsdiq ediləcəyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən donmuş toyuq məhsullarının cavabdehə nisyə olaraq satılması, cavabdehin həmin puldan qismən ödəniş etməsi iş materialları ilə təsdiqin tapdığından, həmin məhsulların dəyəri kimi 31924 manat məbləğdə pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Mülki Məcəllənin 425.1-ci maddəsində qeyd olunmuşdur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İddia tələbinin cavabdehin Orxan adlı şəxsdən onun adına 961 manat borc pul alması, eyni zamanda icarə üçün ayrılmış 1300 manatı mənimsəməsi bunun müqabilində onun maddi ziyana düşməsi hissəsi ilə bağlı məhkəmə göstərir ki, Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə diqqətə çatdırır ki, bu hissə üzrə cavabdehdən 330 manat məbləğdə pulun alınaraq iddiaçıya verilməsi qanuni olar. Çünki iddiaçı cavabdehin onun adından Orxan adlı şəxsdən 961 manat almasını, habelə verdiyi 1300 manat icarə haqqını mənimsəməsini sübuta yetirə bilməmişdir. Bu barədə məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Bununla belə cavabdeh özü etiraf etmişdir ki, Orxan adlı şəxsən iddiaçının adından 330 manat almış, həmin pulu da öz zəhmət haqqı kimi qiymətləndirmişdir. Halbuki, iddiaçının cavabdehə Orxan adlı şəxsdən onun adından borc alması və bunu zəhmət haqqına çıxması barədə iradə ifadəsi olmamışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 32254 manat pul alınaraq İddiaçı verilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iş üzrə ekspertiza xərcinin əvəzi kimi 127 manat pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 32254 (otuz iki min iki yüz əlli dörd) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci cavabdehə aid edilməklə, 127 (bir yüz iyirmi yeddi) manat pul Cavabdeh tululub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar