Məhkəmə qərarları › İş №2(062)-970/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-970/2023

15.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-970/2023 15.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Musatfayev Əli Nazim oğlunun katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qət edilən alimentin miqdarının artırılaraq hər ay sabit məbləğində 200 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti ilə evlənib ailə qurmuşlar. Nikahlarını xx.xx.2020-ci ildə rəsmiləşdirmişlər. xx.xx.2021-ci il tarixdə X6 anadan olmuşdur. Lakin sonradan cavabdehlə ailə münasibətləri pozulduğundan onlar ayrılmışlar. Tovuz Rayon Məhkəməsinin 2(062)-675/2022 saylı qətnaməsinə əsasən Yusifin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 140 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Lakin o, 140 manata Yusifin sosial xərclərini ödəyə bilmir, onun saxlanılması üçün ona maddi köməklik lazımdır. Ona görə də hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılmalı, Yusifin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 200 manat sabit məbləğdə aliment alınaraq ona verilməlidir. İddiaçı məhkəmə iclasında iştirak etdi və iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, oğlunun başqa nikahdan da uşağı vardır ki, o həmin uşağa da aliment ödəyir və bununla bağlı da məhkəmə qətnaməsi vardır. Odur ki, məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 2(062)- 675/2022 saylı 13 aprel 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-378/2022 saylı, 28 yanvar 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilmiş, 31 yanvar 2022-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından xx.xx.2021-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 140 manat və uşağın 3 yaşınadək anası üçün 50 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər faktiki nikahda olmaları, bu faktiki nikahlarından bir övladlarının olması, uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda alimentin tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci ildə anadan olmuş X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin 2(062)- 675/2022 saylı 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin 2(062)-675/2022 saylı 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 170 manat sabit pul məbləğində aliment tutulsun. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar