Məhkəmə qərarları › İş №2(063)-1025/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1025/2025

27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1025/2025 27.08.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 07 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 105,97 manat əsas borc, 9,31 manat faiz borcu, 69,8 manat cərimə borcu və 07 yanvar 2025-ci il tarixdən 19 may 2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1,1 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 186,18 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh 07 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 18 faizlə 36 ay müddətinə 1500 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 19 may 2025-ci ilədək cavabdehin banka 07 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 105,97 manat əsas borc, 9,31 manat faiz borcu, 69,8 manat cərimə borcu və 07 yanvar 2025-ci il tarixdən 19 may 2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1,1 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 186,18 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 07 yanvar 2022-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditlərə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditlərə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqavilələrinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Məhkəmə, hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddiaçının iddia ərizəsi 28 iyul 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə cavabdehə işə sadələşdirilmiş icraat qaydasında, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərizində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması və həmin işin həllinə dair qətnamə çıxarılması barədə məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi və ya göndərə bilməsi cavabdehə izah olunmuşdur. Cavabdehə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi 07 avqust 2025-ci ildə verilmiş, lakin həmin vaxtdan 10 (on) iş günü müddət keçməsinə baxmayaraq cavabdeh iddiaya qarşı etirazını və dəlillərini məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərildiyini, prosessual hüquq və vəzifələrinin izah olunduğunu, cavabdehin iddiaya qarşı etirazının olmamasını nəzərə alaraq hesab edir ki, mülki işə iddia icraatı qaydasında baxılmasına əsas ola bilən hallar yoxdur, mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması üçün qanuni əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan 07 yanvar 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə əlavələrdən görünür ki, cavabdehə illik 18 faiz dərəcəsi ilə 36 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. İşdə olan 19 may 2025-ci il tarixli maliyyə arayışında cavabdehin kredit üzrə iddiaçıya olan borcu-əsas borcu üzrə 105,97 manat, faiz borcu üzrə 9,31 manat, cərimə borcu üzrə 69,8 manat, əldən çıxmış fayda 1,1 manat, cəmi borc məbləği 186,18 manat olduğu göstərilmişdir. İşdə olan 19 may 2025-ci tarixli, KBD-2856 nömrəli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə kredit müqaviləsi üzrə borcunu xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində banka tam ödənilməsi tələb olunmuş, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə tərəflərindən borc məbləğinin məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi göstərilmişdir. İşdə olan şəxsin-cavabdehin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə əlavə razılaşmalar bağlanmış və razılaşmalarda tərəflərin hüquq və vəzifələri müəyyən olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, borclu-cavabdeh kreditor-iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə, bu nəticəyə gəlir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, iddiaçının da kreditor kimi borcludancavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə, iddiaçının 07 yanvar 2025-ci il tarixdən 19 may 2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1,1 manat tələbi ilə bağlı qeyd edir ki, cavabdeh aldığı borc məbləğini ödəməyi öhdəsinə götürsə də, həmin öhdəlik onun tərəfindən icra olunmamış, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla iddiaçıya məxsus pul vəsaitindən faydalandığına görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Belə ki, cavabdeh öhdəliyini vaxtında icra etməməklə həmin pul vəsaitini qanunsuz olaraq saxladığından, iddiaçı həmin pul vəsaitindən müxtəlif formalarda (sahibkarlıq, investisiya, kapital, depozit və s.) istifadə edə bilərdi və adi mülki dövriyyə şəraitində iddia tələbində göstərilən məbləğdə gəlirlər əldə etmiş olardı. Məhkəmə, hesab edir ki, cavabdeh borc aldığı pul məbləğini vaxtında ödəməmiş və buna görə də mülki qanunverciliyin tələbinə görə gecikdirilmiş vaxt üçün faiz ödənilməsi məqsədəuyğun hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, cərimənin göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafeyinə xələl gətirə bilər. Cərimənin məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı cavabdehə kredit (borc) verərkən cəriməni əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qanunvericiliyin qeyd olunan tələbinə əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, kredit müqaviləsindən irəli gələn cərimə tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı və iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə cavabdehdən iddiaçının xeyrinə əsas borca görə 105,97 manat, faiz borcuna görə 9,31 manat, cəriməyə (dəbbə puluna) görə 10,60 manat, 07 yanvar 2025-ci il tarixdən 19 may 2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1,1 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 156,98 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 105 (bir yüz beş) manat 97 (doxsan yeddi) qəpik, faiz borcuna görə 9 (doqquz) manat 31 (otuz bir) qəpik, cəriməyə (dəbbə puluna) görə 10 (on) manat 60 (altmış) qəpik, 07 yanvar 2025-ci il tarixdən 19 may 2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1 (bir) manat 1 (bir) qəpik və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 156 (bir yüz əlli altı) manat 98 (doxsan səkkiz) qəpik məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar