Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-107/2024 06.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3500 manat məbləğində borcun, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 500 manat məbləğində xərcin, habelə ödənilmiş 60 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4060 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3030 manat məbləğində borcun, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 500 manat məbləğində xərcin və ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, evinin mətbəx hissəsində mətbəx mebelinin istifadədə olan üfüqü üst hissəsi və dolablarla üst hissəyə perpendikulyar divar hissəsini, həmçinin də, pəncərəaltılara mərmər düzəltdirmək üçün “Tap.az” elanlar saytından Cavabdeh adlı ustanın əlaqə nömrəsini taparaq sonuncu ilə əlaqə saxlamışdır. Bundan sonra, 02 yanvar 2023-cü il tarixdə Cavabdeh Orxan adlı qohumu ilə gələrək iş ilə tanış olmuşdur. Cavabdeh mətbəx mebelinin istifadədə olan üfüqü üst hissəsini kvadratı üçün 130 manat, dolablarla üst hissəyə perpendikulyar divar hissəsini kvadratı üçün 70 manat, pəncərəaltılar (sürahı) kvadratı üçün 70 manat qiymət (bununla bağlı foto şəkillər ərizəyə əlavə olunmuşdur) demişdir. Bundan əlavə mərmərdən tenis stolu hazırlaya biləcəyini qeyd edərək bunun üçün ondan atasının yanında 350 manat məbləğində beh almışdır. Cavabdeh qış aylarında işlərinin az olduğunu və buna görə də az bir vaxt içərisində işi təhvil verəcəyini bildirmişdir. Bundan sonra, 03 yanvar 2023-cü il tarixdə 150 manat, 07 yanvar 2023-cü il tarixdə isə 230 manat cavabdehin katına pul vurmuşdur. Lakin, 03 yanvar 2023-cü il tarixdə pulu vuran zaman ödəniş terminalında kağız bitdiyindən qəbzi əldə edə bilməmişdir. Daha sonra, 16 yanvar 2023-cü il tarixdə cavabdeh onun yaşadığı yerə yaxın gələrək əlavə olaraq da 650 manat almışdır. 17 yanvar 2023-cü il tarixdə də 400 manat cavabdehin kart hesabına vurmuş, lakin, ödəniş terminalında kağız bitdiyindən qəbzi əldə edə bilməmişdir. Həmçinin, 18 yanvar 2023-cü il tarixdə 400 manat, 22 yanvar 2023-cü il tarixdə isə 100 manat cavabdehin kartına yükləmişdir. Cavabdeh isə ona başqa müştərilərin sifarişlərinin şəkillərini ataraq artıq işə başladığını və yekunlaşdırmaq üzrə olduğunu bildirmişdir. 01 fevral 2023-cü il tarixdə cavabdehin Sumqayıt şəhərində işlədiyi sexə getdiyi zaman da sonuncu başqa adamların sifarişlərini onun malları kimi göstərmişdir. Bundan əlavə cavabdeh kompressorun xarab olduğunu, işi təhvil vermək üçün kompressor almağa pul lazım olduğunu bildirərək ondan 900 manat da pul almışdır. Bundan sonra, beş gün ərzində borcunu və işini təhvil verəcəyi barədə söz versə də, beş gün keçdikdən sonra cavabdeh əlinin kəsilmiş şəkilini ataraq ağır vəziyyətdə olduğunu bildirərək ondan yenə borc pul istəmişdir. Lakin, cavabdehə pul vermədikdə sonuncu dəfələrlə zəng edərək acınacaqlı vəziyyətdə olduğunu bildirmişdir. Bu səbəbdən də, o, cavabdehə 400 manat pul göndərmişdir. Bundan sonra, cavabdeh ona borcunu və materialları xalası oğlu Anar tərəfindən gətiriləcəyi barədə söz vermişdir. Ancaq sonradan dəfələrlə atası və özü cavabdehə və Anar adlı şəxsə zəng etsələr də sonuncular telefona cavab verməmişlər. Lakin sonralar cavabdeh yenidən “Tap.az” saytında usta adı ilə başqa nömrələrlə öz köhnə elanlarını paylaşmışdır. Cavabdehin yeni nömrələrinə zəng vurub borcunu istəsə də sonuncu boş vədlər verərək müxtəlif bəhanələr gətirib vaxtı uzatmışdır. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi, eyni zamanda vəkil xidmətinin göstərilməsi üçün iddiaçı tərəfindən 500 manat xərc çəkildiyini də bildirdi. Cavabdeh rəsmi qeydə alındığı və yaşadığı ünvanlara məhkəmə bildirişləri göndərilsə də, sözügedən məhkəmə bildirişi “bu ünvanda yaşamır və ya köçüb” qeydi geri qayıtmış, Ucar Rayon İHB Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 dekabr 2023-cü il tarixli, 2132 saylı arayışdan görünür ki, Cavabdeh yaşadığı ünvan nümayəndəliyə məlum olmadığından məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Odur ki, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Şahid1 ifadəsində göstərdi ki, İddiaçı onun doğma oğludur. Ramil Bakı şəhərində yerləşən evlərində təmir işlərinin aparılması məqsədilə Cavabdeh yaşadıqları evdə, onun yanında 350 manat beh vermişdir. Daha sonra, Misginə 650 manat pulun verilməsinin şahidi olmasa da, əri Novruzdan və oğlu Ramildən bu barədə eşitmişdir. Yerdə qalan məbləğlərin verilməsinin bilavasitə şahidi olmasa da, bu barədə dəfələrlə evdə söhbət olduğundan və oğlu Ramil həmin pulları cavabdeh Misgindən söz verdiyi işi yerinə yetirmədiyinə görə tələb edəndə bu hala o da şahid olmuşdur. Belə ki, Şahid2 ifadəsində göstərdi ki, İddiaçı onun doğma oğludur. Ramil Bakı şəhərində yerləşən evlərində təmir işlərinin aparılması məqsədilə Cavabdeh yaşadıqları evdə, onun yanında 650 manat beh vermişdir. Daha sonra, Ramilə 350 manat pulun verilməsinin şahidi olmasa da, arvadı Ofelyadan və oğlu Ramildən bu barədə eşitmişdir. Yerdə qalan məbləğlərin verilməsinin bilavasitə şahidi olmasa da, bu barədə dəfələrlə evdə söhbət olduğundan və oğlu Ramil həmin pulları cavabdeh Misgindən söz verdiyi işi yerinə yetirmədiyinə görə tələb edəndə bu hala o da şahid olmuşdur. Belə ki, 07, 18 və 22 yanvar 2023-cü il tarixli, 02 və 09 fevral 2023-cü il tarixli qəbzlərin surətlərindən görünür ki, İddiaçı 18 yanvar 2023-cü il tarixdə 400 manat, 07 yanvar 2023-cü il tarixdə 230 manat, 22 yanvar 2023-cü il tarixdə 100 manat, 02 fevral 2023-cü il tarixdə 900 manat və 09 fevral 2023-cü il tarixdə isə 400 manat məbləğində pulu Cavabdeh kart hesabına ödəmişdir. İşdə olan 14 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən hüquqi yardıma görə vəkil Nümayəndə hesabına 500 manat ödənilmişdir. İşdə olan 14 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 60 (altmış) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh mənzilində bir sıra kiçik ustalıq işlərin görülməsi üçün sonuncuya müxtəlif tarixlərdə və məbləğlərdə olmaqla ümumilikdə 3030 manat ödəniş etmişdir. Cavabdeh bu günədək borcunu ödəməkdən yayınmış, bununla da, iddiaçı qarşısında götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Hazırda cavabdehin iddiaçıya 3030 manat məbləğində borcu vardır. Cavabdehin öz borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini, iş materiallarına əlavə olunmuş iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş “WhatsApp” yazışmalarından edilmiş çıxarışa, eləcə də audio yazılara keçirilmiş baxışın nəticəsini, işin faktiki halları, o cümlədən təqdim edilmiş mötəbər sübutlarla əlaqəli şəkildə tədqiq edərək müəyyən etdi ki, tərəflər arasında mövcud olmuş münasibətlər etibarlılıq zəminində formalaşsa da, sonda mübahisə ilə nəticələnən məhkəmə müdafiəsindən istifadə edilmişdir. Belə ki, işin araşdırılan hallarından görünür ki, İddiaçı Cavabdeh mənzilində bir sıra işlər görməsi üçün müxtəlif tarixlərdə və məbləğlərdə olmaqla ümumilikdə 3030 manat məbləğində ödəniş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 400, 230, 100, 400, 900 manat, cəmi 2030 manat məbləğində pul vəsaiti iş materiallarında olan həmin pulların köçürmələrini təsdiq edən qəbzlərlə tam sübuta yetirilmişdir. Məhkəmə bundan başqa, yerdə qalan 650 və 350 manat, cəmi 1000 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə verilməsi isə şahid ifadələri, “WhatsApp” yazışmalarından edilmiş çıxarışla, eləcə də, audio yazılara keçirilmiş baxışla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Bu Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bu Məcəllənin 324-cü maddəsinin İ və İİ hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329-cu maddəsinin İİ və İİİ hissələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1- 882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 752.3-ci maddəsinə əsasən podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Bu Məcəllənin 570-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi, əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda icra edilmiş sayılır. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Qeyd olunan Məcəllənin 575-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Yenə bu Məcəllənin 452-ci maddəsinin İİ hissəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Cavabdeh şifahi alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Bununla da, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya 3030 manat məbləğində pulu qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğuna görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Qeyd olunan Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 3030 manat pul, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 500 manat məbləğində pulun və ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3030 (üç min otuz) manat pul, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 500 manat məbləğində pulun və ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-107/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-107/2024
06.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver