Məhkəmə qərarları › İş №2(063)-1121/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1121/2024

07.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1121/2024 07.11.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh Qafır oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Qafır oğluna qarşı məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 iyun 2008-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 04 aprel 2014-cü il tarixli əmri ilə cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsini və cavabdehdən uşağın saxlanılması üçün hər ay 235 manat məbləğində alimentin tutularaq ona verilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə 2003-cü il tarixdə qeyri-rəsmi evlənmişlər. Birgə nikahdan 22 may 2004-cü il tarixdə Həsrət və 26 iyun 2008-ci il tarixdə Sadiq adlı uşaqları dünyaya gəlmişdir. Sonradan cavabdehlə ayrılıb iki uşağı ilə birlikdə Ucar rayonunun Türkəci kəndində yaşamağa başlamışdır. Ucar Rayon Məhkəməsinin 04 aprel 2014-cü il tarixli alimentin tutulması haqqında əmri ilə cavabdehdən 03 aprel 2014cü il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 40 manat, hər uşağa 20 manat alimentin tutularaq 22 may 2004-cü il tarixdə anadan olmuş X3 və 26 iyun 2008-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi qeyd edilmişdir. 22 may 2004-cü il tarixdə anadan olmuş övladı Həsrətin artıq 20 yaşı vardır, ancaq oğlu Sadiq yetkinlik yaşına çatmamışdır. Hesab edir ki, Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin tələblərinə əsasən birgə evlilikdən doğulmuş və yetkinlik yaşına çatmamış uşağın mənafeyini və onun böyüdükcə artan tələbatını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması şərtlərini, onun azyaşlı uşağının saxlanılması üçün artan tələbatını təkbaşına ödəyə bilməməyi nəzərə alınmalı, 26 iyun 2008-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 04 aprel 2014-cü il tarixli əmri ilə cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli və cavabdehdən uşağın saxlanılması üçün hər ay üçün 235 manat məbləğində aliment tutularaq ona verilməlidir. Təyin edilmiş alimentin miqdarının artırılması üçün Mediasiya Şurasına müraciət etmişdir. Buna görə Mediasiya Şurası tərəfindən arayış verilmişdir. Ancaq nəticə olmadığı üçün məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsində göstərdiklərini təsdiq etdiyini bildirdi. Əlavə olaraq göstərdi ki, cavabdehin qazancı və gəliri barədə sübutu yoxdur. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirdi və iddia ərizəsinə qarşı etrazında-izahatında göstərilənləri təsdiq etdiyini bildirdi. O, iddiaçının iddia ərizəsinə etirazında-izahatında göstərmişdir ki, iddiaçı ona qarşı alimentin miqdarının artırılması ilə bağlı iddia qaldırmışdır. Hazırda o, başqa xanımla ailə münasibətindədir və birgə nikahlarından övladları olmuşdur. İddiaçı alimentin artırılmasını tələb etmiş, lakin onun işlədiyi barədə iş materiallarına sübut əlavə etməmişdir. O, həqiqətən maddi cəhətdən əziyyət çəkir, gündəlik 10-15 manata fərdi əməklə (fəhləliklə) məşqul olur. Hazırda iddianı qismən qəbul edir, 20 manat olan alimentin 30 manat artırılmasına, yəni alimentin 50 manat olmasına razıdır. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 26 iyun 2008-ci ildə doğulmuşdur. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 04 aprel 2014-cü il tarixli, 2(063)- 263/2014 nömrəli məhkəmə əmrinin surətindən görünür ki, Cavabdeh 03 aprel 2014-cü ildən başlayaraq hər ay sabit pul məbləğində 40 (qırx) manat, hər uşağa 20 (iyirmi) manat alimentin tutulub 22 may 2004-cü ildə anadan olmuş X4 və 26 iyun 2008-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün X2 verilməsi əmr edilmişdir. İşdə olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Quləbənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 noyabr 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Qafır oğlu işləmir. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı, Ucar rayonu, Türkəci kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 15860293 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh, Ucar rayonu, Qulabənd kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ucar Rayon Məhkəməsinin 04 aprel 2014-cü il tarixli, 2(063)-263/2014 nömrəli məhkəmə əmri ilə Cavabdeh 03 aprel 2014-cü ildən başlayaraq hər ay sabit pul məbləğində 40 manat, hər uşağa 20 manat alimentin tutulub 22 may 2004-cü ildə anadan olmuş X4 və 26 iyun 2008-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün X2 verilməsi əmr edilmişdir. Halhazırda iddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində 26 iyun 2008-ci ildə doğulmuş uşağın-Sadiqin yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən 235 manat aliment tutulmasını tələb etsə də cavabdehin həmin məbləği ödəməyə imkan verən qazancının və gəlirlərinin olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə bu nəticəyə gəlir ki, uşağın mənafeyi, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu (2014-cü ildə 103 manat, 2024-cü ildə 235 manat olması) nəzərə alınaraq, onun sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi üçün iddia qismən təmin edilməli və məhkəmə əmri ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay üçün 135 manat müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, cavabdehin iddiaya qarşı etirazı-izahatı ilə bağlı qeyd edir ki, aliment ödəyən valideynin işləməməsi və ya qazanca malik olmaması onun uşağını saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minumumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimumun dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasınına əsas ola bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Hazırkı iş üzrə isə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə əmrinə əsasən tutulur. İddiaçı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsaslanaraq məhkəmənin qanuni qüvvəyə minmiş əmrinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia qismən təmin olunan zaman artırılmış alimentin məbləğinin məhkəmənin hazırkı iş üzrə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan tutulması qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin 04 aprel 2014-cü il tarixli, 2(063)-263/2014 nömrəli məhkəmə əmrinə əsasən 26 iyun 2008-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Qafır oğlundan sabit pul məbləğində tutulan 20 (iyirmi) manat alimentin miqdarı artırılaraq hər ay üçün 135 (bir yüz otuz beş) manat müəyyən edilsin və həmin miqdarda aliment qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh Qafır oğlundan tutulub 26 iyun 2008-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar