Məhkəmə qərarları › İş №2(063)-1142/2023

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1142/2023

25.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1142/2023 25.12.2023 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1000 manat pulun, iddia ərizəsinin tərtib edilməsi üçün vəkilə ödənilmiş 100 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh uşaq vaxtından tanıyır və sonuncu onun həmkəndlisidir. Belə ki, 12 mart 2021-ci il tarixdə cavabdeh ondan 1300 manat borc pul almışdır. Aralarında olan razılaşmaya əsasən cavabdeh pensiya kartını ona vermiş, o, isə verdiyi borc məbləğinin qarşılığında 2021-ci ilin dekabr ayınadək hər ay 130 manat olmaqla hissə-hissə götürməli idi. Lakin, o, 19 mart 2021-ci il tarixdə həbs edilərək 2 il müddətində azadlıqdan məhrum edilmişdir. Ancaq həbs olunan zaman kartı keçmiş arvadı Şahid verərək bankdan pulu çıxararıb hər ay ona göndərməsini xahiş etmişdir. O, həbsdə olduğu zaman cavabdeh Şahid aldadaraq pulu özünün çıxarıb ona verəcəyini deyib kartı almışdır. Lakin, cavabdeh borcundan indiyədək Şahid cəmi 300 manat ödəmiş, qalan borcunu isə bu günədək qaytarmamışdır. Ancaq o, həbsdən çıxdıqdan sonra 23 mart 2023-cü il tarixdə cavabdehdən borcunu tələb etmiş, sonuncu isə 2023-cü ilin avqust ayınadək qalan borcu qaytaracağına söz vermişdir. Bununla belə cavabdeh 1000 manat məbləğində olan borcunu qaytarmamışdır. Ona görə də, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, İddiaçı ilə qohumdur. Maddi imkanı olmadığı üçün 12 mart 2021ci il tarixdə İddiaçı 1000 manat borc pul almışdır. Bu hal aralarında olan sadə yazılı sənədlə də öz əksini tapır. Həmin sənəd (iddiaçıdan 12 mart 2023-cü il tarixdə 1300 manat pulun borc olaraq alınmasını özündə ehtiva edən) onun tərəfindən imzalansa da, məzmunu ilə tanış olmadan imza etmiş, yəni həmin sənəddə borcun 1300 manat yazılmasını bilməmişdir. Beləliklə, o, iddiaçıdan 1300 manat deyil, 1000 manat pul almışdır. Eyni zamanda, pensiya kartını da iddiaçıya vermişdir. Daha sonra, iddiaçı tutularaq azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən özünə məxsus pensiya kartını kredit götürərək borclu olduğu məbləği qaytarmaq məqsədilə iddiaçının keçmiş arvadı Şahid götürmüş və bir daha geri qaytarmamışdır. Lakin iddiaçının cəza çəkdiyi müddət ərzində o, iddiaçının keçmiş arvadına həmin məbləğdən (1000 manat borc olaraq aldığı puldan) hazırkı vaxtadək cəmi 675 manat (hissəslərlə və müxtəlif məbləğlərlə olmaqla) pulu qaytara bilmiş, yerdə qalan 325 manatı isə hələ də qaytara bilməmişdir. Aldığı pulu təkzib etmir, lakin, hesab edir ki, iddiaçının göstərdiyi məbləğ şişirdilmiş məbləğdir. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses içtirakçılarının izahatlarını, eləcə də şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Şahid ifadəsində göstərdi ki, İddiaçı onun keçmiş əridir. 2014-cü il tarixdən etibarən nikahları pozularaq faktiki ayrı yaşasalar da, qonşuluqda yaşamaqla aralarında heç bir ədavətləri yoxdur və münasibətləri normal olaraq davam edir. İddiaçı Cavabdeh ilə qohumdurlar. Cavabdeh 12 mart 2021-ci il tarixdə cavabdeh keçmiş əri İddiaçı (Cavabdeh məxsus yaşayış evində) 1300 manat borc pul almışdır. Bu hal onların aralarında olan sadə yazılı sənədlə də öz əksini tapır və həmin sənəd cavabdehin özü tərəfindən imzalanmışdır. Aralarında olan razılaşmaya əsasən cavabdeh pensiya kartını ona vermiş, o, isə verdiyi borc məbləğinin qarşılığında 2021-ci ilin dekabr ayınadək hər ay 130 manat olmaqla hissə-hissə götürməli idi. Lakin, o, 19 mart 2021-ci il tarixdə həbs edilərək 2 il müddətində azadlıqdan məhrum edilmişdir. Ancaq həbs olunan zaman kartı ona verərək bankdan pulu çıxarıb hər ay ona göndərməsini xahiş etmişdir. O, həbsdə olduğu zaman cavabdeh onu aldadaraq pulu özünün çıxarıb ona verəcəyini deyib kartı almışdır. Lakin, cavabdeh borcundan indiyədək ona cəmi 300 manat ödəmiş, qalan borcunu isə bu günədək qaytarmamışdır. İşdə olan tərəflər arasında 12 mart 2021-ci il tarixdə Cavabdeh tərəfindən imzalanmaqla tərtib edilmiş yazılı sənəddən görünür ki, Cavabdeh 12 mart 2021-ci il tarixdə 2021-ci ilin dekabr ayınadək qaytarmaq şərtilə İddiaçı 1300 manat borc pul almışdır. İşdə olan 02 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin tərtib edilməsi üçün vəkil X1 hesabına 100 manat məbləğində pul vəsaiti ödəmişdir. İşdə olan 23 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları, şahid ifadəsi, eləcə də iş materiallarında olan mövcud sənədlər, o cümlədən digər mötəbər sübutlarla müəyyən olundu ki, tərəflər bir-birini tanımış və münasibətləri olmuş, daha sonra ehtiyac olduğuna görə Cavabdeh İddiaçı 1300 manat məbləğində borc almış və həmin pulu 2021-ci ilin dekabr ayınadək qaytaracağına dair öhdəlik götürmüşdür. Beləliklə, Cavabdeh İddiaçı aldığı bu vəsaiti təyinatı üzrə öz ehtiyacına sərf etsə də, sonuncuya olan borcunu qaytarmamışdır. Bundan əlavə, cavabdeh yalnız ümumi borcundan cəmi 300 manat ödəniş etmiş, qalıq 1000 manat borcunu ödəməkdən yayınmış, bununla da, iddiaçı qarşısında götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Ona görə də iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında sadə yazılı əqd əsasında 1300 manat məbləğində pulun borc olaraq iddiaçı tərəfindən cavabdehə verilməsi tam təsdiqini tapmışdır. Belə ki, sübutetmə yükünün iddiaçıya aid edilməsi mülki prosessual qanunvericiliyin imperativ tələbidir ki, iddiaçı da öz növbəsində bununla bağlı üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Çünki, cavabdeh məhkəmə iclası zamanı özünün təsdiqedici etirafı ilə aralarında olan yazılı əqdin özü tərəfindən imzalanmasını təsdiq etsə də, sənədin oxunmadan imzalanmasını əsas gətirməklə borcun məbləğini mübahisələndirmişdir. Belə olan halda sübuetmə yükü dəyişən istiqamət üzrə hərəkət etməklə iddianın əksini sübutetmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Bu hal da məhkəmə tərəfindən araşdırma predmeti olmuş, nəticədə cavabdeh iddianın əsaslılığını şübhə altına alan hər-hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, formal olaraq şifahi şəkildə verilən borc məbləğinin 1300 deyil, 1000 manat olmasını qeyd etmişdir. Bundan əlavə məhkəmə iclası zamanı cavabdeh iddiaçıya olan borcundan cəmi 675 manat ödəməsini etiraf etməsi qeyd edilən hissədə iddianın mübahisələndirilməyən olmasına əsas verir. Ona görə də məhkəmə iddianın məhz bu hissəsini (məhz 1300 manat pulun cavabdehə borc olaraq verilməsi hissəsini) əsaslı hesab etməklə sübutların tədqiqi baxımından qənaətbəxş hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-cı maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Bu Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Qeyd edilən Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Cavabdeh şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın vəkil xərclərinə aid hissəsinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, vəkil xərci məhkəmə məsrəflərinə aid edilən xərclərdir ki, bu da vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan və ədalətli məbləğdə təyin edilməlidir. Ona görə də məhkəmə iddianın bu hissəsini qismən əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Qeyd olunan Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1000 (bir min) manat məbləğində pul, iddia ərizəsinin tərtib edilməsi üçün vəkilə ödənilmiş 50 (əlli) manat xidmət haqqı və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1000 (bir min) manat məbləğində pul, iddia ərizəsinin tərtib edilməsi üçün vəkilə ödənilmiş 50 (əlli) manat xidmət haqqı və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar