Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1153/2024 27.11.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1000 manat məbləğində maddi zərərin, 32 manat dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının, həmçinin vəkilə bu iddia ərizəsinin tərtib edilməsi üçün ödədiyi 120 manat məbləğində qonorarın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, bu iddia ərizəsinə surətini əlavə etdiyi Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 1(010)-230/2024 nömrəli hökmü ilə müəyyən edilmişdir ki, cavabdeh etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə onun etibarından sui-istifadə edərək onun Ucar rayonunda yerləşən mağazasının sənədləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində olan işini həll edəcəyinə yalandan vəd verib, aldadaraq 15 avqust 2023-cü il tarixdə "xxxx" ASC-yə məxsus 4169 7388 6771 0109 nömrəli plastik kartına göndərdiyi 1000 manat məbləğində pulu ələ keçirərək ona maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Buna görə də həmin hökmlə cavabdeh, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cavabdehin 30 yanvar– 01 fevral 2024-cü il tarixləri üzrə tutulduğu 02 gün və 13 iyul 2024-cü il tarixindən 05 sentyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 01 ay 23 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmış və cavabdehə qəti olaraq 01 il 08 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzasının əvvəlinin yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmasına, üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ucar rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasına, barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin seçilməsinə və hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməsinə hökm edilmişdir. Lakin həbsdən azad olunduğu vaxtdan 20 gün keçməsinə baxmayaraq, cavabdeh həmin pulu bu günədək ona ödəməmişdir. Ona görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, əlavəsinin olmadığını bildirdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirdi və izahatında göstərdi ki, həqiqətən iddiaçıdan 1000 manat almış, buna görə də məhkəmənin hökmü ilə məhkum olunmuşdur, iddiaçıya həmin məbləği hissə-hissə ödəməyi təklif etmişdir, lakin iddiaçı bununla razılaşmamışdır, odur ki, iddiaçıya 1000 manat məbləğində pulu hissəhissə ödəməyə razıdır, qalan hissədə iddianı qəbul etmir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 1(010)-230/2024 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh 30 yanvar– 01 fevral 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün və 13 iyul 2024-cü il tarixindən 05 sentyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 23 (iyirmi üç) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmış və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 10 (onz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Ucar şəhəri, X4 küçəsi, ev 9-da qeydiyyatdadır. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar şəhəri, X3 küçəsi, ev 30-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.2.1-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda, o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə iclasında qanuni qüvvəyə minmiş məhkəmə hökmü və iş materialları ilə müəyyən edildi ki, Cavabdeh etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı etibarından sui-istifadə edərək sonuncunun Ucar rayonunda yerləşən mağazasının sənədləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində olan işini həll edəcəyinə yalandan vəd verib, aldadaraq 15 avqust 2023-cü il tarixdə "xxxx" ASC-yə məxsus 4169 7388 6771 0109 nömrəli plastik kartına göndərdiyi 1.000 manat məbləğində pulu ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 1(010)-230/2024 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh 30 yanvar– 01 fevral 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün və 13 iyul 2024-cü il tarixindən 05 sentyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 23 (iyirmi üç) gün Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmış və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 10 (onz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən sonuncunun törətdiyi cinayət əməli nəticəsində vurduğu ziyana görə 1000 manat məbləğində pulu tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı 23 sentyabr 2024-cü ildə dövlət rüsumuna və bankın xidmət haqqına görə 32 manat, habelə həmin tarixdə vəkil E.Məcidlinin hesabına 120 manat məbləğində pul ödəmişdir. Məhkəmə qanunverciliyin qeyd olunan tələbinə əsaslanaraq bu nəticəyə gəlir ki, cavabdehdən ödənilmiş dövlət rüsumuna və bankın xidmət haqqına görə iddiaçının xeyrinə 32 manat və vəkilin göstərdiyi hüquqi yardıma görə 120 manat tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı və qanunauyğundur, buna görə də iddia təmin edilməklə cavabdehdən maddi zərərə görə 1000 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 120 manat və ödənilmiş dövlət rüsumuna və bankın xidmət haqqına görə 32 manat, cəmi 1152 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh maddi zərərə görə 1000 (bir min) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumuna və bankın xidmət haqqına görə 32 (otuz iki) manat, cəmi 1152 (bir min yüz əlli iki) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-1153/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1153/2024
27.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver