Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1186/2025 16.12.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı pulun alınması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı pulun alınması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 734 manat əsas borcun, təqdim edilmiş faiz cədvəlinə əsasən 5 ay gecikmə müddətinə görə hesablanmış 59 manat faiz borcunun, 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 823 manat pulun alınaraq mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Ucar şəhəri, 20 Yanvar küçəsi ərazisində “Aydın” mebel salonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh, 18 mart 2025-ci il tarixdə işlədiyi mağazaya gələrək ondan ümumi dəyəri 1800 manat olan 100 manat qiyməti olan “Efes” yataq dəsti, 360 manat dəyərində “İdeal” mebel dəsti, 440 manata olan 1 ədəd divan və 2 ədəd kreslo nisyə almışdır. Əvvəlcədən razılaşdıqları və aralarında bağladıqları müqaviləyə əsasən cavabdeh ona ilkin olaraq 700 manat pul ödəmiş, qalan 1100 manat pulu isə 3 aya ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra cavabdeh ona 366 manat ödəsə də, 734 manat pulu bu günə qədər ödəməmiş və üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehdən 734 manat nisyə aldığı mebelin pulu alınaraq ona verilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında iddia ərizəsində göstərdiklərini təsdiq etdiyini bildirdi, əlavə olaraq izahatında göstərdi ki, məhkəməyə müraciət olunduqdan sonra da cavabdeh borcunu ödəməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, cavabdeh iddiaçıdan 18 mart 2025-ci ildə nisyə olaraq ümumi dəyəri 1800 manat olan 1000 manat dəyərində “Efes” yataq dəsti, 360 manat dəyərində 1 ədəd stol və 6 ədəd stul, 440 manat dəyərində 1 ədəd divan və 2 ədəd kreslo almış və 18 mart 2025-ci ildə ilkin olaraq 366 manat ödəmiş, qalan 1100 manat borcu 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh sonradan 366 manat ödəmiş, 734 manat borcu qalmışdır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 03 sentyabr 2025-ci ildə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş fiziki şəxslərin sahibkarlıq uçotu haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı sahibkar kimi (VÖEN **********) 21 noyabr 2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Ramal kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başadüşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh iddiaçıdan nisyə olaraq əşyalar (mebel) almış və iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçının da cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə, iddiaçının faiz cədvəlinə əsasən 5 ay gecikmə müddətinə görə hesablanmış 59 manat faiz borcu tələbi ilə bağlı qeyd edir ki, iş materialları ilə cavabdehə faiz borcunun hesablanmasını nəzərdə tutan əsaslar müəyyən edilməmişdir, faiz borcunun hesablanması nəzərdə tutulmadığından, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən əsas borca görə 734 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 764 manat məbləğində pul tutularaq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 734 (yeddi yüz otuz dörd) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 764 (yeddi yüz altmış dörd) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-1186/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1186/2025
16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver