Məhkəmə qərarları › İş №2(063)-132/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-132/2024

25.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-132/2024 25.01.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi-böyük icra məmuru (probasiya üzrə) X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə vurmuş olduğu zərərə görə 2277,40 manat pulun alınaraq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Ucar Rayon Məhkəməsinin 1(063)- 43/2022 saylı, 23 iyun 2022-ci il tarixli hökmü ilə 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ucar Rayon Məhkəməsinin 1(063)- 43/2022 saylı, 23 iyun 2022-ci il tarixli hökmünün icrası ilə əlaqədar 10 avqust 2022-ci il tarixdə məhkum Cavabdeh bir ədəd “Attenti” markalı, 078CE11636 seriya nömrəli sadə elektron qolbaq, bir ədəd “Attenti” markalı, 35654272 seriya nömrəli mobil nəzarət qurğusu və onun enerji toplayıcısı tətbiq edilərək təhvil verilmiş, bu barədə protokol tərtib edilmişdir. Həmçinin, Cavabdeh məhkəmə hökmü ilə üzərinə qoyulmuş elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi izah edilmişdir, habelə, məhkuma ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin, yaxud onun tərkib hissələrinin zədələnəcəyi və ya yararsız hala salınacağı təqdirdə əvəzinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir, bu barədə tərtib edilmiş 10 avqust 2022-ci il tarixli protokola məhkum və icra məmuru (probasiya üzrə) əməkdaşı tərəfindən imza edilmişdir. Lakin məhkum Cavabdeh ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin tərkib hissəsi olan “Attenti” markalı mobil nəzarət qurğusunu yararsız hala salmışdır. 05 dekabr 2023-cü il tarixdə məhkum Cavabdeh alınmış izahatda məhkum mobil qurğunun yararsız hala saldığını etiraf etməmiş, lakin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyə əsasən mobil qurğuya 28 noyabr 2023-cü il tarixdə keçirilmiş texniki baxış zamanı mobil qurğunun ana platasında antena pinlərinin qırılması, təmiri mümkün olmayaraq istifadəyə tam yararsız olduğu göstərilmişdir. Belə olan halda hesab edirlər ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və onlara maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsi tərəfindən təqdim edilmiş cədvəldə sadə elektron qolbağın və digər nəzarət avadanlıqlarının xüsusi proqram təminatı ilə birlikdə dəyərinin ƏDV daxil edilməklə 2277,40 manat təşkil etdiyi bildirilmışdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, Ucar Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası ilə əlaqədar şöbədə qeydiyyata götürülərək sadə elektron qolbaq, mobil nəzarət qurğusu və enerşi toplayıcı ona təhvil verilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Ona təhvil verilmiş mobil nəzarət qurğusunu yararsız hala salmamış, mobil nəzarət qurğusu qüsurlu olmuşdır, bu barədə icra məmuruna şifahi qaydada məlumat da vermişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 1(063)- 43/2022 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, ibtidai istintaq dövründə həbsdə olduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmış və Cavabdeh üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Ucar şəhəri, 20 Yanvar küçəsi, döngə 3, ev 4-də yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə 10 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Cavabdeh məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İş materiallarında olan 28 noyabr 2023-cü il tarixli "Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” texniki rəyin surətindən görünür ki, Cavabdeh oğlunda olan “Attenti V6” mobil qurğusunun texniki baxışın nəticəsində ana platada antena pinlərinin qırıldığı, təmirinin mümkün olmadığı və istifadəyə tam yararsız olduğu göstərilmişdir. İş materiallarında olan 29 iyul 2021-ci il tarixli, ED-M-96-21 nömrəli məktubun surətindən görünür ki, 1 ədəd sadə elektron qolbağın, 1 ədəd mobil nəzarət qurğusunun, 1 ədəd elektrek adapterin və 1 ədəd proqram lisenziyasının qiyməti ƏDV ilə birlikdə 2277,40 manat təşkil edir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, cavabdeh, Ucar şəhəri, 20 Yanvar küçəsi, ev 4-də yaşayır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.3-cü maddəsinə əsasən elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən edildi ki, Ucar Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 1(063)-43/2022 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, ibtidai istintaq dövründə həbsdə olduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmış və Cavabdeh üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Ucar şəhəri, 20 Yanvar küçəsi, döngə 3, ev 4də yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. 10 avqust 2022-ci il tarixdə müvafiq protokol tərtib edilərək cavabdehin üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Həmin nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş, bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. Elektron nəzarət dəstinin vəziyyəti haqqında 28 noyabr 2023-cü il tarixli texniki rəyə əsasən texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ana platasında antena pinlərinin qırılması, təmirinin mümkünsüz olduğu, istifadəyə tam yarasız olduğu müəyyən edilmiş, habelə həmin yararsız vəziyyətə düşən avadanlığın qiyməti 2277,40 manat təşkil etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməməsi və bununla bağlı hüquqazidd hərəkətləri nəticəsində üzərinə quraşdırılmış elektron nəzarət vasitəsini yararsız vəziyyətə salmaqla 2277,40 manat miqdarında maddi ziyan vurması məhkəmə iclasında sübuta yetirilmişdir. Cavabdeh izahatında ona verilmiş mobil nəzarət qurğusunun yararsız hala salmadığını bildirsə də öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş və bunun təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir, odur ki, onun etirazı əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək bu nəticəyə gəlir ki, 2277,40 manat miqdarında maddi ziyana görə məhz cavabdeh bilavasitə maddi məsuliyyət daşıdığına görə iddia tələbi təmin edilməli, cavabdehdən 2277,40 manat maddi ziyan məbləği alınaraq X2 hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə qeyd edir ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilmişdir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizinin ödənilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı azad edildiyi 42,77 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh zərərə görə 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pul tutularaq X2 hesabına ödənilsin. Cavabdeh dövlət rüsumuna görə 42 (qırx iki) manat 77 (yetmiş yeddi) qəpik məbləğdə pul tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar