Məhkəmə qərarları › İş №2(063)-133/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-133/2024

11.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-133/2024 11.03.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3100 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, 2021-ci ilin noyabr ayında Cavabdeh ilə tanış olmuşdur. Söhbət əsasında Aqşin ondan yaşını soruşmuş o, isə hazırda 59 yaşı olduğunu bildirdikdə sonuncu ona təqaüd düzəldə biləcəyini bildirmişdir. O, təqüdə çıxma yaşına az qaldığını bildirərək Aqşinin təklifini rədd etmiş, əvəzində isə imkanı varsa oğlu Nurlanı işlə təmin etməsini xahiş etmişdir. Cavabdeh razı olduqdan bir neçə gün sonra işi ilə bağlı kiminləsə danışdığını və oğlunun Bakı şəhərində “Port Baku”nun binasında yerləşən ofislərin birində işlə təmin olunacağını bildirmişdir. Lakin, işin həll olunması üçün işi düzəldəcək adama 1000 (bir) min manat məbləğində pul verməli olduğunu bildirərək həmin pulu tələb etdiyindən o, pulu borc-xərclə düzəldərək Aqşinə çatdırmasına görə oğlu Nurlana vermişdir. Nurlan 07 noyabr 2021-ci il tarixdə təxminən günorta saat 15-16 radələrində Xırdalan şəhəri, “Kristal Abşeron yaşayış massivində Aqşinlə görüşərək pulu sonuncuya vermişdir. Bundan bir neçə gün sonra cavabdeh oğlunun telefonuna səsli mesaj göndərərək banka borcu olan tanışlarınız varsa onların borclarını sildirə biləcəyini bildirmişdir. Bu zaman onun "xxxx" KB ASC-yə 5000 (beş min) manat məbləğində kredit borcu olduğundan o, Cavabdeh həmin borcu sildirməyini xahiş etmiş, sonuncu isə bunun üçün ondan 2500 (iki min beş yüz) manat məbləğində pul istəmişdir. O, cavabdehə inanaraq həmin məbləği toplayaraq Aqşinə çatdırması üçün oğluna vermişdir. Oğlu Nurlan 18 noyabr 2021-ci il tarixdə, saat 11:00 radələrində “AAAF park” yaşayış kompleksi ərazisində həmin pulu Aqşinə vermişdir. Bundan sonra, cavabdehdən heç bir xəbər çıxmamışdır. Aqşindən düzəltdirəcəyi işlər barəsində soruşduqda sonuncu bu gün, sabah həll edəcəyini bildirərək müxtəlif bəhanələr gətirməklə onları aldatmışdır. Lakin, cavabdeh verdiyi pullardan iki dəfə 250 manat olmaqla cəmi 500 manat məbləğində pulu qaytarsada, qalan 3000 manatı isə qaytarmamışdır. Bununla bağlı o, və ondan başqa Aqşin tərəfindən aldadılan digər şəxslərin şikayətinə əsasən sonuncu barəsində cinayət işi başlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(012)-478/2022 nömrəli cinayət işi üzrə məhkəmə prosesləri zamanı sonuncunun bacısı X1 hökm çıxana qədər ona yalvar-yaxar edərək notariat qaydasında şikayət və tələbinin olmamasına və Aqşinin ona olan borcunun tam olaraq ödədiyinə dair sənəd imzalamağını xahiş etmişdir. Bildirmişdir ki, əgər o, məhkəməy’ belə bir sənəd təqdim edərsə o zaman məhkəmə bunu yüngülləşdirici hal kimi qəbul edərək Aqşinə daha yüngül cəza təyin edər. Həmçinin, cavabdehin bacısı İlahə ona söz vermişdir ki, notarial qaydada o, "Aqşindən heç bir şikayət və tələbim yoxdur, mənə olan borcu tam ödəmişdir" deyə sənədi imzlayarsa qardaşının əvəzinə ona olan borcu həmin gün özü ödəyəcəkdir. Bu zaman o, İlahəyə inanaraq, həmçinin də, sonuncunun bacı olaraq qardaşının düşdüyü vəziyyətə görə axıtdığı göz yaşlarına, yalvarmaqlarına görə ürəyi dözməyərək düşünmüşdür ki, bacısı qardaşının borcunu ödəməyi öz üzərinə götürdüyündən ödəyəcəkdir. Bu səbəbdən də, cavabdehin bacısının dediklərinə inanaraq cavabdeh tərəfindən borcunun ödənilməsi barədə sənədi imzalamışdır. Lakin, bundan sonra, nə İlahə, nə də Aqşin borcunu ödəməmişdir. Aqşin barəsində məhkəmə hökmü çıxarıldıqdan sonra İlahə ilə aralarında dəfələrlə borcun qaytarılması barədə sonuncu tərəfində vədlər olunmuşdur ki, bu hal da öz əksini Whatsapp yazışmalarında və səsli mesajlarda öz əksini tapmışdır. İLahə Aqşinin borclu olduğu digər vətəndaşların borcunu qaytardıqdan sonra ona olan borcunu da qaytaracağını bunun üçün biraz səbr etməyini xahiş etmşidir (bu hal ərizəyə əlavə olunmuş Whatsap mesajlarından edilmiş çıxarışlarda öz əksini tapmışdır). Eyni zamanda onuda qeyd etmişdir ki, həqiqətəndə borcu tam ödənilmiş olsaydı Aqşin barəsində məhkəmə hökmü çıxarıldıqdan sonra cavabdehin bacısı İlahə borcu ödəyəcəklərinə dair sözlər verməzdilər. Odur ki, iddiaçı tərəfindən tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdırmaqla hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 24 oktyabr 2022-ci il tarixli, 1(012)-478/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan 31 dekabr 2022-ci il və 24 yanvar 2023-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı hesabına iki dəfə 250 manat olmaqla cəmi 500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşdə olan 01 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 51 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə iclasında proses iştirakçılarının izahatları, tədqiq olunmuş sübutların məcmusu, eləcə də Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 24 oktyabr 2022-ci il tarixli, 1(012)-478/2022 saylı hökmü ilə müəyyən edildi ki, 2021-ci ilin noyabr ayında Cavabdeh İddiaçı ümumilikdə 3500 manat məbləğində borc pul almış, habelə bu vəsaiti təyinatı üzrə öz ehtiyacına sərf etsə də, sonuncuya olan borcunu tam qaytamamışdır. Yalnız, cəmi 500 manat ödəniş etmiş, qalıq 3000 manat borcunu isə ödəməkdən yayınmışdır. Belə ki, cavabdeh bu günədək müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmış, bununla da, sonuncu qarşısında götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Beləliklə, hazırda iddiaçıya cavabdehin 3000 məbləğində borcunun olması işin mübahisələndirilməyən hallarından olmaqla, bu borcunun olmasını sonuncu 2022-ci ildə 1(012)-478/2022 saylı iş üzrə keçirilən məhkəmə iclasında da etiraf etmişdir. Cavabdehin öz borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd olunan məcəllənin 882-cı maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Bu Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Qeyd edilən Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Cavabdeh şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Bununla da, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya 3000 manat məbləğində pulu qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğuna görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh İddiaçı xeyrinə 3000 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 51 (əlli bir) manat məbləğində dövlət rüsumu həm iddia ərizəsində, həm də məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3000 (üç min) manat pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar