Məhkəmə qərarları › İş №2(063)-1381/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1381/2025

09.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1381/2025 09.01.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Atayeva Ramilə Mirəli qızının katibliyi, İddiaçı Məhəmməd oğlunun, Cavabdeh1 iştirakları ilə, İddiaçı Məhəmməd oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Məhəmməd oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 41300 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdeh2 onun qohumu, keçmiş qayını, digər Cavabdeh1 isə sonuncunun atası, onun isə keçmiş qayınatasıdır. Cavabdeh2 uzun illər xarici ölkələrdə təhsil xidmətləri göstərmək adı altında onlarla vətəndaşa qarşı dələduzluq əməlləri törətmiş, dəfələrlə cinayət məsuliyyətinə cəlb olunmuş və barəsində araşdırmalar aparılmışdır. Sonuncu dəfə Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsində başlanılmış cinayət işi üzrə Cavabdeh2 ittiham irəli sürülmüş, barəsində qətimkan tədbiri kimi Yasamal Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə olduğu müddətdə Cavabdeh2 və ailəsinin yeganə yaxın və etibarlı qohumu kimi o, bütün danışıqlarda, barışdırma proseslərində iştirak etmiş, bütün zərərçəkmiş şəxslərlə görüşərək məsələnin yoluna qoyulmasına çalışmışdır. Məhz bu niyyətlə, sonradan qaytarılacağı vədi ilə həmin dövrdə ona məxsus əmlakları satmış, eyni zamanda bir neçə tanışından yüksək faizlə sələmə borc götürərək zərərçəkmiş şəxslərə və şəxsən cavabdehə müxtəlif məbləğlərdə pul vəsaiti ödəmişdir. Cinayət işi materiallarından, ittiham aktından və digər sənədlərdən də göründüyü kimi, zərərçəkmiş şəxslərə ümumilikdə 30000 manatdan artıq ödəniş edilmişdir. Həmin ödənişlərin birbaşa onun tərəfindən edilməsi həm şahid ifadələri, həm də cavabdehlərin özləri tərəfindən təsdiq edilə bilər. Hətta xüsusi sübut kimi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnaməni də məhkəməyə təqdim etmişdir. Həmin qətnamədən də görünür ki, ən böyük zərərçəkmişlərdən biri olan Əlfəddin Kərimov ilə aralarında 25000 manat məbləğində formal notariat borc müqaviləsi bağlanmışdır. Bu, əlavə ödəniş tələb olunması səbəbindən və məhz onun zəmanət verməyi məqsədilə edilmişdir. Daha sonra isə həmin vəsaitin əvvəllər də verildiyini sübut etdiyi üçün sözügedən müqavilə etibarsız sayılmışdır. Cinayət işi gedişində Cavabdeh2 vurduğu zərərə görə zərərçəkmiş şəxslərə ümumilikdə 31300 AZN məbləğində pul vəsaiti ödəmişdir (Əlfəddin Kərimova – 25000 manat, Tünzalə Mirzəyevaya – 3000 manat, İlhama Əliyevaya – 3300 manat). Bundan əlavə, Cavabdeh1 isə şəxsən sələmə borc götürərək 10000 manat pul vermişdir. Cavabdeh2 işi üzrə apellyasiya instansiyası məhkəməsinin son qərarı ilə sonuncu məhkum edilmiş, birinci instansiya məhkəməsində dövlət büdcəsinə ödənilmiş 49000 manat məbləğində vəsait isə Cavabdeh1 hesabına geri qaytarılmışdır. Cavabdehlərə məxsus həmin dövrdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən mənzil mövcud olmuş və bu mənzil satılmaqla ona olan borcun qaytarılacağı bildirilsə də, sonradan həyat yoldaşı Aidə Əliyeva ilə münasibətlərinin pozulması və uşağa dair məhkəmə mübahisəsinin başlanması nəticəsində cavabdehlərin ona qarşı münasibəti dəyişmiş, borcun qaytarılmasından imtina edilmiş və onu hədələməyə başlamışlar. Məhz bu səbəbdən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Odur ki, iddiaçı tərəfindən tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı Məhəmməd oğlu iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 oğlu göstərdi ki, İddiaçı qızı X14 ilə 2019-cu ildə boşanmışdır. Həmin dövrədək iddiaçı onun kürəkəni olmuşdur. Doğrudur, oğlu Cavabdeh2 dələduzluq cinayətində ittiham olunmuşdur, lakin hazırda onun barəsində Bakı Apellyasiya Məhkəməsində verilmiş apellyasiya şikayətinə baxılır və ittiham olunduğu cinayət qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə hələ təsdiqini tapmamışdır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi məqsədilə ailə olaraq çətin vəziyyətdə qalmış, evini və avtomobillərini sataraq əldə etdiyi vəsaiti ziyanın ödənilməsinə vermişlər. Belə ki, zərərçəkmiş şəxslərdən Əlfəddin Kərimova 25000 manat, Tünzalə Mirzəyevaya 3000 manat, İlhamə Əliyevaya isə 3300 manat məbləğində pul vəsaitləri məhz İddiaçı tərəfindən verilmişdir. Lakin həmin vəsaitləri zərərçəkmiş şəxslərə verilməsi məqsədilə iddiaçıya o, şəxsən özü vermişdir. Həmin pullar onun ev və maşın satmasından əldə etdiyi vəsaitlər hesabına əmələ gəlmişdir. Bununla belə, həmin vəsaitlərin iddiaçıya verilməsini təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilmir. İddiaçı tərəfindən tələb edilən əlavə 10000 manat məbləğə gəldikdə isə iddiaçı bu vəsaiti onun və Sənan Əliyevin iştirakı ilə Bakı şəhəri, Dərnəgül metrostansiyasının yaxınlığında X2 götürmüşdür. Lakin həmin məbləği iddiaçı ona verməmişdir. Doğrudur, iddiaçı həmin pulu götürmüşdür, lakin həmin vəsaitin ona verilməsi və ya onun tərəfindən qəbul edilməsi sübuta yetirilməmişdir. Bu səbəbdən sözügedən 10000 manat məbləğin iddiaçı tərəfindən ona verilməsi təsdiq olunmur. Bundan əlavə onu da bildirmişdir ki, oğlunun həbsdən çıxaracağı vədi ilə qızı X14 da bankdan kredit götürərək həmin vəsaiti iddiaçıya vermişdir. Hal-hazırda qızı həmin kreditləri öz hesabına ödəməkdə davam edir. Hesab edir ki, iddiaçı tərəfindən qaldırılmış iddianın əsl məqsədi qızı üzərində və azyaşlı uşaqlarla bağlı gedən məhkəmə prosesində üstünlük əldə etmək, həmçinin cavabdehlərin onun barəsində polis orqanlarına etdikləri müraciətlərin qarşısını almaq üçün təzyiq vasitəsi kimi istifadə etməkdir. Bu səbəbdən iddianın təmin edilməsini əsassız hesab edirəm. Odur ki, iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasına etiraz etmir (bununla bağlı yazılı etiraz ərizəsini də təqdim etmişdir). Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən əlahiddə müşayiət taboru vasitəsilə məhkəmə iclasına gətirilməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh1 münasibətdə qətnamənin əsaslandırıcı hissəsində iddianın etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, 18 dekabr 2023-cü il tarixli ittiham aktının surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq tamamlanmışdır. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 1(101)- 1263/2024 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 1(103)-1558/2025 nömrəli qərarının surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh2 CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 1(101)-1263/2024 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, 03 oktyabr 2024-cü il tarixli, 14626 nömrəli qəbzlə 14000 manat, 03 oktyabr 2024-cü il tarixli, 20814 nömrəli qəbzlə 13000 manat, 04 oktyabr 2024cü il tarixli,30755 nömrəli qəbzlə 10000 manat, 04 oktyabr 2024-cü il tarixli, 7058 nömrəli qəbzlə 10000 manat, 11 oktyabr 2024-cü il tarixli, 27061 nömrəli qəbzlə 1922 manat, 21 noyabr 2024-cü il tarixli, 13358 nömrəli qəbzlə 01 manat olmaqla, ümumilikdə dövlət büdcəsinə ödənilmiş 48923 manat pulun Cavabdeh2 atası Cavabdeh1 qaytarılması və Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən məhkum Cavabdeh2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manatın dövlət büdcəsindən tutularaq, Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesabina köçürülməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında X8 tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 14 avqust 2025-ci il tarixli, 3-23-2/2-1005/2025 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında X3 Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2025-ci il tarixli, 1(103)-1558/2025 nömrəli qərarının icrası ilə bağlı məlumat verilməsi barədə məktuba baxılmış və həmin qərara əsasən 48.923,00 manat məbləğində vəsait 13 avqust 2025-ci il tarixdə Cavabdeh1 "xxxx" ASC-də olan AZ71AİİB******************** nömrəli hesabına köçürülmüşdür. İşdə olan 30 avqust 2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, X1 Natiq Məhəmməd oğluna 24800 manat məbləğində borc pul vermişdir. İşdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(002)-1911/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Məhəmməd oğlu ilə cavabdeh X4 arasında Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisində bağlanmış, reyestrdə 3M-261 nömrəsi ilə qeyd edilmiş 30 avqust 2023-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. İşdə olan X4 tərəfindən təqdim olunmuş 31 avqust 2023-cü il tarixli qəbzin surətindən görünür ki, həmin tarixdə İstintaq Şöbəsinin müstəntiqi X5 xitməti otağında Cavabdeh2 qohumu tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir. İşdə olan X9 tərəfindən məhkəməyə ünvanlanmış 18 dekabr 2025-ci il tarixli ərizədən görünür ki, o, Yasamal RPİ-nin İB-nin münstəntiqi vəzifəsində çalışmışdır. İcraatında olan Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə sonuncu zərəçəkmiş şəxs Əlfəddin Kərimovun 85000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Cavabdeh2 tərəfindən Əlfəddin Kərimova dəymiş ziyanın bir hissəsi, yəni 25000 manatı Cavabdeh2 qohumu İddiaçı tərəfindən xidməti otağında Əlfəddin Kərimova ödənilmişdir. İşdə olan X13 tərəfindən məhkəməyə ünvanlanmış 18 dekabr 2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı Məhəmməd oğlu ona zəng edərək 10000 manat borc pul istəmiş və bu səbəbdən onlar 14 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, 7-ci mikrorrayon, Dərnəgül metrostansiyasının yanında görüşmüşlər. Görüşdə o, İddiaçı, Sənan Əliyev və Cavabdeh1 olmuşdur. Bu zaman o, 10000 manat məbləğində pul vəsaitini İddiaçı, sonuncu da həmin pulu Cavabdeh1 vermişdir. Bundan sonra Cavabdeh1 həmin pulu qısa müddət ərzində qaytaracağına söz vermişdir. İşdə olan X11 tərəfindən məhkəməyə ünvanlanmış 04 dekabr 2025-ci il tarixli teleqramdan görünür ki, Cavabdeh2 tərəfindən ona 3000 manat məbləğində zərər dəymiş və ona dəyən zərər sonuncunun qohumu İddiaçı Məhəmməd oğlu tərəfindən tam ödənilmişdir. İşdə olan X16 tərəfindən məhkəməyə ünvanlanmış 15 dekabr 2025-ci il tarixli teleqramdan görünür ki, İddiaçı Məhəmməd oğlu tanışı X7 10000 manat borc pul alaraq Cavabdeh1 vermiş, sonuncu da öz növbəsində evini satıb borcunu qaytaracağına söz vermişdir. İşdə olan X10 tərəfindən məhkəməyə ünvanlanmış 17 dekabr 2025-ci il tarixli teleqramdan görünür ki, Cavabdeh2 tərəfindən ona 3300 manat məbləğində zərər dəymiş və ona dəyən zərər sonuncunun qohumu İddiaçı Məhəmməd oğlu tərəfindən tam ödənilmişdir. İşdə olan 24 oktyabr 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 214 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Məhəmməd oğlu Cavabdeh2 törətdiyi cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəyən ziyanı ödəmək məqsədilə öz vəsaiti hesabına və digər tanışlarından yüksək faizlə borc götürərək ümumilikdə 31300 manat məbləğində pul vəsaiti ödəmişdir. Konkret olaraq, İddiaçı tərəfindən Əlfəddin Kərimova 25000 manat, Tünzalə Mirzəyevaya 3000 manat və İlhamə Əliyevaya 3300 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bu ödənişlər iş materiallarında təqdim edilmiş qəbzlər, teleqramlar, zərərçəkmiş şəxslərin ifadələri, proses iştirakçılarının izahatları və digər yazılı sübutlar ilə təsdiqlənmişdir. Cavabdehlərin öz borclarını qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bu Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Qeyd edilən Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Cavabdehlər şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəflərin izahatlarını, iş materiallarına əlavə olunmuş ərizə və teleqramları, işin faktiki halları, o cümlədən təqdim edilmiş mötəbər sübutlarla əlaqəli şəkildə tədqiq edərək müəyyən etdi ki, tərəflər arasında mövcud olmuş münasibətlər etibarlılıq zəminində formalaşsa da, sonda mübahisə ilə nəticələnən məhkəmə müdafiəsindən istifadə edilmişdir. Belə ki, işin araşdırılan hallarından görünür ki, İddiaçı Məhəmməd oğlu tərəfindən Cavabdeh2 törətdiyi cinayət nəticəsində zərərçəkmiş şəxslərə ümumilikdə 31300 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bu hal Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü, zərərçəkmiş şəxslər Əlfəddin Kərimov, Tünzalə Mirzəyeva, İlhamə Əliyeva tərəfindən təqdim olunmuş teleqram və qəbzlər, eləcə də, tərəflərin izahatları ilə təsdiq olunmuşdur. Həmçinin Cavabdeh1 izahatında iddiaçının göstərdiyi 31300 manat məbləğində pul vəsaitinin zərərçəkmiş şəxslərə ödənilməsini İddiaçı Məhəmməd oğlu tərəfindən həyata keçirildiyini etiraf etmişdir. Lakin cavabdeh həmin vəsaitin onun şəxsi mülkiyyətinə aid olduğunu təsdiq edən heç bir yazılı və ya digər sübut təqdim edə bilməmişdir. Bu fakt məhkəmə tərəfindən diqqətlə qiymətləndirilmiş və müəyyən edilmişdir ki, ödənişlərin həyata keçirilməsi vəsaitlərin iddiaçı tərəfindən ödənilməsini təsdiqləyən sübutlarla tam şəkildə təsdiqlənmişdir. Bu isə 31300 manat məbləğinin cavabdehlərdən tutulub iddiaçıya ödənilməsini əsaslandırır. Beləliklə, 31300 manat məbləğin qaytarması işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı isə yerdə qalan 10000 manat pul vəsaitidir. Məhkəmə işin mübahisələndirilən hissəsini hüquq müstəvisində qiymətləndirərək qeyd qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən, iddiaçı öz iddia tələbini sübuta yetirməlidir. İddiaçı tərəfindən tələb olunan əlavə 10000 manat məbləğ üzrə təqdim olunmuş sübutlar isə məhkəmə araşdırması zamanı kifayət qədər etibarlı hesab edilməmişdir. Belə ki, İddiaçı həmin vəsaitin Cavabdeh1 verildiyini təsdiq edən yazılı sənəd, qəbz, müqavilə və ya digər rəsmi sübut təqdim edə bilməmiş, yalnız iddiaçı özünün və bir neçə şəxsi şahidin ifadəsinə istinad etmişdir. Məhkəmə nəzərə almışdır ki, mülki prosesdə sübutetmə yükü iddiaçıya aid olduğundan və bu yük tam şəkildə yerinə yetirilmədiyindən, 10000 manat məbləğ üzrə təqdim olunmuş sübutlar kifayət qədər etibarlı hesab edilməmişdir. Bununla da, məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya 31300 manat məbləğində pul vəsaitini qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduqlarına görə, iddiaçı cavabdehlərin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Məhəmməd oğlunun xeyrinə 31300 manat məbləğində pul vəsaiti tutularaq ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 214 (iki yüz on dörd) manat məbləğində dövlət rüsumu həm iddia ərizəsində, həm də məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehlərdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Məhəmməd oğlunun xeyrinə 31300 (otuz bir min üç yüz) manat məbləğində pul vəsaiti tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 214 (iki yüz on dörd) manat dövlət rüsumu İddiaçı Məhəmməd oğluna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar