Məhkəmə qərarları › İş №2(063)-14/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-14/2025

18.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-14/2025 18.03.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona vurduğu zərərin əvəzi olaraq 7055 manat və 91 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh, 16 iyun 2022-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi “VAZ-21063 minik” markalı, **-BD-*** nömrəli avtomobili ilə Ucar rayonunun Məlikballı kəndinin içərisində yolda hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq əks istiqamətdə velosipedlə hərəkət edən X6 vurmuşdur. Nəticədə aldığı xəsarətlərə görə Nurbaba Əhmədov ölmüşdür. Nurbaba Əhmədov onun oğludur. Cavabdeh, Ucar Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 1(063)-6/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işi üzrə o, zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır. Cavabdehin onun oğlu Nurbabanın ölümü ilə nəticələnən avtomobil qəzası törətməsi nəticəsində ona maddi ziyan dəymişdir. Belə ki, övladının qəbr daşının düzəldilməsinə 3000 manat, cinayət işi üzrə hüquqlarının müdafiəsinin səmərəli təşkili üçün vəkillə-müqaviləyə 1500 manat, məhkəmə iclaslarında iştirak etmək üçün hər dəfə 15 manat olmaqla, 17 dəfəyə 255 manat, yas mərasiminin təşkili üçün 2300 manat pul xərcləmişdir. Cavabdehin cinayət əməli nəticəsində ona 7055 manat maddi ziyan dəymişdir. Buna görə də cavabdehdən vurduğu zərərin əvəzi olaraq 7055 manat alınaraq ona verilməlidir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi. Hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən və hazırkı mülki iş üzrə cavabdeh olan Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilmiş və təqdim edilmişdir. Həmçinin, cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək maddi və mənəvi ziyanın ödənilməsi haqqında ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)-14/2025 nömrəli, 07 fevral 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Cavabdeh maddi və mənəvi ziyanın ödənilməsi haqqında qarşılıqlı iddia ərizəsinin geri qaytarılması, Cavabdeh iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmələrinə mane olmamasının izah edilməsi qərara alınmışdır. Cavabdeh hazırkı iş üzrə məhkəməyə göndərdiyi izahatda ona qarşı qaldırılmış iddianı qəbul etmədiyini, istintaq dövründə iddiaçıya pul təklif etdiyini, o zaman qəbul etmədiklərini, indi də onun imkanının olmadığını göstərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, iddiaçı onun qohumudur. İddiaçının oğlu Nurbabanın yas mərasimi ilə bağlı 1500- 1600 manant dəyərində ərzaq məhsulları alıb İddiaçı vermişdir, amma Qüdrət maddi cəhətdən çətinliyə görə borcunu ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, iddiaçı onun uzaq qohumudur. İşlədiyi sexdə iddiaçının mərhum oğlu Nurbabanın qəbir daşının düzəldilməsinə görə 3000 manat borcu qalmışdır. Həmin sexin müdiri də həmin məbləğdə pulu tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, iddiaçı onun qohumu, yəni dayısıdır. İddiaçının oğlu Nurbabanın yol-nəqliyyat hadisəsi nəticəsində həlak olması ilə əlaqədar idarə etdiyi “NAZ Lifan” markalı, ** HK *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhərinə, Ağdaş rayonuna, Mingəçevir şəhərinə, Ucar şəhərinə məhkəməyə getmişlər, buna görə Qüdrətin ona təxminən 700-800 manat borcu qalmışdır. Məhkəmə, iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 1(063)-6/2023 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 aprel 2024-cü il tarixli, 1(107)-203/2024 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 1(063)-6/2023 nömrəli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli, 1(102)-2281/2024 nömrəli qərarı ilə məhkum Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-203/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyası Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X12 tərəfindən verilmiş 25 may 2023-cü il tarixli, 2-05/23 nömrəli qəbzdən görünür ki, Ucar Rayon Məhkəməsinin icraatında olmuş 1(063)-65/2022 nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı nümayəndəsi və vəkili kimi aralarında bağlanmış 12 noyabr 2022-ci il tarixli, 2-11/2022 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilə əsasında ondan 500 manat pul alınmışdır. İş materiallarında olan sadə yazılı sənəddən görünür ki, X3 Qüdrət Səftər oğlunun göstərişi ilə 17.06.22-ci il tarixindən 26.07.22-ci il tarixinədək oğlu X4 1-40 mərasiminə 1580 (bir min beş yüz səksən) manatlıq ərzaq almışdır. İş materiallarında olan sadə yazılı sənəddən görünür ki, X17 17 iyun 2022-ci il tarixindən 12 aprel 2023-cü il tarixinə kimi İddiaçı yol pulu olaraq 750 (yeddi yüz əlli) manat pul almışdır. İş materiallarında olan sadə yazılı sənəddən görünür ki, X9 17 iyun 2022-ci il tarixindən 12 aprel 2023-cü il tarixinə kimi İddiaçı yol pulu olaraq 825 (səkkiz yüz iyirmi beş) manat pul almışdır. İş materiallarında olan sadə yazılı sənəddən görünür ki, X2 Qüdrət Səftər oğlunun göstərişi ilə cümə axşamlarına 40 kq, yeddiyə 20 kq, qırx mərasiminə isə 30 kq, ümumilikdə 90 kq ət almışdır. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı, Ucar rayonu, Məlikballı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.2.1-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda, o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə iclasında qanuni qüvvəyə minmiş məhkəmə hökmü və iş materialları ilə müəyyən edildi ki, Cavabdeh 16 iyun 2022-ci il tarixdə, saat 21 radələrində nəqliyyat vasitəsini idarəetmə hüququ verən B kateqoriyalı, AC 923903 nömrəli sürücülük vəsiqəsi əsasında etibarnamə ilə ayıq halda idarə etdiyi “VAZ- 21063 minik” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ucar rayonu, Məlikballı kəndinin içərisində asfalt örtüklü yolla Ucar rayonu, Qazıqumlaq kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməyərək ona əks istiqamətdə hərəkətdə olan 25 oktyabr 2004-cü il təvəllüdlü velosipedçi X6 gördükdə idarə etdiyi avtomobilin surətini tam dayanma həddinə qədər azaltmayaraq hərəkətini davam etdirib, sonuncunu idarə etdiyi maşınla vurub ona baş beyinə qansızma ilə ağırlaşan kəllə əsası sümüklərin xətti sınığı, sağ baldır sümüklərinin qapalı sınığı ilə müşaiyət edilən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirib ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X5 ölümünə və idarə etdiyi velosipedin yarasız hala düşməsi ilə 125 (bir yüz iyirmi beş) manat maddi ziyan vurulmasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Ucar Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 1(063)-6/2023 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən sonuncunun törətdiyi cinayət əməli nəticəsində vurduğu ziyanı tələb etmək hüququ vardır. Məhkəmə iclasında iddiaçı cavabdehin ona məhz 7055 manat məbləğində maddi zərər vurması barədə tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir, mülki prosessual qanunvericiliyinin tələbinə görə də hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin iddiaçıya 5255 manat maddi zərər vurması həm iş materialları, həm də şahidlərin ifadələri ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə, iddiaçının vəsatəti ilə məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrinə qiymət verərək bu nəticəyə gəlir ki, mübahisə ilə bağlı qeyd olunan şəxslərin ifadələri iş materialları ilə təsdiq olunduğundan sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 91 manat dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə cavabdehdən zərərə görə 5255 manat və ödənilmiş dövlət rüsumuna görə 67,78 manat, cəmi 5322,72 manat məbləğində pul tutularaq iddiaçıya verilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissəsi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh zərərə görə 5255 (beş min iki yüz əlli beş) manat və ödənilmiş dövlət rüsumuna görə 67 (altmış yeddi) manat 78 (yetmiş səkkiz) qəpik, cəmi 5322 (beş min üç yüz iyirmi iki) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar