Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-172/2024 04.03.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4700 manat pulun və ödənilmiş 67 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 4680 manat pulun və ödənilmiş 67 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə əvvəllər bir yerdə işlədiyi X2 vasitəsilə tanış olmuşdur. Başında qan dövranı pozğunluğu səbəbindən təqaüdə çıxmaq istədiyini Aygünə bildirdikdə sonuncu tanışı Aqşinin bu işdə ona kömək edə biləcəyini bildirmiş və bununla bağlı onu Aqşinlə telefon vasitəsilə danışdırmışdır. Bu zaman Cavabdeh təqaüdlə bağlı ona kömək edə biləcəyini bildirmişdir. Bundan sonra, Aqşinlə yaşadığı ünvan 1 ünvanında görüşdüyü zaman sonuncu onu birinci qrup əlil kimi təqaüdə çıxaracağına söz vermişdir. Bu işin həll edilməsi üçün birlikdə həll edəcəyi şəxsə 2000 (iki min) manat məbləğində pul verməli olduğunu bildirərək həmin məbləği tələb etdikdə o, Aqşinə 25 iyul 2021-ci il tarixdə öz evində 2000 (iki min) manat məbləğində pul vermişdir. Ancaq, pulu Aqşinə verərkən ona borc verdiyini və borcun avqust ayında qaytarılacağını göstərən qəbz yazmışdır. Aqşin də həmin məzmunda mətn yazdıqdan sonra hər ikisi də imzalamışdır. Bundan sonra, Aqşin ondan sənədlər üçün əlavə olaraq da 500 (beş yüz) manat məbləğində pul istədiyində o, öz evində sonuncuya 05 avqust 2021-ci il tarixdə 250 (iki yüz əlli) manat, 07 avqust 2021-ci il tarixdə 150 (bir yüz əlli) manat, 14 avqust 2021-ci il tarixdə isə 100 (bir yüz) manat məbləğində pul vermişdir. Bu zaman əvvəlki verdiyi pullara görə tərtib etdiyi kağıza yenə əlavə olaraq bu məbləğləri də qeyd edərək imzalamışlar. Beləliklə, o, Aqşinə ona təqaüd düzəltdirməsi üçün 2500 (iki min beş yüz) manat məbləğində pul vermişdir. Bundan sonra, 2021-ci ilin avqust ayında Aqşin ona "Kapital bankdan" təqaüd almaq üçün öz adına hesab kartı açdırmışdır. O, da "Kapital banka" müraciət edərək **********076748 seriyalı hesab kartı açdırmış və 2021-ci ilin sonlarında iki dəfə, 410 (dörd yüz on) manat olmaqla, cəmi 820 (səkkiz yüz iyirmi) manat məbləğində pul almışdır. Sonradan isə kartına pul köçürülmədikdə Aqşindən bu barədə soruşduqda sonuncu gecikmə olduğunu, lakin, pulun köçəcəyini bildirmişdir. Bundan əlavə, Aqşin ona 2021-ci ilin avqust ayında güzəştli mənzil, yəni sosial ev düzəltdirə biləcəyini bildirərək, ondan öz evində 23 avqust 2021-ci il tarixdə 2000 (iki min) manat, 30 avqust 2021-ci il tarixdə isə 1000 (min) manat olmaqla, cəmi 5500 (beş min beş yüz) manat məbləğində pul almışdır. Aqşinin ondan pulları alaraq müqabilində vəd etdiyi işlərin düzəlmədiyini görəndə sonuncudan verdiyi pulları tələb etsə də, ala bilməmişdir. Bununla bağlı o, və ondan başqa Aqşin tərəfindən aldadılan digər şəxslərin şikayətinə əsasən sonuncu barəsində cinayət işi başlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(012)-478/2022 nömrəli cinayət işi üzrə məhkəmə prosesləri zamanı sonuncunun bacısı X1 hökm çıxana qədər ona yalvar-yaxar edərək notariat qaydasında şikayət və tələbinin olmamasına və Aqşinin ona olan borcunun tam olaraq ödədiyinə dair sənəd imzalamağını xahiş etmişdir. Bildirmişdir ki, əgər o, məhkəməyə belə bir sənəd təqdim edərsə o zaman məhkəmə bunu yüngülləşdirici hal kimi qəbul edərək Aqşinə daha yüngül cəza təyin edər. Həmçinin, cavabdehin bacısı İlahə ona söz vermişdir ki, notarial qaydada o, "Aqşindən heç bir şikayət və tələbim yoxdur, mənə olan borcu tam ödəmişdir" deyə sənədi imzlayarsa qardaşının əvəzinə ona olan borcu həmin gün özü ödəyəcəkdir. Bu zaman o, İlahəyə inanaraq, həmçinin də, sonuncunun bacı olaraq qardaşının düşdüyü vəziyyətə görə axıtdığı göz yaşlarına, yalvarmaqlarına görə ürəyi dözməyərək düşünmüşdür ki, bacısı qardaşının borcunu ödəməyi öz üzərinə götürdüyündən ödəyəcəkdir. Bu səbəbdən də, cavabdehin bacısının dediklərinə inanaraq cavabdeh tərəfindən borcunun ödənilməsi barədə sənədi imzalamışdır. Lakin, bundan sonra, nə İlahə, nə də Aqşin borcunu ödəməmişdir. Aqşin barəsində məhkəmə hökmü çıxarıldıqdan sonra İlahə ilə aralarında dəfələrlə borcun qaytarılması barədə sonuncu tərəfindən vədlər olunmuşdur ki, bu hal da öz əksini Whatsapp yazışmalarında və səsli mesajlarda öz əksini tapmışdır. İLahə Aqşinin borclu olduğu digər vətəndaşların borcunu qaytardıqdan sonra ona olan borcunu da qaytaracağını bunun üçün biraz səbr etməyini xahiş etmişdir. Bundan əlavə İlahə ona xeyriyyəçi olduğunu və hansısa qurumda vasitəçi olduğunu bildirmişdir. Bu zaman o, qızının əməliyyat pulunu həmin qurum vasitəsilə ödəyəcəyini, bunun müqabilində isə Aqşinin ona olan borcunun silinməsini də istəmişdir (bu hal ərizəyə əlavə olunmuş 1 ədəd CD-də öz əksini tapmışdır). Eyni zamanda onu da qeyd etmişdir ki, həqiqətəndə borcu tam ödənilmiş olsaydı Aqşin barəsində məhkəmə hökmü çıxarıldıqdan sonra cavabdehin bacısı İlahə borcu ödəyəcəklərinə dair sözlər verməzdilər. Lakin, halhazırda cavabdeh borcunun olmamasını, tam ödədiyini bildirir və buna əsas olaraq isə onu aldadaraq notariusda imzalatdırdıqları sənədi sübut olaraq qeyd etmişdir. Bu səbəbdən də, məcbur olub məhkəməyə müraciət etmişdir. Odur ki, iddiaçı tərəfindən tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdırmaqla hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 24 oktyabr 2022-ci il tarixli, 1(012)-478/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan 05 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 67 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə iclasında proses iştirakçılarının izahatları, tədqiq olunmuş sübutların məcmusu, eləcə də Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 24 oktyabr 2022-ci il tarixli, 1(012)-478/2022 saylı hökmü ilə müəyyən edildi ki, 2021-ci ildə Cavabdeh İddiaçı ümumilikdə 5500 manat məbləğində borc pul almış, habelə bu vəsaiti təyinatı üzrə öz ehtiyacına sərf etsə də, sonuncuya olan borcunu tam qaytarmamışdır. Yalnız, cəmi 820 manat ödəniş etmiş, qalıq 4680 manat borcunu isə ödəməkdən yayınmışdır. Belə ki, cavabdeh bu günədək müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmış, bununla da, sonuncu qarşısında götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Beləliklə, hazırda iddiaçıya cavabdehin 4680 məbləğində borcunun olması işin mübahisələndirilməyən hallarından olmaqla, bu borcunun olmasını sonuncu 2022-ci ildə 1(012)-478/2022 saylı iş üzrə keçirilən məhkəmə iclasında da etiraf etmişdir. Cavabdehin öz borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd olunan məcəllənin 882-cı maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Bu Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Qeyd edilən Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Cavabdeh şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Bununla da, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya 4680 manat məbləğində pulu qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğuna görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh İddiaçı xeyrinə 4680 manat məbləğində pul, habelə ödənilmiş 67 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 4680 (dörd min altı yüz səksən) manat pul, habelə ödənilmiş 67 (altmış yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4747 (dörd min yeddi yüz qırx yeddi) manat pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-172/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-172/2024
04.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver