Məhkəmə qərarları › İş №2(063)-209/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-209/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-209/2024 06.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1259 manat məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1289 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə etdiyi Azərbaycan Respublikası Vergilər Nazirliyi fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** nömrəli şəhadətnamədən göründüyü kimi 06 mart 2019-cu il tarixdən sahibkarlıq fəaliyyəti yəni, mebellərin alqı-satqısı ilə məşğul olur. İşə əlavə etdiyi alqı-satqı barədə sənəddən də göründüyü kimi cavabdeh 01 mart 2023-cü il tarixdə 200 manat ilkin ödəniş etməklə 2099 manat dəyərində olan mebel satın almışdır. Qalan 1899 manat məbləğindəki borcundan 03 mart 2023-cü il tarixdə 160 manat, 09 may 2023-cü il tarixdə 160 manat, sonuncu dəfə isə 10 iyul 2023-cü il tarixdə 320 manat ödəniş etdikdən sonra ödənişləri dayandırmışdır. Nəticədə cavabdehin 1259 manat ödənilməmiş borcu qalmışdır. Dəfələrlə cavabdehdən borcunu qaytarmağı tələb etməsinə baxmayaraq o, müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Nəticədə, onun iddiaçıya 1259 manat məbləğində borcu yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, iddiada göstərilən məbləğdə mebelləri almış, 840 manat ödənişini rəsmi şəkildə etsə də, yerdə qalan 1259 manat borcunu isə əriznin xəstəliyi ilə əlaqədar başı qarışdığı üçün rəsmi şəkildə deyil, əlbəəl Şahid1 ödəmişdir. Beləliklə, hesab edir ki, onun cavabdehə heç bir borcu qalmamışdır. O, mebelləri Nargilədən deyil, mağazanın müdiri Babəkdən almış (məhkəmə iclasının auido-video qeydi zamanı 01 mart 2023-cü il tarixli tərəflər arasında mövcud alqı-satqı müqaviləsinin Nargilə və özü tərəfindən imzalanmasını etiraf etmişdir) və alqı-satqı hərəkətlərini müdirlə etmiş və mebellərin quraşdırılmasına da müdir öz fəhlələrilə birlikdə getmişdir. Mağazanın müdiri ona əxlaqsız təkliflər etmiş və ondan yox cavabı aldıqdan sonra ödədiyi pulu yenidən istəyəcəyini bildirmişdir. Belə ki, o borcun müəyyən hissəsini əlbəəl vermişdir. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Şahid1 ifadəsində göstərdi ki, İddiaçı Cavabdeh 01 mart 2023-cü il tarixdə 200 manat ilkin ödəniş etməklə 2099 manat dəyərində olan mebel satmışdır. Qalan 1899 manat məbləğindəki borcundan 03 mart 2023-cü il tarixdə 160 manat, 09 may 2023-cü il tarixdə 160 manat, sonuncu dəfə isə 10 iyul 2023-cü il tarixdə 320 manat ödəniş etdikdən sonra ödənişləri dayandırmışdır. Həmçinin, Cavabdeh ödənişlərində gecikmə olduğundan problemli müştəri kimi qeyd edərək cavabdehə o, zəng etmişdir. Zəng etdiyi zaman Cavabdeh bütün borucunu ödədiyini və borcunun olmadığını, həmçinin ondan uzaq durmasını, əks təqdirdə onu şantaj edəcəyini bildirmişdir. O, çarəsiz qaldığından borcun ödənilməsinin təmin edilməsi üçün Cavabdeh ailə üzvləri ilə də əlaqə saxlamış, lakin hazırkı vaxtadək cavabdeh borcunu ödəməmişdir. İşdə olan 01 mart 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 200 manat ilkin ödəniş etməklə 12 ay müddətinə 2099 manat dəyərində mebel satın almışdır, eyni zamanda tərəflər arasında ödənişlərin edilməsi ilə bağlı sözügedən müqavilədəki qeydlərdən görünür ki, Cavabdeh 01 mart 2023-cü il tarixdə 200 manat ilkin ödəniş etməklə 2099 manat dəyərində olan mebel satın almışdır. Qalan 1899 manat məbləğindəki borcundan 03 mart 2023-cü il tarixdə 160 manat, 09 may 2023-cü il tarixdə 160 manat, sonuncu dəfə isə 10 iyul 2023-cü il tarixdə 320 manat ödəniş etmişdir. İşdə olan 22 və 29 dekabr 2023-cü il tarixli qəbzlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən cəmi 34 (otuz dörd) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış 01 mart 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 200 manat ilkin ödəniş etməklə 12 ay müddətinə 2099 manat dəyərində olan mebel satın almışdır. Lakin o, nisyə alqı-satqı müqaviləsi üzrə borcundan müəyyən məbləğdə ödənişlər etdikdən sonra ödənişləri dayandırmışdır. Beləliklə, cavabdeh bu günədək borcunu tam qaytarmamaqla, iddiaçı qarşısında götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Hazırda, cavabdehin iddiaçıya 1259 manat məbləğində borcu vardır. Cavabdehin öz borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəla məhkəmə araşdırması zamanı iddiaçının iddia etdiyi məbləğin reallığı (tərəflər arasında alqı satqı müqaviləsindən irəli gələn əsaslarla) cavabdehin özünün etirafedici izahatı ilə sübuta yetirilmişdir. Belə ki, cavabdeh məhkəmə iclası zamanı iddia edilən məbləğin həqiqətən aralarında yaranmış razılıq və özlərinin sərbəst iradə ifadələri ilə tərtib edilmiş yazılı əqd əsasında əmələ gəldiyini etiraf etmişdir (bu hal məhkəmə iclasının audio-video görüntüsü zamanı cavabdehin izahatı ilə də öz təsdiqini tapır). Belə olan halda, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilik iddianı sübut etmə yükünü iddiaçının üzərinə qoysa da, iddiaçı sözügedən borcun əsaslılığını və reallığını tam sübuta yetirə bilmişdir (cavabdehin öz etirafı ilə). Lakin cavabdeh yerdə qalan məbləğin iddiaçıya ödənilməsini bildirsə də, bunu təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Bu hal isə iddianın əsaslılığı qənaətinə gəlməyə kifayət qədər əsas verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh 01 mart 2023-cü il tarixli müqavilə üzrə alıcı kimi üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Belə ki, edilən xəbərdarlıqlara rəğmən cavabdeh iddiaçı ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyasından qanunsuz istifadə etməklə ona maddi ziyan vurmuş, müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1259 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1259 (bir min iki yüz əlli doqquz) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar