Məhkəmə qərarları › İş №2(063)-264/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-264/2024

23.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-264/2024 23.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1620 manat pulun, ödənilmiş 37,60 manat məbləğində dövlət rüsumunun və iddia ərizəsinin tərtib edilməsi üçün vəkilə ödənilmiş 100 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 3(063)-273/2023 saylı qərarından da göründüyü kimi, 30 iyun 2023-cü il tarixdə Cavabdeh onun Ucra rayonu, Boyat kəndində yerləşən həyətyanı sahəsində olan nar ağaclarını yandıraraq ona məxsus əmlakı qəsdən məhv etməklə 1620 manat məbləğində maddi ziyan vurmuşdur. Bu səbəbdən də, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni 1620 manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Lakin, cavabdeh tərəfindən ona dəymiş maddi ziyan ödənilmədiyindən məcbur olub məhkəməyə müraciət etmişdir. Odur ki, iddiaçı tərəfindən tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, əvvəla barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Bundan əlavə, onu da qeyd etdi ki, sözügedən inzibati işlə əlaqədar cərimələndiyi məbləği pensiya kartından tutulmaqla ödəyir. Hazırkı iddia tələbi ilə tələb edilən məbləği isə ödəməyə maddi imkanı olmadığından iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırmaqla hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 15 dekabr 2023-cü il tarixli, 3(063)-273/2023 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni 1620 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 22 yanvar 2024-cü il tarixli, 3(107)-23/2024 saylı qərarının surətindən görünür ki, Cavabdeh tərəfindən Ucar Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 3(063)-273-2023 saylı qərarında verilmiş şikayət təmin edilməmiş, Ucar Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İşdə olan 06 iyun 2023-cü il tarixli aktdan görünür ki, Ucar rayonu, Boyat kəndində yerləşən İddiaçı məxsus həyətyanı sahədə olan 30 ədəd nar ağacı yanaraq tam məhv olmuşdur. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh 30 iyun 2023-cü il tarixdə, saat 13:30 radələrində zərərçəkmiş şəxs İddiaçı Ucar rayonu, Boyat kəndində yerləşən həyətyanı sahəsində olan nar ağaclarını yandıraraq sonuncuya məxsus əmlakı qəsdən məhv edərək 1620 manat məbləğində maddi ziyan vurmuşdur. İşdə olan 29 dekabr 2023-cü il və 09 yanvar 2024-cü il tarixli qəbzlərdən görünür ki, iddiaçı iddia ərizəsinin tərtib edilməsi üçün vəkilə 100 manat, hazırkı tələblə məhkəməyə müraciət edərkən isə 37 manat 20 qəpik dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə iclasında proses iştirakçılarının izahatları, tədqiq olunmuş sübutların məcmusu, eləcə də Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 15 dekabr 2023-cü il tarixli, 3(063)-273/2023 saylı qərarı ilə müəyyən edildi ki, 30 iyun 2023cü il tarixdə Cavabdeh İddiaçı Ucar rayonu, Boyat kəndində yerləşən həyətyanı sahəsində olan nar ağaclarını yandıraraq sonuncuya məxsus əmlakı qəsdən məhv edərək 1620 manat məbləğində maddi ziyan vurmuşdur. Beləliklə, hazırda iddiaçının cavabdehə 1620 manat məbləğində maddi ziyan vurması işin mübahisələndirilməyən hallarından olmaqla, vurmuş ziyanın olmasını sonuncu 2023-cü ildə 3(063)-273/2023 saylı iş üzrə keçirilən məhkəmə iclasında da etiraf etmişdir. Cavabdehin vurduğu ziyan üzrə öz borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Həmçinin, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyi səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Zərərçəkən rolunda istənilən subyekt, o cümlədən fiziki şəxs, bələdiyyə, hüquqi şəxs və dövlət çıxış edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəllənin 1096-cı maddəsinin İ və İİ hissələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh tərəfindən ona məxsus Ucar rayonu, Boyat kəndində yerləşən həyətyanı sahədə olan nar ağaclarını yandıraraq, məhv etməsi ilə əlaqədar ona vurduğu zərərin əvəzinin tam şəkildə ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Qeyd olunan Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh İddiaçı xeyrinə 1620 manat pul və ödənilmiş 37,20 manat məbləğində dövlət rüsumu, eyni zamanda, banka xidmət haqqı olaraq ödədiyi 0,40 manat və iddia ərizəsinin tərtib edilməsi üçün vəkilə ödənilmiş 100 manat pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1620 (bir min altı yüz iyirmi) manat pul və ödənilmiş 37,20 (otuz yeddi manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu, eyni zamanda, banka xidmət haqqı olaraq ödədiyi 0,40 (qırx qəpik) manat və iddia ərizəsinin tərtib edilməsi üçün vəkilə ödənilmiş 100 (bir yüz) manat pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar