Məhkəmə qərarları › İş №2(063)-273/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-273/2024

07.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-273/2024 07.03.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 iyun 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutulub, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 08 oktyabr 2015-ci il tarixdə qeyri-rəsmi olaraq el adəti ilə evlənmiş, bu münasibətdən 25 iyun 2016-cı il tarixdə Əli adlı bir oğulları doğulmuşdur. Cavabdehlə rəsmi nikahları olmadığı üçün uşağın doğum haqqında şəhadətnaməsində onun soyadı yəni, Əliyev yazılmışdır. Sonradan cavabdehdən uşağa soyadını verməsini və maddi yardımın göstərilməsini xahiş etsədə, sonuncu bundan imtina etmişdir. Bu səbəbdən də, o, atalığın müəyyən olunması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ucar Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2(063)-719/2018 nömrəli qətnaməsi ilə Cavabdeh 25 iyun 2016-cı il təvəllüdlü Əlinin atası olması faktı müəyyən olunmuş, eləcə də, uşağın saxlanılması üçün cavabdehdən hər ay 110 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İlk dəfə Ucar Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə cavabdehdən onun xeyrinə alimentin tutulması müəyyən edilsə də, sonradan bu məhkəmənin qanuni qüvvəsini almış 18 mart 2022-ci il tarixli digər qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmişdir. Belə ki, Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 18 mart 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən 25 iyun 2016-cı il təvəllüdlü Əlinin yetkinlik yaşına çatana qədər saxlanılması üçün onun xeyrinə 150 manat sabit pul məbləğində aliment tutulmağa başlamışdır. Lakin, hazırda uşaq böyüdükcə onun maddi təlabatları da artmış və təyin olunmuş aliment məbləği uşağın xərclərini ödəmir. Bundan əlavə, özü uşağa baxdığından heç bir yerdə işləmir. Hazırda uşağı saxlamaqda maddi cəhətdən çətinliklər çəkir və təyin olunmuş aliment məbləği uşağın zəruri ehtiyaclarının qarşılanmasında kifayət etmir. Ona görə də o, alimentin artırılması üçün məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə uyğun izahat verən İddiaçı əlavə olaraq bildirdi ki, o, anası ilə tək yaşayır, nə qardaşı, nə bacısı, nə də ki, ona kömək edə biləcək doğmaları yoxdur. Atası isə bir neçə il əvvəl vəfat etmişdir. Cavabdeh isə ata olaraq uşağını və ailəsini atıb Rusiya Federasiyasına getmiş və uşağı ilə maraqlanmır. Beləliklə, körpə uşağının yalnız onun və yaşlı anasının himayəsində olmasının nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Ucar rayon qeydiyyat şöbəsi tərəfindən 26 noyabr 2018-ci il tarixdə verilmiş, AZ-İV seriyalı, 171647 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan X2 25 iyun 2016-cı il tarixdə Ucar şəhərində doğulmuşdur. İşdə olan Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 18 mart 2022-ci il tarixli, 2(063)-246/2022 saylı qətnaməsinin surətindən görünür ki, sözügedən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 25 iyun 2016-cı il təvəllüdlü Əlinin yetkinlik yaşına çatana qədər saxlanılması üçün bu məhkəmənin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 08 oktyabr 2015-ci il tarixdə qeyrirəsmi olaraq el adəti ilə toy etməklə evlənmiş, bu münasibətdən 25 iyun 2016-cı il tarixdə Əli adlı övladları doğulmuşdur. Eyni zamanda, Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 18 mart 2022-ci il tarixli qətnaməsinə əsasən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 25 iyun 2016-cı il təvəllüdlü Əlinin yetkinlik yaşına çatana qədər saxlanılması üçün bu məhkəmənin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulmuşdur. İddiaçı hazırda cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə 25 iyun 2016-cı il təvəllüdlü Əlinin artan tələbatını qarşılaya bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında 05 dekabr 2023-cü il tarixli Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 25 iyun 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında 2024-cü il üçün uşağa münasibətdə yaşayış minimumunun 235 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq gəliri, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan uşağın saxlanılması zərurəti nəzərə alınsa, sosial ədalət nöqteyinəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşağın maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun minimum maddi təminatını və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 25 iyun 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(063)-246/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından və bu məbləğin bir qismi iddiaçı tərəfindən müdafiə edilmədiyindən təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı ödəməkdən azad edildiyi 46,40 manat dövlət rüsumunun 94 %-i, yəni 43,61 manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 25 iyun 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(063)-246/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi 46,40 manat dövlət rüsumunun 94 %-i, yəni 43,61 (qırx üç manat altmış bir qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar