Məhkəmə qərarları › İş №2(063)-297/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-297/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-297/2025 04.04.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 13000 manat borcun və ödənilmiş 151 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, cavabdehi tanıyır, N saylı hərbi hissədə xidmətində işləyir. Cavabdeh 27 fevral 2024-cü il tarixdə ondan 13000 manat borc alaraq 27 mart 2024-cü il tarixdə qaytaracağını öhdəsinə götürmüşdür və vəsiqəsinin surətinə borcunu qeyd etməklə bu barədə qəbz vermişdir. Cavabdeh buna baxmayaraq ondan borca götürdüyü pulu ödəmir. O, dəfələrlə borcunu ödəməyi təklif etməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr edərək borcunu ödəməkdən imtina edir. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, məhkəməyə teleqram göndərib teleqramda təyin edilmiş məhkəmədə səhhəti ilə bağlı iştirak edə bilmədiyini göstərmiş və onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi təqdim edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən iddiaçının və cavabdehin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının müraciətini nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan sadə yazılı sənəddən (qəbzdən) görünür ki, cavabdeh 27 fevral 2024-cü ildə iddiaçıdan 13000 (on üç min) manat borc aldığını və 27 mart 2024-cü ildə qaytaracağını göstərmişdir. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Rəstəcə kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh 27 fevral 2024-cü ildə iddiaçıdan 13000 manat borc almış və 27 mart 2024-cü ildə qaytarmağı öhdəsinə götürmüşdür, cavabdeh borcunu iddiaçıya qaytarmamaqla iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh borclu kimi onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçının cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdeh məhkəmənin hazırlıq iclasında iddianı qəbul etmədiyini bildirsə də iddiaçıdan 27 fevral 2024-cü ildə 13000 manat borc alması və 27 mart 2024-cü ildə qaytaracağı barədə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yazılı sənədi (qəbzi) mübahisələndirməmiş, öz etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 151 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qanunverciliyin qeyd olunan tələbinə əsaslanaraq bu nəticəyə gəlir ki, cavabdehdən ödənilmiş dövlət rüsumuna görə iddiaçının xeyrinə 151 manat tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən borca görə 13000 manat və ödənilmiş dövlət rüsumuna görə 151 manat, cəmi 13151 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 13000 (on üç min) manat və ödənilmiş dövlət rüsumuna görə 151 (bir yüz əlli bir) manat, cəmi 13151 (on üç min yüz əlli bir) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar