Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-298/2024 15.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2000 manat məbləğində borc pulun və ödənilmiş 40 manat dövlət rüsumu olmaqla, cəmi 2040 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdehlə birlikdə əvvəllər Ucar RPŞ-də işləmişlər və bir iş yoldaşı kimi münasibətləri yaxşı olmuşdur. 2014-cü ildə cavabdeh ondan 2000 manat məbləğində borc pul istəmişdir. Lakin, həmin məbləğdə pulu olmadığından cavabdeh pulu "xxxx" ASC-dən kredit şəkilində götürüb ona verməsini xahiş etmiş və krediti özünün ödəyəcəyini bildirmişdir. Həmçinin onu da qeyd edir ki, şəxsi ehtiyaclarını ödəmək üçün 24 iyun 2014-cü il tarixdə "xxxx" ASC-dən 3400 manat məbləğində kredit götürüb xərcləmişdir. Cavabdehla iş yoldaşı olduğundan sonuncuya inanaraq 07 iyul 2014-cü il tarixdə yenidən "xxxx" ASC-dən 6000 manat məbləğində kredit götürmüş, həmin məbləğdən 2000 manatı cavabdehə vermiş, qalan məbləği isə öz ehtiyaclarını ödəmək üçün istifadə etmişdir. Hər ay krediti cavabdehlə birlikdə ödəyərək bağlamalı olsalar da, cavabdeh pulu ödəmədiyi üçün bütün krediti təkcə özü ödəmişdir. Lakin, bir müddət sonra Cavabdeh işdən çıxdığından maddi vəziyyətini, həmçinin əvvəllər iş yoldaşı olduqlarını nəzərə alıb verdiyi 2000 manat borc pulu qaytarması üçün cavabdehə müəyyən vaxt vermişdir. Lakin, cavabdeh indiyə kimi ona olan borcunu qaytarmamışdır. Dəfələrlə cavabdehdən pulunu tələb etsə də, sonuncu hər dəfə tezliklə qaytaracağına dair söz verməsinə baxmayaraq, 2000 manatı bu günə kimi qaytarmamışdır. Eyni zamanda onu da qeyd edir ki, himayəsində üç uşağı, arvadı, xəstə anası və atası olduğundan həmin pula çox ehtiyacı vardır. Odur ki, iddiaçı tərəfindən tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, ancaq məhkəməyə rəsmi qaydada ərizə təqdim edərək, üzrlü səbəbdən iclasda iştirak edə bilməyəcəyini qeyd etməklə, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasına etirazının olmaması səbəbindən bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında ilkin dinləmələr zamanı iddiaya münasibətini ifadə edən Cavabdeh iddia tələbini qəbul edərək, iddia ərizəsində göstərilən məbləğin qaytarılmalı olduğunu etiraf etmiş, lakin hazırda maddi imkanının olmadığına görə qeyd edilən vəsaiti qaytarmaqda çətinlik çəkdiyini bildirmişdir. Odur ki, iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdir (bu hal məhkəməyə təqdim etdiyi ərizə ilə də öz təsdiqini tapır). Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh münasibətdə qətnamənin əsaslandırıcı hissəsində iddianın etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, 07 iyul 2014-cü il tarixli, 177GTUM141880004 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC İddiaçı 6000 manat məbləğində şəxsi istehlak məqsədilə kredit vermişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş 14 mart 2024-cü il tarixli, 41 nömrəli arayışdan görünür ki, İddiaçı 07 iyul 2014-cü il tarixli, 177GTUM141880004 nömrəli kredit müqaviləsi üzrə sonuncu dəfə 21 iyul 2017-ci il tarixində ödəniş etdiyindən hazırda sözügedən müqavilə üzrə heç bir öhdəliyi yoxdur. İşdə olan 24 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 40 manat dövlət rüsumu ödəmişdir. Cavabdehin məhkəməyə ünvanladığı 15 fevral və 14 mart 2024-cü il tarixli yazılı ərizələrindən görünür ki, sonuncu iddia tələbini qəbul etməklə təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ehtiyacı olduğu üçün İddiaçı 2000 manat məbləğində borc pul almış, habelə bu vəsaiti təyinatı üzrə öz ehtiyacına sərf etsə də, sonuncuya olan borcunu qaytarmamışdır. Belə ki, cavabdeh bu günədək 2000 manat borcunu ödəməkdən yayınmış, bununla da, iddiaçı qarşısında götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Hazırda cavabdehin iddiaçıya 2000 manat məbləğində borcu vardır. Cavabdehin öz borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-cı maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Bu Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Qeyd edilən Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Cavabdeh şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Bununla da, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya 2000 manat məbləğində pulu qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğuna görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 2000 (iki min) manat pul və ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2000 (iki min) manat pul və ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-298/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-298/2024
15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver