Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-320/2025 13.03.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pulun alınması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı pulun alınması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1150 manat və 35 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1185 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh, 30 noyabr 2023-cü il tarixdə ondan hər birinin qiyməti 500 manat olmaqla, ümumilikdə qiyməti 1500 manat təşkil edən üç ədəd “Redmi 13” markalı mobil telefonunu nisyə almışdır. Əvvəlcədən razılaşdıqları və aralarında bağladıqları müqaviləyə əsasən cavabdeh ona 350 manat pul ödəmiş, qalan 1150 manat pulu 30 aprel 2024-cü il tarixədək ödəməli idi. Cavabdeh ona 350 manat ödəsə də 1150 manat nisyə aldığı 3 ədəd mobil telefonun pulunu ödəməmiş və üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehdən 1150 manat nisyə aldığı mobil telefonların pulu və ödədiyi 35 manat dövlət rüsumu alınaraq ona verilməlidir. İddiaçı məhkəmə iclasında tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında iddia ərizəsində göstərdiklərini təsdiq etdiyini bildirdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarından görünür ki, cavabdeh iddiaçıdan 30 noyabr 2023-cü ildə nisyə olaraq 1500 manat dəyərində 3 ədəd “Redmi 13” markalı mobil telefonu almış və 30 noyabr 2023-cü ildən başlayaraq 5 ay müddətində, hər ay 200 manat, sonuncu 06-cı ay isə 150 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 30 noyabr 2023-cü il tarixdə 350 manat ödəmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 17 yanvar 2025-ci ildə 35 manat dövlət rüsumu ödəmişdir. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar şəhəri. N.Nərimanov küçəsi, Dəmir yolu yaşayış binası, ev 1-də qeydiyyatdadır. İş materiallarında olan fiziki şəxsin uçotu haqqında şəhadətnamənin (qeydiyyat nömrəsi VÖEN **********) surətindən görünür ki, iddiaçı, 9 saylı Ərazi Vergilər İdarəsində fiziki şəxs kimi 06 fevral 2015-ci ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başadüşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh iddiaçıdan nisyə olaraq əşyalar (mobil telefonlar) almış və iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçının da cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35 manat dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı və qanunauyğundur, buna görə də iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə borca görə 1150 manat və ödənilmiş dövlət rüsumuna görə 35 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 1150 (bir min yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 35 (otuz beş) manat, cəmi 1185 (bir min yüz səksən beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-320/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-320/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver