Məhkəmə qərarları › İş №2(063)-378/2025

Ucar Rayon Məhkəməsi Qərardad — İş №2(063)-378/2025

11.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 2(063)-378/2025 11.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Bədəlov Xəyal Natiq oğlu, İddiaçı Cavabdeh qarşı məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsinə və iddia ərizəsinə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı cavabdehə qarşı məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 noyabr 2020-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının artırılması və Cavabdeh uşağın saxlanılmasına görə hər ay üçün 245 manat alimentin tutularaq ona verilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddiaçının iddiasının mahiyyəti alimentin indeksasiyası xarakteri daşıdığından iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cü maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının 8.4-3-cü bəndində göstərilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq hesab edirəm ki, iddiaçının cavabdehə qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməli, iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə rəsmi qaydada iddiaçıya verilməli və iddiaçıya iddiasının mahiyyəti alimentin indeksasiyası xarakteri daşıdığından bu məsələnin icra icraatı qaydasında həll edilməli olması izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının artırılması barədə iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilsin və iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə rəsmi qaydada İddiaçı verilsin. İddiaçı iddiasının mahiyyəti alimentin indeksasiyası xarakteri daşıdığından bu məsələnin icra icraatı qaydasında həll edilməli olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ucar Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar