Məhkəmə qərarları › İş №2(063)-432/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-432/2024

18.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-432/2024 18.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ucar Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2(063)- 24/2022 saylı qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş 19 iyul 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq cavabdehdən hər ay bir uşağa görə 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin 2(063)-24/2022 saylı, 25 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı kimi onun iddia tələbi qismən təmin olunaraq, onunla cavabdeh arasında rəsmi nikah pozulmuş, 19 iyul 2011-ci il tarixdə doğulmuş X2 onun himayəsində saxlanılması, Cavabdeh 06 iyul 2021-ci il tarixdən başlayaraq 19 iyul 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. O, oğlu ilə birlikdə ünvan 1 ünvanında yaşayır, maddi cəhətdən əziyyət çəkir, alimentin artırılmasına ehtiyac var. Bu ciddi məsələnin həlli ilə bağlı ilk əvvəl yaşayış yeri barədə arayışı da əlavə edərək, Bakı 13 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Bakı 13 saylı Mediasiya təşkilatı tərəfindən cavabdeh dəvət olunmuş, lakin mediasiya sessiyasında iştirak edilməməsi barədə 01 dekabr 2023-cü il tarixli arayış verilmiş və məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. Cavabdeh, Azərbaycan Respublikasının qanunlarına əsasən uşağının saxlanılması üçün 2024-cü ilə olan minimum əmək haqqını ödəməlidir. İddiaçıya məhkəmə baxışının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək teleqramda məhkəmə iclasını onun iştirakı olmadan keçirib iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdehə qeydiyyatda olduğu yer üzrə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi və əlavə olunmuş sənədlər həmin ünvandan köçməsi əsası ilə təqdim edilmədən geri qaytarılmış, başqa yaşayış yeri barədə məlumat verilməmişdir. Həmçinin, cavabdehin istifadəsində olan mobil telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə “sms” məlumat göndərilsə də məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq iddiaçının və cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının müraciətini nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ata Cavabdeh və ana X7 olan X6 19 iyul 2011-ci ildə doğulmuşdur. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2(063)- 24/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 Cavabdeh qarşı nikahın pozulması və aliment tələbi barədə iddiası qismən təmin edilmiş, iddiaçı X7 ilə Cavabdeh arasında bağlanmış və 23 dekabr 2010-cu ildə Ucar Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 39 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 19 iyul 2011-ci ildə doğulmuş X2 iddiaçı X3 yanında qalması, Cavabdeh 06 iyul 2021-ci ildən başlayaraq 19 iyul 2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X5 verilməsi, qətnamənin alimentin tutulması hissəsinin dərhal icra edilməsi və aliment tələbi barədə iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, iddiaçı, Ucar rayonu, Çiyni kəndində qeydiyyatdadır. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Çiyni kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ucar Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2(063)-24/2022 nömrəli qətnaməsi ilə Cavabdeh 06 iyul 2021-ci ildən başlayaraq 19 iyul 2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X5 verilməsi qət edilmişdir. Hal-hazırda iddiaçı alimentin miqdarının artırılmasını və cavabdehdən 235 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində cavabdehdən 235 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də cavabdehin həmin məbləği ödəməyə imkan verən gəlirlərinin olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə bu nəticəyə gəlir ki, uşağın mənafeyi, habelə hazırda ölkə üzrə uşaqlar üçün yaşayış minimumu (2022-ci ildə 193 manat, 2024-cü ildə isə 235 manat olması) nəzərə alınaraq, onun sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi üçün iddia qismən təmin edilməli və məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay üçün 150 manat müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Hazırkı iş üzrə isə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia qismən təmin olunan zaman artırılmış alimentin məbləğinin məhkəmənin hazırkı iş üzrə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan tutulması qeyd edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: ddia qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2(063)-24/2022 nömrəli qətnaməsinə əsasən 19 iyul 2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sabit pul məbləğində tutulan 120 (bir yüz iyirmi) manat alimentin miqdarı artırılaraq hər ay üçün 150 (bir yüz əlli) manat müəyyən edilsin və həmin miqdarda aliment qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub 19 iyul 2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar