Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-450/2025 21.08.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Ucar rayon notariat ofisinə qarşı icra qeydinin ləğv olunması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı icra qeydinin ləğv olunması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ucar rayon notariat ofisinin xüsüsi notariusu X3 tərəfindən qəbul olunmuş 20 sentyabr 2022-ci il tarixli, 8İ-3964 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Ucar rayon notariat ofisinin 20 sentyabr 2022-ci il tarixli, 8İ-3694 saylı icra qeydinə əsasən ondan ödənilməmiş 2703 manat 88 qəpik pulun tutulması qeyd edilmişdir. Sözügedən icra qeydindən yalnız 2024-cü ilin iyun ayında Zərdab rayon icra və probasiya şöbəsinə dəvət olunan zaman xəbər tutmuşdur. Zərdab rayon icra və probasiya şöbəsindən borcun nəyə əsasən yaranması ilə bağlı soruşan zaman cavabdehin onlara təqdim etdiyi guya "xxxx" MMC ilə onun arasında bağlanmış AZF-SL/2020/2072 saylı abunə müqaviləsi ona təqdim olunmuşdur. Sözügedən abunə müqaviləsinə əsasən "xxxx" müqaviləyə 2 saylı qoşmada müəyyən edilən nömrələri müqavilədə olan 1 saylı qoşmada nəzərdə tutulmuş tariflər ilə təmin edir, açıq rabitə xətti ayırır və xidmətlərin göstərilməsini abunəçiyə təmin edir. Abunəçi isə öz növbəsində bu müqavilədə və müvafiq tariflər üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir. Məlumat üçün qeyd edir ki, sözügedən müqaviləyə əsasən guya ona ümumilikdə "xxxx" MMC tərəfindən 57 nömrə təqdim edilmiş və bu nömrələrə əsasən müvafiq borclar yaranmışdır. Lakin sözügedən “Azerfon MMC ilə onun arasında olan AZF-SL/2020/2072 saylı abunə müqaviləsindən xəbərsizdir. Ümumiyyətlə müqavilənin 2 saylı əlavəsində göstərilən nömrələr heç bir zaman onun istifadəsində olmamışdır. Eyni zamanda, sözügedən müqavilədə olan imza da saxtalaşdırılmış və onun tərəfindən icra olunmamışdır. Lakin cavabdeh sözügedən müqaviləni araşdırmamış, əsassız icra qeydi tərtib etmişdir. Eyni zamanda, onu da qeyd etmək istəyir ki, cavabdeh tərəfindən 24 sentyabr 2022-ci il tarixli icra qeydi tərtib olunan zaman prosessual pozuntulara yol verilmişdir. İlk öncə onu qeyd edir ki, o, Kəlbəcər rayonu, Şurtan kəndində qeydiyyatda olsa da faktiki olaraq Zərdab rayonu, Bəyimli kəndi ərazisində yerləşmişdir. Hansı ki, bununla bağlı arayışı da ərizəsinə əlavə etmişdir. Lakin icra qeydi Zərdab rayon notariat ofisi tərəfindən deyil, Ucar rayon notariat ofisi tərəfindən icra olunmuşdur. Bu da ciddi prosessual pozuntuya səbəb olmuşdur. Eyni zamanda, onu da qeyd edir ki, icra qeydi aparılan zaman ona heç bir məlumat verilməmişdir. Hansı ki, ərizəsinin əvvəlində də qeyd etmişdir ki, icra qeydi 2022-ci ildə tərtib olunsa da lakin icra qeydindən 2024-cü ilin iyun ayında Zərdab rayon icra və probasiya şöbəsinə dəvət olunan zaman xəbər tutmuşdur. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi. Cavabdeh Ucar rayon notariat ofisinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə iddia ərizəsinə dair etiraz göndərmişdir. Etirazda göstərilmişdir ki, iddia ərizəsi ilə razı deyillər və hesab edirlər ki, iddia rədd edilməlidir. Belə ki, icra qeydinin verilməsinə əsas İddiaçı ilə üçüncü şəxs "xxxx" MMC arasında imzalanmış 07 fevral 2020-ci il tarixli, AZF-SL/2020/2072 saylı abunə müqaviləsi və həmin müqavilə üzrə iddiaçının müqavilə öhdəliklərinə əməl etməyərək göstərilmiş xidmətlərin haqqını ödəməməsi nəticəsində yaranmış borcu olmuşdur. Belə ki, abunə müqaviləsinin 3.1-ci bəndinə görə "xxxx" MMC siyahısı müqaviləyə əlavə edilmiş qoşmada müəyyən edilmiş nömrələri tariflər ilə təmin edir, açıq rabitə xəttini ayırır və xidmətlərin göstərilməsini abunəçiyə təmin edir, abunəçi isə müqavilədə və tariflər üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən isifadə edir və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir. Tərəflər arasında imzalanmış abunə müqaviləsinə 2 saylı qoşmada iddiaçının istifadəsinə verilmiş nömrələr əks olunmuşdur. Göründüyü kimi iddia ərizəsində göstərilənlər əsassızdır, tərəflər arasında müvafiq abunə müqaviləsi imzalanmış və müvafiq nömrələr onun istifadəsinə verilmişdir. İddiaçı isə göstərilmiş xidmətlərə görə yaranmış 2703 manat 88 qəpik borcu ödəməmişdir. Bütün bunları nəzərə alaraq, İddiaçı cavabdeh Ucar rayon notariat ofisi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini, bundan başqa, məhkəmə proseslərini nümayəndələrinin iştirakı olmadan, təqdim etdikləri sübutlar əsasında baxmağı xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin, habelə üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 07 fevral 2020-ci il tarixli, AZF-SL/2020/2072 saylı abunə müqaviləsindən görünür ki, "xxxx" MMC ilə abunəçi-iddiaçı arasında abunə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Ucar rayon notariat ofisinin xüsüsi notariusu X3 tərəfindən qəbul olunmuş 20 sentyabr 2022-ci il tarixli, 8İ-3694 saylı icra qeydinin surətindən görünür ki, AZ1102, ünvan 1 ünvanında yerləşən Azerfon/VÖEN:********** xeyrinə Klbəcər, Şurtan k. ünvanında qeydiyyatda olan İddiaçı (AZE02406968, xx.xx.2005 - Goygol; FİN: xxxxxxx; d/t: xx.xx.1950) ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2703 manat 88 qəpik (iki min yeddi yüz üç manat səksən səkkiz qəpik) tutulması, bundan əlavə bocludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 2728 manat 88 qəpik (iki min yeddi yüz iyirmi səkkiz manat səksən səkkiz qəpik) pulun tutulması göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2025-ci il tarixli, 4/1087 nömrəli ekspert rəyindən (məhkəmə xəttşünaslıq) görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 79-86-cı vərəqlərində olan 07 fevral 2020-ci il tarixli AZF-SL/2020/2072 saylı abunə müqaviləsində “Abunəçinin adından: İddiaçı” qrafasındakı imza, 87-90-cı vərəqlərində olan həmin abunə müqaviləsinə 1, 2, 3 saylı qoşmalarda “Abunəçinin adından: İddiaçı” qrafasındakı imzalar - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşdə olan AA seriyalı, 182705 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Mamedov X2 rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 331.3-cü maddəsinə əsasən əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksmilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifdə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. Qeyd olunan normaların məzmununa görə ikitərəfli əqdin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi mövcud olmalı və əqd yazılı formada bağlandığı təqdirdə bu iradə ifadəsi əqdi bağlayan şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslərin müqaviləni imzalaması ilə təsdiqini tapmalıdır, əks təqdirdə iradə ifadəsi mövcud deyildir. Ekspert rəyindən görünür ki, mülki işin 79-86-cı vərəqlərində olan 07 fevral 2020ci il tarixli AZF-SL/2020/2072 saylı abunə müqaviləsində “Abunəçinin adından: İddiaçı” qrafasındakı imza, 87-90-cı vərəqlərində olan həmin abunə müqaviləsinə 1, 2, 3 saylı qoşmalarda “Abunəçinin adından: İddiaçı” qrafasındakı imzalar - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ekspert rəyindən göründüyü kimi 07 fevral 2020-ci il tarixli, AZF-SL/2020/2072 saylı abunə müqaviləsində “Abunəçinin adından: İddiaçı” qrafasındakı imzanın, 87-90-cı vərəqlərində olan həmin abunə müqaviləsinə 1, 2, 3 saylı qoşmalarda “Abunəçinin adından: İddiaçı” qrafasındakı imzaların-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu göstərilmişdir. Bundan əlavə, məhkəmə iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Təlimatına uyğun olaraq tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, Ucar rayon notariat ofisinin xüsüsi notariusu X3 tərəfindən qəbul olunmuş 20 sentyabr 2022-ci il tarixli, 8İ-3694 nömrəli icra qeydi ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Ucar rayon notariat ofisinin xüsüsi notariusu X3 tərəfindən qəbul olunmuş 20 sentyabr 2022-ci il tarixli, 8İ-3694 nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-450/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-450/2025
21.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver