Məhkəmə qərarları › İş №2(063)-454/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-454/2024

29.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-454/2024 29.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X3 oğlunun katibliyi İddiaçının nümayəndəsi İddiaçı böyük icra məmuru (probasiya üzrə) X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şöbəyə vurulmuş 2277,40 manat məbləğində ziyanın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 08 iyun 2022-ci il tarixli, 1(063)-32/2022 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası ilə bağlı 05 iyul 2022-ci il tarixdə müvafiq protokolla Cavabdeh 1 ədəd “Attenti” markalı, 078CE53909 seriya nömrəli sadə elektron qolbaq, 1 ədəd “Attenti” markalı 35628121 seriya nömrəli mobil nəzarət qurğusu və onun enerji toplayıcısı tətbiq edilərək təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş, habelə ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin yaxud onun tərkib hissələrinin zədələnəcəyi və ya yararsız hala salınacağı təqdirdə əvəzinin ondan tutulacağı barədə xəbərdarlıq edilmiş və bu barədə tərtib olunmuş akt icra məmuru və məhkum tərəfindən imzalanmışdır. Lakin, məhkum Cavabdeh ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin tərkib hissəsi olan “Attenti” markalı mobil nəzarət qurğusunu yararsız hala salmışdır. Bununla bağlı Cavabdeh 05 mart 2024-cü il tarixdə şöbəyə verdiyi izahatında ona təhkim olunmuş mobil qurğunu yararsız hala saldığını etiraf etməmişdir. Lakin, elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəydə 06 fevral 2024-cü il tarixdə mobil qurğuya keçirilmiş texniki baxış zamanı düzgün istifadə edilməməsi səbəbindən ana platada elektron elementlərin sıradan çıxması və təmiri mümkün olmayaraq istifadəyə tam yararsız olduğu göstərilmişdir. Beləliklə, cavabdehin təqsirindən, yəni lazımınca məsuliyyətli olmaması səbəbindən elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və bununla da, dövlətə maddi ziyan dəymişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının nümayəndəsi İddiaçı böyük icra məmuru (probasiya üzrə) X2 iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, Ucar Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 1(063)-32/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 05 iyul 2022-ci il tarixdə ona müvafiq protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı quraşdırılaraq təhvil verilmiş, nəzarət avadanlıqlarının istifadə qaydaları izah edilməklə, bu avadanlıqları üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Elektron qolbaq ona verildikdən bir müddət sonra yaşadığı ərazidə elektrik enerjisində problem olduğundan xarab olmuşdur. Belə ki, o, elektron qolbağı enerji yığması üçün enerji cihazına taxmışdır. Onu da qeyd etdi ki, elektron qolbağı bilərəkdən qəsdən xarab etməmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 08 iyun 2022-ci il tarixli, 1(063)-32/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdə olan Cavabdeh İddiaçınə yazdığı 04 iyul 2022-ci il tarixli izahatının, eləcə də 05 iyul 2022-ci tarixli azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrin izah edilməsi barədə protokolun surətlərindən görünür ki, Ucar Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli hökmünün icrası ilə əlaqədar Cavabdeh 1 ədəd “Attenti” markalı 078CE53909 seriya nömrəli sadə elektron qolbaq, 1 ədəd “Attenti” markalı 35628121 seriya nömrəli mobil nəzarət qurğusu və onun enerji toplayıcısı tətbiq edilərək təhvil verilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. İşdə olan sənədlərdən, 05 mart 2024-cü il tarixli izahatların surətlərindən görünür ki, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Cavabdeh elektron nəzarət qurğusuna hər hansı müdaxilə etdiyini və ya yararasız vəziyyətə saldığını etiraf etməmişdir. İşdə olan "xxxx" QSC-nin 29 iyul 2021-ci il tarixli, ED-M-№96-21 saylı məktubunun surətindən görünür ki, 1 ədəd sadə elektron qolbağın, 1 ədəd mobil nəzarət qurğusunun, 1 ədəd elektrik adapteri və 1 ədəd proqram lizensiyasının dəyəri cəmi 2277,40 manat məbləğindədir. İşdə olan "xxxx" QSC-nin ED 000480 nömrəli elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyinin surətindən görünür ki, 06 fevral 2023-cü il tarixdə texniki baxışdan keçirilmiş №35628121 seriya nömrəli, “Attenti V6” markalı mobil qurğunun düzgün istifadə edilməməsi səbəbindən ana platada elektron elementlər sıradan çıxmış və təmiri mümükün deyil, həmçinin, istifadəyə tam yararsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Həmçinin, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyi səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Zərərçəkən rolunda istənilən subyekt, o cümlədən fiziki şəxs, bələdiyyə, hüquqi şəxs və dövlət çıxış edə bilər. Dövlətin müstəsna mülkiyyətində olan dövlət torpaqlarına, meşələrə, yerin təki obyektlərinə və digər nemətlərə zərər vurulduqda, həmin hərəkətlərdən ziyan çəkir və bu zaman öhdəlikdə dövlətin özü yox, dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqanlar iştirak edirlər. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Cavabdeh ehtiyatsızlıqdan mobil nəzarət qurğusunu yararsız vəziyyətə almış bununla da, Cavabdeh məhkəmə hökmü ilə üzərinə qoyulmuş elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlamaq vəzifəsini pozmuşdur. Məhz onun ehtiyatsızlıqdan olsa belə, təqsirli hərəkəti nəticəsində dövlətin müstəsna mülkiyyətində olan əşya, o cümlədən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslər üçün nəzərdə tutulmuş mobil nəzarət qurğusu yararsız vəziyyətə düşmüş, bununla da, dövlətə 2277,40 manat məbləğində zərər dəymişdir. Həmin zərər cavabdeh tərəfindən iddiaçıya (dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqana) ödənilmədiyi üçün sonuncunun cavabdehə qarşı iddia irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən iddiaçını xeyrinə 2277,40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə qeyd edir ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilmişdir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizinin ödənilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı azad edildiyi 42,77 (qırx iki manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2277,40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat məbləğində pul tutulsun. İddiaçı azad edildiyi 42,77 (qırx iki manat 77 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar