Məhkəmə qərarları › İş №2(063)-492/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-492/2025

02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-492/2025 02.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1560 manat məbləğində pulun və iddia ərizəsinin tərtib edilməsi üçün vəkilə ödənilmiş 120 manat məbləğində xərcin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı tələbin həcminin azaldılması barədə başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1216 manat məbləğində pulun və iddia ərizəsinin tərtib edilməsi üçün vəkilə ödənilmiş 120 manat məbləğində xərcin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, 16 noyabr 2021-ci il tarixində əmisi oğlu – Cavabdeh, oğlunun növbəti gün keçiriləcək sünnət toyu üçün ondan bir baş çəkisi 100 kiloqram olan erkək dana və bir baş çəkisi 20 kiloqram olan toğlu almışdır. Həmin dövrdə bazarda mal ətinin bir kiloqramı 11 manat, qoyun ətinin isə bir kiloqramı 13 manat təşkil etsə də, tərəflər arasında razılıq əldə edilmişdir ki, cavabdeh borcu növbəti Novruz bayramınadək, ödəniş gününə uyğun bazar məzənnəsi ilə ödəyəcək. Lakin cavabdeh iddiaçının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, yalnız 2022-ci ilin yay fəslində ona 300 manat məbləğində ödəniş etmiş, qalan borcunu isə bu günədək ödəməmişdir. Hazırda bazar qiymətlərinə əsasən mal ətinin bir kiloqramı 15 manat, qoyun ətinin isə 18 manat olduğu üçün iddiaçının danaya görə 1500 manat, toğlunun dəyərinə görə isə 360 manat məbləğində haqqı vardır. Bu hesablamalara əsasən cavabdehin ümumi borcu 1860 manat təşkil edir. 2022-ci ilin yayında ödənilmiş 300 manat çıxıldıqda isə cavabdehin ona olan qalıq borcu 1560 manat təşkil edir. Cavabdeh tərəfindən borcun könüllü şəkildə ödənilməməsi onu məhkəməyə müraciət etməyə məcbur etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh onun doğma əmisi oğludur. Gündüz 16 noyabr 2021-ci il tarixində oğlunun növbəti gün keçiriləcək sünnət toyu üçün ondan bir baş çəkisi 100 kiloqram olan erkək dana və bir baş çəkisi 12 kiloqram olan toğlu almışdır. Həmin dövrdə bazarda mal ətinin bir kiloqramı 09 manat, qoyun ətinin isə bir kiloqramı 12 manat təşkil etmişdir. Sözügedən heyvanları toy qurtardıqdan sonra pulunu verəcəyini bildirsə də, hazırkı vaxtadək cəmi 500 manat pul vermiş, yerdə qalan məbləği isə hazırkı vaxtadək ödəməkdən yayınır. Hesab edir ki, hazırkı vaxtadək kəsdiyi, lakin pulunu tam ödəmədiyi heyvanların (mal əti 1 kq 15 manat, qoyun əti isə 18 manat təşkil edir) hazırkı bazar dəyəri 1716 manat təşkil edir. Nəzərə alınsa ki, həmin məbləğin 500 manatını ödəmiş, belə olan halda hazırda cavabdehin ona olan borcu 1216 manat təşkil edir. Odur ki, sonuncu iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı onun əmisi oğludur. O, 16 noyabr 2021-ci il tarixində iddiaçıdan oğluna sünnət toyu keçirmək üçün bir baş çəkisi 100 kiloqram olan erkək dana və bir baş çəkisi 12 kiloqram olan toğlu almışdır. Həmin dövrdə bazarda mal ətinin bir kiloqramı 09 manat, qoyun ətinin isə bir kiloqramı 12 manat təşkil etsə də, iddiaçı ilə arasında razılıq əldə edilmişdir ki, o, borcu növbəti Novruz bayramınadək, ödəniş gününə uyğun bazar məzənnəsi ilə ödəyəcək. Bundan sonra o, iddiaçıya olan borcundan 500 manat məbləğində ödəniş etmiş, lakin, maddi imkanı ilə əlaqədar olaraq qalan pulu ödəyə bilməmişdir. Hazırda onun iddiaçıya 530 manat məbləğində borcu qalmışdır. Belə ki, mövcud borcunu qısa müddət ərzində ödəyəcəyinə söz verir. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir (bu barədə yazılı ərizəsini də təqdim etmişdir). Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində göstərdi ki, Cavabdeh onun bacısını əridir. O, hər iki tərəfi tanıyır, heç biri ilə hər hansı ədavət və qərəzi yoxdur. Cavabdeh Gündüz iddiaçı Namiqdən 16 noyabr 2021-ci il tarixində cavabdehin oğluna sünnət toyu keçirmək üçün bir baş erkək dana və bir baş xırdabuynuzlu heyvan almışdır. O, şəxsən alınmış iribuynuzlu heyvanın kəsilməsində iştirak etmiş və həmin heyvanın çəkisi 100 kiloqram olmuşdur. Bu zaman iddiaçı özü də orada iştirak etmişdir. Lakin toğlunun kəsilməsində o, şəxsən iştirak etsə də, bu zaman iddiaçı orada olmamışdır. İddiaçı tərəfindən verilmiş xırdabuynuzlu heyvan kəsilərkən çəkisinin 12 kiloqram olması müəyyən olunmuşdur. O, yuxarıda qeyd etdiyi hallara şahiddir, məsuliyyətini də tam dərk edir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Ucar rayon Polis Şöbəsinin 29 aprel 2024-cü il tarixli, 3-13-115/2-X- 6708/11/2 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı RPŞ-yə daxil olmuş müraciəti araşdırılmış və müraciət mülki xarakterli olduğu üçün bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan Azərbaycan Respublikası MMC "xxxx" Limited Liability Company tərəfindən verilmiş 27 may 2025-ci il tarixli, 585 nömrəli rəydən görünür ki, 2021-ci ildə "xxxx" MMC-nin nəznində fəaliyyət göstərən qəssab dükanında satılan erkək dana ətinin 1 kq-nın satış qiyməti 13 (on üç) manat, toğlu ətinin 1 kq-nın satış qiyməti isə 15 (on beş) manat olmuşdur. İşdə olan Ucar Rayon Hərbi Komissarlığı tərəfindən 22 dekabr 2010-cu il tarixdə verilmiş 081551 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İşdə olan 07 fevral 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin tərib edilməsi üçün vəkil X1 hesabına 120 manat məbləğində ödəniş etmişdir. İşdə olan Cavabdeh tərəfindən sadə yazılı formada imzalanmış və məhkəmə iclasında təqdim edilmiş iddianın qismən etirafı barədə ərizədən görünür ki, sonuncu iddiaçı olan 1030 manat borcundan 500 manat ödəniş etmiş, qalan 530 manat borcunu isə ödəməmişdir. Hazırda maddi imkanı olmadığından sözügedən borcu ödəmək iqtidarında deyil. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh öz oğluna sünnət toyu etmək üçün 16 noyabr 2021-ci il tarixdə İddiaçı bir baş çəkisi 100 kiloqram olan erkək dana və bir baş çəkisi 12 kiloqram olan toğlu satın almışdır. Tərəflər arasında olan razılığa əsasən cavabdeh borcu növbəti Novruz bayramınadək, ödəniş gününə uyğun bazar məzənnəsi ilə ödəməyi öhdəsinə götütmüşdür. Bundan sonra cavabdeh iddiaçıya olan borcundan 500 manat məbləğində ödəniş etmiş, qalan borcunu ödəməkdən yayınmış, bununla da, iddiaçı qarşısında götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Hazırda cavabdehin iddiaçıya 1216 manat məbləğində borcu vardır. Cavabdehin öz borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı ilk iddia tələbində istədiyi məbləği sonradan dəqiqləşdirmiş, lakin dəqiqləşdirdiyi məbləği iri və xırdabuynuzlu heyvanların hazırkı bazar qiymətinə uyğun hesablayaraq istəmişdir. Cavabdeh isə məhkəmə iclasının audio-video yazısı zamanı (məhkəməyə təqdim etdiyi yazılı ərizə də daxil omaqla) iddianı qismən etiraf etməklə iddiaçıya 1030 manat borcunun olduğunu, həmin borcdan 500 manatının tərəfindən ödənildiyini, lakin yerdə qalan 530 manatını isə ödəməyə mükəlləf olduğunu, ancaq hazırkı vəziyyətdə ödəmək iqtidarında olmadını qeyd etmişdir. Məhkəmə ilk öncə mübahisənin hüquq müstəvisində həlli zamanı işin mübahisələndirilən və mübahisələndirilməyən hallarına qiymət verməyi zəruri hesab edir. Belə ki, hər iki tərəf nisyə alqı-satqı predmeti olmuş iri və xırda buynuzlu heyvanların çəkisini, eyni zamanda, həmin heyvanların 2021-ci ilə münasibətdə dəyərinin məhkəmə iclasının audio-video yazısı zamanı hər iki tərəfin etirafı əsasında xırda buynuzlu heyvanlar üçün 12 manat, iri buynuzlu heyvanlar üçün isə 09 manat olmasını mübahisələndirməmişlər. Ona görə də məhkəmə bu hissələri işin mübahisləndirilməyən halı hesab etməklə prosessual qənaət prinsipinə əsasən bu hissələrin araşdırılmasını zəruri hesab etmir. Lakin hər iki tərəf nisyə alqı-satqı predmeti olmuş iri və xırda buynuzlu heyvanların çəkisinə uyğun dəyərini mübahisələndirdiklərindən məhkəmə bunu işin mübahisləndirilən halı hesab etməklə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə onu qeyd etmək lazımdır ki, iddiaçı mülki prosessual qanunvericiliyin tələbinə əsasən öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi daşıyır ki, bu xüsusat da məhz iddiaçı tərəfindən qismən sübuta yetirilmiş hesab edilir. Belə ki, iddiaçının cavabdehə nisyə şəkildə verdiyi iri və xırda buynuzlu heyvanların dəyəri məhkəmə iclasının audio-video yazısı zamanı hər iki tərəfin etirafı əsasında xırda buynuzlu heyvanlar üçün 12 manat, iri buynuzlu heyvanlar üçün isə 09 manat olması müəyyən edilmişdir. Lakin məhkəmə araşdırması zamanı (hər iki tərəfin əvvəlki məhkəmə iclaslarında mübahisələndirdikləri dəyərin müəyyənləşdirilməsi üçün verilmiş sorğu əsasında əldə olunun sübut əsasında) Azərbaycan Respublikası MMC "xxxx" Limited Liability Company tərəfindən verilmiş 27 may 2025-ci il tarixli, 585 nömrəli rəydən görünür ki, 2021-ci ildə "xxxx" MMC-nin nəznində fəaliyyət göstərən qəssab dükanında satılan erkək dana ətinin 1 kq-nın satış qiyməti 13 (on üç) manat, toğlu ətinin 1 kq-nın satış qiyməti isə 15 (on beş) manat olmuşdur. Məhkəmə əldə olunmuş sübut nəticəsində qeyd edilən qiymətlərin iddiaçının xeyrinə olmasını, lakin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsini rəhbər tutaraq iddia tələbindən kənara çıxmanın yolverilməzliyinin imperativliyi prinsipini rəhbər tutmaqla belə qənaətə gəlir ki, iddia tələbi həddində araşdırma aparılmalı və mübahisəyə bu həddə müvafiq hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ hazırkı bazar qiyməti ilə hesablanır ki, bu da münasibətlərin yarandığı vaxt iri və xırda buynuzlu heyvanları nisyə şəkildə almış və həmin zaman həmin heyvanların pulunu ödəmək öhdəliyi götürmüş cavabdehin vəzifəsinə daxil deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddia olunun məbləğdən 500 maant pulun ödənilməsini hər iki tərəf etiraf etdiyindən və həmin ödənilən hissə mübahisələndirilmədiyindən sözügedən məbləğ çıxılaraq iddia qismən, yəni 716 manat hissəsində və eyni zamanda iddia ərizəsinin tərtib edilməsinə görə vəkilə ödənilmiş hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Qeyd olunan Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 882-cı maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh şifahi alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Bununla da, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya qalıq 716 manat məbləğində pulu qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğuna görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 716 (yeddi yüz on altı) manat pul və iddia ərizəsinin tərtib edilməsi üçün vəkilə ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqı tutularaq ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci bəndinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduğundan hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 716 (yeddi yüz on altı) manat pul və iddia ərizəsinin tərtib edilməsi üçün vəkilə ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqı tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar