Məhkəmə qərarları › İş №2(063)-50/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-50/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-50/2025 20.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia icratı qaydasında Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 59500 manat məbləğində borc pulun və ödənilmiş 269 manat məbləğində dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 50100 manat borcun və ödənilmiş 240,3 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh ilə arasında 15 sentyabr 2021-ci il tarixdə borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsinin 1.1-ci bəndinə əsasən o, 80000 (səksən min) manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu Cavabdeh verməyi, sonuncu isə borcu müqavilənin şərtlərinə uyğun olaraq 2 il müddətinə ona geri qaytarmağı öhdəsinə götürmüşdür. O, həmin müqavilənin 1.1.-ci bəndində nəzərdə tutulmuş 80000 (səksən min) manat məbləğində pulu 15 sentyabr 2021-ci il tarixdə tam həcmdə Cavabdeh təqdim etmiş, sonuncu isə 80000 (səksən min) manat məbləği ondan tam həcmdə təhvil almış və müqaviləni öz imzası ilə təsdiq etmişdir. Bundan sonra, cavabdeh özünə Ucar şəhərində müxtəlif əmlaklar almışdır. Cavabdeh həmin puldan geri qaytarmaq məqsədi ilə 2024-ci ilin may ayında (aralarında qarşılıqlı razılaşma əsasında 16000 manata qiymətləndirilmiş) “X2” markalı avtomobili və (aralarında qarşılıqlı razılaşma əsasında 4500 manata qiymətləndirilmiş) “LADA 21015” markalı avtomobili ona təhvil vermişdir. Belə ki, cavabdeh ümumilikdə borcundan ona 21500 (iyirmi bir min beş yüz) manat qaytarmış, qalan 59500 (əlli doqquz min beş yüz) manat məbləğində borcu isə müxtəlif bəhanələrlə və müqavilənin şərtlərinə uyğun olaraq təhvil verməkdən boyun qaçırmışdır. Belə ki, cavabdehin pulu qaytarmaq fikri yoxdur. Çünki, Cavabdeh dəfələrlə "az müddət qalıb Sənin pulunu qaytaracam" deyərək borcunu qaytarmamışdır. Bu səbəbdəndə məhkəməyə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Odur ki, iddiaçı tərəfindən tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, 15 sentyabr 2021-ci il tarixli borc müqaviləsindən və eyni tarixli aktdan görünür ki, İddiaçı Cavabdeh 80000 manat borc pul vermişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan İddiaçı şəxsi məlumatlarından görünür ki, İddiaçı “X3” MMC-də ictimai işlər üzrə sosial işçi kimi işləməklə, aylıq 345 manat əmək haqqı alır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2024-cü il tarixli, 9/8930 nömrəli rəyindən görünür ki, qərarda göstərilən “X2” merkalı, 2009-cu il buraxılışlı avtomobil normal vəziyyətdə saxlanılmaqla, təyinatı üzrə istifadəyə yararlı avtomobilin nəzəri qaydada hazırki bazar qiyməti təxminən 23750 ((22500+25000):2=23750) manat, “VAZ 21150” markalı 2004-cü il buraxılışlı avtomobil normal vəziyyətdə saxlanılmaqla, təyinatı üzrə istifadəyə yararlı avtomobilin nəzəri qaydada hazırki bazar qiyməti isə təxminən 6150 ((5800+6500):2=6150) manat müəyyən olunmuşdur. İşdə olan eyni tarixli və eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İşdə olan 03 iyun 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 269 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında 15 sentyabr 2021-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı 80000 manat məbləğində borc pul alıb, həmin məbləği 15 sentyabr 2023-cü il tarixədək iddiaçıya ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, o, iddiaçı qarşısında olan öhdəliyini lazımınca icra etməmişdir. Lakin, cavabdeh ümumi məbləği 80000 manat olan borcundan dəyəri 23750 manat olan “X2” merkalı və dəyəri 6150 manat olan “VAZ 21150” markalı avtomobilləri ödəmə vasitəsi kimi iddiaçıya təqdim etmişdir. Hazırda cavabdehin iddiaçıya 50100 manat məbləğində ödənilməmiş borcu qalmaqdadır. Cavabdehin qalan borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739-cu maddəsinin 2-ci hissəsinin 1-ci cümləsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-cı maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Bu Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Qeyd edilən Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 50100 manat məbləğində pulu qaytarmadığından, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Bununla da, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 50100 manat məbləğində pul və ödənilmiş 240,30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ödənilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, aparılmış Məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 50100 (əlli min yüz) manat məbləğində pul və ödənilmiş 240,30 (iki yüz qırx manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ödənilsin. Məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar