Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-524/2024 20.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ucar Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə Əbülfəz Qurbanzadənin, Əliyar Qurbanzadənin və Şəhriyar Qurbanzadənin saxlanılması üçün sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat məbləğində alimentin cavabdehdən tutulub, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 25 iyun 2014-cü il təvəllüdlü X2, 06 avqust 2016-cı il təvəllüdlü X3 və 06 avqust 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(063)-742/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək cavabdehdən hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat məbləğində alimentin tutulub, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 25 iyun 2014-cü il təvəllüdlü X2, 06 avqust 2016-cı il təvəllüdlü X3 və 06 avqust 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(063)-742/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək cavabdehdən hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 480 manat məbləğində alimentin tutulub, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(063)-742/2022 saylı qətnaməsinə əsasən onunla cavabdeh arasında Ucar rayon İHB-nın Qazyan kənd İƏD üzrə nümayəndəliyində 16 oktyabr 2013-cü il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 25 iyun 2014-cü il təvəllüdlü X2, 06 avqust 2016-cı il təvəllüdlü X3 və 06 avqust 2016-cı il təvəllüdlü X1 onun yanında qalması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 110 (bir yüz on) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Lakin, təyin olunmuş aliment məbləği uşaqların təlabatlarını ödəməyə kifayət etmir. Uşaqlar təhsil aldıqlarından onların xərcləri də yetərincə artmışdır. Həmçinin onuda qeyd edir ki, təyin olunmuş alimentin məbləği uşağa münasibətdə 2024-cü il üzrə təyin olunmuş yaşayış minimumundan çox aşağıdır. Belə ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Eyni zamanda, mübahisənin məhkəmədən kənar həll edilməsi üçün ilkin mediasiya sessiyasında iştirak etsə də, qarşı tərəf həmin sessiyada iştirak etmədiyindən mediator ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 27 fevral 2024-cü il tarixli arayış vermişdir. Həmin arayışdan da göründüyü kimi, mediasiyaya dair xərcini də o, ödəmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, eləcə də, məhkəməyə ünvanladığı yazılı etiraz ərizəsində göstərdiyi xüsusatları təsdiq etməklə bir daha bildirdi ki, o, hazırda işləməklə aylıq qazancı 404 manat təşkil edir. O, alimentin əmək haqqı məbləğində tutulmasına etiraz etmir. Yəni hər ay hər uşağa görə 5 manat, cəmi 15 manat alimentin miqdarının artırılmasına etiraz etmir (bununla bağlı yazılı ərizəsini təqdim edir). Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Ucar rayon İHB-nın Qazyan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 22 iyul 2014-cü il tarixdə verilmiş, AZ-İİİ seriyalı, 324829 nömrəli, 01 sentyabr 2016-cı il tarixdə verilmiş, AZ-İİİ seriyalı, 809554 nömrəli və AZ-İİİ seriyalı, 809553 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası İddiaçı olan X5 25 iyun 2014-cü il tarixdə, X6 06 avqust 2016-cı il tarixdə, X4 isə 06 avqust 2016-cı il tarixdə Ucar şəhərində doğulmuşlar. İşdə olan Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 22 noyabr 2022-ci il tarixli, 2(063)-742/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Ucar rayon İHB-nın Qazyan kənd İƏD üzrə nümayəndəliyində 16 oktyabr 2013cü il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 25 iyun 2014-cü il təvəllüdlü X2, 06 avqust 2016-cı il təvəllüdlü X3 və 06 avqust 2016-cı il təvəllüdlü X1 anaları, ididaçı İddiaçı yanında qalması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 110 (bir yüz on) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə Sistemində olan Cavabdeh şəxsi məlumatlarından görünür ki, Cavabdeh "xxxx" MMC-də quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi kimi işləməklə, aylıq 404,65 manat əmək haqqı alır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 16 oktyabr 2013-cü il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan 25 iyun 2014-cü il tarixdə Əbülfəz, 06 avqust 2016-cı il tarixdə Əliyar və 06 avqust 2016-cı il tarixdə Şəhriyar adlı övladları doğulmuşdur. Eyni zamanda, Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 22 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 25 iyun 2014-cü il təvəllüdlü X2, 06 avqust 2016-cı il təvəllüdlü X3 və 06 avqust 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 110 manat olmaqla, 330 manat sabit pul məbləğində aliment tutulmuşdur. İddiaçı hazırda cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə 25 iyun 2014-cü il təvəllüdlü X2, 06 avqust 2016-cı il təvəllüdlü X3 və 06 avqust 2016-cı il təvəllüdlü X1 artan tələbatlarını qarşılaya bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında 05 dekabr 2023-cü il tarixli Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 25 iyun 2014-cü il təvəllüdlü X2, 06 avqust 2016-cı il təvəllüdlü X3 və 06 avqust 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi, Azərbaycan Respublikasında 2024-cü il üçün uşağa münasibətdə yaşayış minimumunun 235 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq 404,65 manat məbləğində gəliri, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan uşaqların saxlanılması zərurəti nəzərə alınsa, sosial ədalət nöqteyi-nəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosialədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun minimum maddi təminatını və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 25 iyun 2014-cü il təvəllüdlü X2, 06 avqust 2016-cı il təvəllüdlü X3 və 06 avqust 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(063)- 742/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 135 manat olmaqla, cəmi 405 (dörd yüz beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından və bu məbləğin bir qismi iddiaçı tərəfindən müdafiə edilmədiyindən təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı ödəməkdən azad edildiyi 39,20 manat dövlət rüsumunun 92%-i, yəni 36 (otuz altı) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 25 iyun 2014-cü il təvəllüdlü X2, 06 avqust 2016-cı il təvəllüdlü X3 və 06 avqust 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Ucar Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(063)-742/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 135 manat olmaqla, cəmi 405 (dörd yüz beş) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi 39,20 manat dövlət rüsumunun 92%-i, yəni 36 (otuz altı) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-524/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-524/2024
20.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver