Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-568/2025 08.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 2050 manat əsas borcun və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında bağlanmış 28 yanvar 2024-cü il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən sonuncu ondan 100 manat ilkin ödəniş eməklə 12 ay müddətinə ödəmək şərtilə qiyməti 1000 manat dəyərində olan “LG” markalı paltaryuyan maşın və 100 manat ilkin ödəniş eməklə 12 ay müddətinə ödəmək şərtilə qiyməti 1250 manat dəyərində olan “Samsung” markalı televizor nisyə satın almışdır. Lakin, cavabdeh müqavilələrin şərtlərini pozaraq, borcundan bu günədək heç bir ödəniş etməmiş, bununla da alqı-satqı müqavilələrinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Nəticədə, cavabdehin iddiaçıya ödənilməmiş 2050 manat borcu qalmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş ünvanlansa da, sonuncu həmin ünvandan köçdüyündən məhkəmə bildirişi geri qaytarılmışdır. Eyni zamanda, müvafiq icra hakimiyyətinin arayışı ilə cavabdehin ərazidə qeydiyyatda olmasına ərazidə yaşamır, yaşayış yeri məlum deyildir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147 və 185.5-ci maddələrinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 yanvar 2024-cü il tarixli kredit satış müqavilələrindən görünür ki, alqı-satqı qiyməti 1000 manat olan “LG” markalı paltaryuyan maşın 12 ay müddətinə aylıq 75 manat, qiyməti 1250 manat olan “Samsung” markalı televizor 12 ay müddətinə aylıq 96 manat ödəmək şərtilə İddiaçı tərəfindən cavabdehə nisyə satılmışdır. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 07 avqust 2007-ci il tarixdə verilmiş vergi ödəyicisinin uçota alınması haqqında ********** nömrəli (VÖEN) şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi ödəyicisi kimi qeydə alınmışdır. İşdə olan 10 mart 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 40 (qırx) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-ci maddəsinə sasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, tərəflər arasında bağlanmış 28 yanvar 2024-cü il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən Cavabdeh iddiaçıdan 100 manat ilkin ödəniş eməklə 12 ay müddətinə aylıq 75 manat ödəmək şərtilə qiyməti 1000 manat dəyərində olan “LG” markalı paltaryuyan maşın və 100 manat ilkin ödəniş eməklə 12 ay müddətinə aylıq 96 manat ödəmək şərtilə qiyməti 1250 manat dəyərində olan “Samsung” markalı televizor nisyə satın almışdır. Lakin o, nisyə alqı-satqı müqavilələri üzrə alıcı kimi üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Belə ki, edilən xəbərdarlıqlara rəğmən cavabdeh iddiaçı ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyasından qanunsuz istifadə etməklə ona maddi ziyan vurmuş, müqavilələrin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Ona görə də, iddiaçı ödənilməmiş 2050 manat borcun cavabdehdən tutulması ilə əlaqədar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 2050 manat əsas borc və ödənilmiş 40 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2050 (iki min əlli) manat əsas borcun və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-568/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-568/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver