Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-591/2024 04.06.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X5 oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 dekabr 2007-ci il təvəllüdlü X1 və 02 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat məbləğində alimentin tutulub, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 01 noyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və birgə nikahdan 05 dekabr 2007-ci il tarixdə Aysel, 02 noyabr 2012-ci il tarixdə isə Əminə adlı iki qız övladları doğulmuşdur. Lakin, cavabdehin ailəsinə baxmaması və ona hörmət etməməsi səbəbindən 20 mart 2021-ci il tarixdə cavabdehlə ayrılmışlar. Bundan sonra nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ucar Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(063)-866/2021 saylı qətnaməsinə əsasən onunla cavabdeh arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş 05 dekabr 2007-ci il təvəllüdlü X1 və 02 noyabr 2012-ci il təvəllüdlü X2 onun yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 105 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Lakin, hazırda uşaqlar böyüdükcə onların maddi təlabatları da artmış və təyin olunmuş aliment məbləği uşaqların xərclərini ödəmir. Ona görə də o, alimentin artırılması üçün məhkəməyə müraciət etmişdir. Mübahisənin məhkəmədən kənar həll edilməsi üçün ilkin mediasiya sessiyasında iştirak etsə də, qarşı tərəf həmin sessiyada iştirak etmədiyindən mediator ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 23 fevral 2024-cü il tarixli arayış vermişdir. Həmin arayışdan da göründüyü kimi mediasiyaya dair xərcini də o, ödəmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh rəsmi qeydə alındığı və yaşadığı ünvanlara məhkəmə bildirişləri göndərilsə də, sözügedən məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi geri qayıtmış, ünvan 1mayəndəliyi tərəfindən verilmiş 29 may 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh yaşadığı ünvan nümayəndəliyə məlum olmadığından məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Odur ki, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Ucar rayon Qeydiyyat şöbəsi tərəfindən 02 oktyabr 2012-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 954418 nömrəli və 26 avqust 2013-cü il tarixdə verilmiş, AZ-İİİ seriyalı, 160925 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, müvafiq olaraq ataları Cavabdeh, anası İddiaçı olan X3 05 dekabr 2007-ci il tarixdə, X4 isə 02 noyabr 2012-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşlar. İşdə olan Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 27 dekabr 2021-ci il tarixli, 2(063)-866/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Ucar rayon İHB-nın Qazyan kənd İƏD üzrə nümayəndəliyində 01 noyabr 2006-cı il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 05 dekabr 2007-ci il təvəllüdlü X1 və 02 noyabr 2012-ci il təvəllüdlü X2 anaları, İddiaçı himayəsinə verilməsi, həmçinin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 105 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan 23 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün cəmi 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 01 noyabr 2006-cı il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan 05 dekabr 2007-ci il tarixdə Aysel və 02 noyabr 2012-ci il tarixdə Əminə adlı övladları doğulmuşdur. Eyni zamanda, Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 27 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 05 dekabr 2007-ci il təvəllüdlü X1 və 02 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 105 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində aliment tutulmuşdur. İddiaçı hazırda cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə 05 dekabr 2007-ci il təvəllüdlü X1 və 02 noyabr 2012-ci il təvəllüdlü X2 artan tələbatlarını qarşılaya bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında 05 dekabr 2023-cü il tarixli Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 05 dekabr 2007-ci il təvəllüdlü X1 və 02 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında 2024-cü il üçün uşağa münasibətdə yaşayış minimumunun 235 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq gəliri, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan uşaqların saxlanılması zərurəti nəzərə alınsa, sosial ədalət nöqteyinəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların minimum maddi təminatını və uşaqların əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 05 dekabr 2007-ci il təvəllüdlü X1 və 02 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(063)-866/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından və bu məbləğin bir qismi iddiaçı tərəfindən müdafiə edilmədiyindən təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı ödəməkdən azad edildiyi 76,40 manat dövlət rüsumunun 76 %-i, yəni 58,40 (əlli səkkiz qırx) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 manat məsrəf iddia ərizəsində və məhkəmə baxışında cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 05 dekabr 2007-ci il təvəllüdlü X1 və 02 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(063)-866/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi 76,40 manat dövlət rüsumunun 76 %-i, yəni 58,40 (əlli səkkiz qırx) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-591/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-591/2024
04.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver