Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-600/2025 22.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərin əvəzi olaraq 1485 manat məbləğində pulun, eləcə də 35 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Ucar rayonu, Rəstəcə kənd sakini Cavabdeh onun istifadəsində olan və faktiki olaraq taxıl (arpa) əkilmiş 1,0 hektar ərazini qəsdən məhv etmişdir. Belə ki, 21 yanvar 2025-ci il tarixdə, təxminən saat 14:00-da Cavabdeh özünə məxsus iri və xırdabuynuzlu heyvanları örüş sahəsindən gətirərək məqsədli şəkildə onun əkdiyi taxıl sahəsinə salmış və bu ərazidə heyvanları otarmaqla əkini tamamilə sıradan çıxarmışdır. Hadisə baş verdiyi zaman o, cavabdehin yanına yaxınlaşaraq, bu hərəkətinin səbəbini soruşduqda, cavabdeh aqressiv şəkildə “yaxşı edirəm otarıram, bilmirsən burada taxıl əkmək olmaz” deyərək qeyri-etik və məsuliyyətsiz münasibət nümayiş etdirmişdir. Belə ki, həmin 1,0 hektar torpaq sahəsi Ucar rayonu, Rəstəcə kənd sakini X2 məxsus torpaq sahəsi olmuş və tərəflər arasında bu torpağın istifadəsi ilə bağlı şifahi razılaşma mövcud olmuşdur. Hadisə ilə bağlı onun Ucar Rayon Polis Şöbəsinə etdiyi şikayət əsasında Təhqiqat Bölməsində araşdırma aparılmış və 16 fevral 2025-ci il tarixdə müvafiq qərar qəbul edilmişdir. Əkdiyi taxıl sahəsinə dəymiş ziyanla bağlı maddi qiymətləndirmənin aparılması məqsədilə X6 İnkişaf Mərkəzinə sorğu ünvanlanmış və iş üzrə aqronom-mütəxəssis təyin edilmişdir. Təyin olunmuş mütəxəssisin 11 fevral 2025-ci il tarixli rəyində göstərilir ki, bir hektar taxıl sahəsinə təxminən 350 manat xərclə əkin aparılmış, rəsmi statistikaya əsasən Ucar rayonu üzrə bir hektardan məhsuldarlıq 27,3 sentner təşkil etmiş və 1 kq taxılın satış qiyməti 0.50–0.55 manat arasında dəyişmişdir. Bu əsasla ona dəymiş maddi ziyan 1365–1515 manat aralığında qiymətləndirilmişdir. Bütün bu hallar nəzərə alındıqda, Cavabdeh qanunsuz və qəsdən törətdiyi hərəkətlər nəticəsində ona ümumilikdə 1485 (bir min dörd yüz səksən beş) manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, İddiaçı iddia ərizəsinin məzmununa uyğun, oxşar məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, Ucar rayonu, Rəstəcə kəndində yerləşən Sənan Muxtarova məxsus 01 hektar torpaq sahəsini şifahi qaydada icarəyə götürmüş, həmin torpaq sahəsində taxıl əkmiş və bununla bağlı xərclər çəkmişdir. Əldə edəcəyi gözlənti - məhsulun çəkisi 2770 kq olacağı təqdirdə, cavabdehin vurduğu ziyandan sonra cəmi 1200 kq taxıl əldə etmişdir. Odur ki, hesab edir ki, iddiası əsaslıdır və buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh qeyd etdi ki, əvvəla sözügedən torpaq sahəsi iddiaçıya deyil, başqa şəxsə məxsusdur, lakin o, iddiaçının həmin sahədə taxıl əkmək üçün çəkdiyi əziyyətin şahidi olmuşdur. O, iddiaçının əkin əkdiyi sahədə cəmi bir dəfə bilmədən özünə məxsus heyvanları həmin sahəyə daxil olmuş, lakin həmin vaxt taxıl yenicə cücərdiyindən hesab edir ki, o, bu əməli ilə iddiaçıya ziyan vura bilməzdi. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən 27 fevral 2023-cü il tarixdə tərib edilmiş A seriyalı 930098 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Ucar rayonu, Rəstəcə kəndində yerləşən 50,0 ha kənd təsərüfatlı torpaq sahəsi X1 adına bələdiyyə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 47 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır. İşdə olan Ucar RPŞ-nin TB-nin cinayət işinin başlanılmasının rədd olunması haqqında 16 fevral 2025-ci il tarixli qərarının surətindən görünür ki, HK-1/175 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan Ucar Rayon Bələdiyyəsinin 07 may 2025-ci il tarixli, 93 nömrəli məktubundan görünür ki, Ucar rayonu, Rəctəcə kənd sakini İddiaçı Ucar rayonu, Rəctəcə kəndində yerləşən 1,0 ha torpaq sahəsini qanunsuz olaraq, heç bir rəsmi icazə sənədi olmadan taxıl əkib becərmişdir. İşdə olan 11 fevral 2025-ci il tarixli aqronom rəyindən görünür ki, Ucar rayonu ərazisində düzgün aqrotexniki qulluq tələblərindən asılı olaraq taxıl sahəsinin bir hektarı üzrə orta məhsuldarlıq rayon statistikasına əsasən 27,3 sentner olmuşdur. Hazırda 1 kq taxılın qiyməti 0,50- 0,55 manat arası dəyişir. Rayon ərazisində bir hektar taxıl sahəsinin əkilməsi üçün çəkilən xərclər aşağıdakı kimidir:
1. Şumun aparılması-70 manat;
2. Mala-20 manat (malalanma 2 dəfə aparılır);
3. Toxum 200 kq (1kq-nın qiyməti 0,65-0,95 manat);
4. Suvarılması 30 manat (3 dəfə) Ümumilikdə Təxminən bir hektar taxıl sahəsinin əkilməsi üçün çəkilən xərc 350 manat civarında təşkil edir. İşdə olan 14 iyul 2025-ci il tarixli aqronom rəyindən görünür ki, Ucar rayonu ərazisində düzgün aqrotexniki qulluq tələblərindən asılı olaraq taxıl sahəsinin bir hektarı üzrə orta məhsuldarlıq rayon statistikasına əsasən 27,7 sentner olmuşdur. Hazırda 1 kq taxılın qiyməti 0,65- 0,85 manat arası dəyişir. Rayon ərazisində bir hektar taxıl sahəsinin əkilməsi üçün çəkilən xərclər aşağıdakı kimidir:
5. Şumun aparılması-48-60 manat;
6. Mala-15-20 manat (malalanma 2 dəfə aparılır);
7. Toxum 180-200 kq (1kq-nın qiyməti 0,65-0,85 manat);
8. Suvarılması 20-30 manat (3 dəfə)
İşdə olan 10 aprel 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia tələbi üzrə 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bu mənada, tərəflərin izahatı, işin faktiki halları, o cümlədən tədqiq edilmiş mötəbər sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, Ucar rayonu, Rəstəcə kəndində yerləşən 50,0 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi icarə hüququ üzrə X1 adına qeydiyyata alınmışdır. İddiaçı şifahi qaydada sözügedən torpaq sahəsinin 1,0 hektar hissəsində taxıl əkmiş, əkilmiş sahəyə ziyan dəydiyindən, yəni həmin sahədə Cavabdeh məxsus iri buynuzlu heyvan otarılmaqla əkin sahəsi qismən məhv olduğundan hazırkı iddia ilə məhkəmə müdafiəsindən istifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə işin mübahisələndirilən və mübahisələndirilməyən hallarına ayrıca hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, işin mübahisələndirilməyən halı sözügedən torpaq sahəsində əkilmiş taxılın məhz iddiaçı tərəfindən icra edilməsi olmuş və bu hal cavabdehin məhkəmə iclasının audio-video yazısı zamanı etirafı ilə də öz təsdiqini tapmışdır. İşin mübahisələndirilən halı isə iddiaçıya dəymiş ziyan və həmin ziyanın məbləği olmuşdur. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ilə, eləcə də, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda cavabdehin verdiyi qismən etirafedici izahatı ilə bəlli oldu ki, İddiaçı tərəfindən X2 məxsus, Ucar rayonu, Rəstəcə kəndində yerləşən 50,0 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin 0,1 ha hissəsində taxıl əkmiş və həmin sahəyə cavabdehə məxsus iri buynuzlu heyvanlar daxil olmuş və nəticədə iddiaçı gözlənti məhsuldan qismən məhrum olmuşdur. Belə ki, iddiaçı özünün etirafı əsasında əkdiyi torpaq sahəsindən əldə etdiyi məhsulun 1200 kq olmasını bildirdiyindən, eləcə də, iş üzrə verilmiş rəylə həmin sahədən götürüləcək taxıl bitkisinin orta məhsuldarlıq səviyyəsinin 2770 kq olması ehtimalı əsas götürülsə, yaranmış fərqin iddiaçıya dəyən ziyanın (1570 kq x 0.32 manat) əsasını təşkil etməsi real görünür. Məhkəmə iddianın təmin edilə bilməyən hissəsi ilə bağlı onu qeyd edir ki, bu hal iddiaçının sübutetmə yükünə əsaslanır ki, bu əsaslar da məhkəmə araşdırması zamanı sübuta yetirilə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş ziyana görə 502 (beş yüz iki) manat 40 (qırx) qəpik və dövlət rüsumuna görə 11 (on bir) manat 90 (doxsan) qəpik, cəmi 514 (beş yüz on dörd) manat 30 (otuz) qəpik məbləğində pul tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 502 (beş yüz iki) manat 40 (qırx) qəpik və dövlət rüsumuna görə 11 (on bir) manat 90 (doxsan) qəpik, cəmi 514 (beş yüz on dörd) manat 30 (otuz) qəpik məbləğində pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən : Xəyal Bədəlov