Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-612/2024 11.06.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay 235 manat məbləğində alimentin tutulub, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, 15 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay 160 manat məbləğində alimentin tutulub, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 02 noyabr 1999-cu il tarixdə qeyri rəsmi olaraq evlənmiş və bu münasibətdən 22 fevral 2000-ci il tarixdə Leyla, 01 oktyabr 2001-ci il tarixdə Fərqanə, 03 sentyabr 2003cü il tarixdə Emiliya, 15 sentyabr 2010-cu il tarixdə isə Fərhad adlı övladları doğulmuşdur. Ancaq cavabdehlə rəsmi nikahları olmasada, sonuncunun uşaqların atası olması faktı müəyyən olunmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar. Hazırda uşaqlar onun yanında qalırlar. Ucar Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh 22 fevral 2000-ci il təvəllüdlü X4, 01 oktyabr 2001-ci il təvəllüdlü X1, 03 sentyabr 2003-cü il təvəllüdlü X2, 15 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İlk dəfə Ucar Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə cavabdehdən onun xeyrinə alimentin tutulması müəyyən edilsə də, sonradan bu məhkəmənin qanuni qüvvəsini almış 19 iyun 2020-ci il tarixli digər qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmişdir. Belə ki, Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 19 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən 03 sentyabr 2003-cü il təvəllüdlü X2, 15 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün onun xeyrinə cəmi 180 manat sabit pul məbləğində aliment tutulmağa başlamışdır. Hazırda övladlarından 22 fevral 2000-ci il təvəllüdlü Leyla, 01 oktyabr 2001-ci il təvəllüdlü Fərqanə, 03 sentyabr 2003-cü il təvəllüdlü Emiliya yetkinlik yaşına çatmışlar. Eyni zamanda onuda qeyd etmişdir ki, beynəlxalq və milli qanunvericilik aktı normalarına, o cümlədən Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinə əsasən birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşağın mənafeyi, uşaq böyüdükcə artan təlabatı, uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması, eləcə də, cavabdehin fərdi işlərlə məşğul olması, həmçinin onun övladının artan təlabatını təkbaşına ödəyə bilməməyi nəzərə alınmalı və təyin olunmuş alimentin məbləği yenidən artırılmalıdır. Eyni zamanda, o, mediasiya qurumuna müraciət edərək, mediasiya xərcini ödəmiş, lakin, cavabdeh 08 fevral 2024-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə ilkin medaisiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. Ona görə də o, alimentin artırılması üçün məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, hazırda yaşlı anası ilə birlikdə yaşayır. İddiaçının tələb etdiyi aliment məbləğini ödəməyə maddi imkanı çatmır. İddia tələbi üzrə tələb olunan məbləğdə deyil, aylıq 130-140 manat məbləğində alimenti qarşı tərəfə ödəməyə razıdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Ucar rayon qeydiyyat şöbəsi tərəfindən 08 avqust 2016-cı il tarixdə verilmiş, AZ-İİİ seriyalı, 771335 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan X6 isə 15 sentyabr 2010-cu il tarixdə Ucar rayonu, Bərgüşad kəndində doğulmuşdur. İşdə olan Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 19 iyun 2020-ci il tarixli, 2(063)-330/2020 saylı qətnaməsinin surətindən görünür ki, sözügedən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 03 sentyabr 2003-cü il təvəllüdlü X2, 15 sentyabr 2010cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün bu məhkəmənin 14 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan mötəbər sənədlərdən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 19 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 03 sentyabr 2003-cü il təvəllüdlü Emiliyanın və 15 sentyabr 2010-cu il təvəllüdlü Fərhadın yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün bu məhkəmənin 14 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 180 manat məbləğində aliment tutulmuşdur. Həmçinin onuda qeyd etmək lazımdır ki, 03 sentyabr 2003-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatsa da, 15 sentyabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatmamışdır. İddiaçı hazırda cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə 15 sentyabr 2010-cu il təvəllüdlü Fərhadın artan tələbatını qarşılaya bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında 05 dekabr 2023-cü il tarixli Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 15 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 15 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(063)-330/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı ödəməkdən azad edildiyi 39,20 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 manat məsrəf iddia ərizəsində və məhkəmə baxışında cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 15 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(063)-330/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. İddiaçı ödəməkdən azad edildiyi 39,20 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-612/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-612/2024
11.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver