Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-645/2024 23.07.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1030 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı tələbin dəqiqləşdiriməsi barədə başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh soyadının ailə qurduqdan sonra dəyişdirilməsi ilə əlaqədar hazırda “Məmmədova” olduğundan X1 nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdeh 1000 manat məbləğində borc pulu indiyədək ona qaytarmamışdır. Belə ki, cavabdeh ondan 2022-ci ilin dekabr ayında 500 manat, 2023-cü ilin yanvar ayında 300 manat, mart ayında isə 200 manat borc pul almışdır. Cavabdeh onun qohumu olduğundan münasibətləri yaxşı olmuşdur. Bu səbəbdən də, cavabdehə 1000 manat məbləğində borc pul vermişdir. Lakin, cavabdehin həmin pulu 2023-cü ilin dekabr ayına kimi qaytarmağı üzərinə götürsədə indiyə kimi üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Dəfələrlə cavabdehdən pulunu tələb etsədə sonuncu ona olan borcunu qaytarmamışdır. Bu səbədən də, ərizə ilə Ucar RPŞ-yə müraciət etmiş və RPŞ-də aparılan araşdırılma zamanı cavabdeh ona 1000 manat borcu olduğunu etiraf etmişdir. Odur ki, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Məmmədova (Çıqqarova) Nuranə Qadil qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, X3 03 dekabr 2022-ci il tarixli izahatının və Ucar RPŞ tərəfindən verilmiş 07 dekabr 2022-ci il tarixli arayışın surətlərindən görünür ki (iddiaçının vəsatəti əsasında Ucar RPŞ-dən əldə edilmiş materiallardan), Nuranə Məmmədova 03 dekabr 2022-ci il tarixdə Ucar RPŞ-də izahat verərək göstərmişdir ki, 2022-ci ilin may ayında uzaq qohumu Fəxrəddin Abbasov onlara gəlmiş, mərhum anasına kömək məqsədilə onun evinin qarşısının kərpicdən hörülməsi üçün ona 350 manat pul vermişdir. Daha sonra, anası vəfat etdiyindən başı qarışmış və pulu qaytara bilməmişdir. 2023-cü ilin mart ayınadək isə 350 manat pulu qaytaracağını bildirmişdir. İşdə olan Ucar Rayon Polis Şöbəsi tərəfindən verilmiş 22 aprel 2024-cü il tarixli, 3- 13-115/2-6883/2024 nömrəli məktubun surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası DİN-nin 102 çağrı xidmətinə və rayon polis şöbəsinə etdiyi müraciətlərinə əsasən müvafiq araşdırılma aparılmışdır. İşdə olan Ucar Rayon Polis Şöbəsi tərəfindən verilmiş 12 dekabr 2022-ci il tarixli, 187-24777-A-3222 nömrəli məktubun surətindən görünür ki, İddiaçı müraciəti mülki xarakterli olduğundan sonuncuya məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan 07 may 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1- 882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Bu Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Qeyd edilən Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tərəflər bir-birini tanımış və aralarında səmimi münasibətləri olmuşdur. İddiaçı cavabdehə yaranmış etibarlı münasibətlərdən irəli gələrək pul vermiş, cavabdeh isə hazırkı vaxtadək həmin pulu iddiaçıya geri qaytarmamışdır. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin norma və prinsiplərinə əsasən iddiaçı iddia tələbi ilə müraciətinin əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Hazırkı mübahisənin məhkəmə araşdırması məsələnin hüquq müstəvisində həlli baxımından zəruri əhəmiyyət kəsb etməklə tərəflərin ədalətli məhkəmə araşdırması prinsipinə uyğun olmalıdır. Belə ki, iddiaçı cavabdehə 1000 manat məbləğində pul verdiyini iddia etsə də, həmin məbləğin yalnız 350 manat hissəsini sübuta yetirə bilmişdir. Bu hal isə iddiaçının vəsatəti əsasında iddiaçının Ucar RPŞ-yə yazılı müraciəti əsasında aparılmış araşdırma nəticəsində RPŞ-dən əldə edilmiş və toplanmış materilların məhkəməyə təqdim edilməsindən sonra araşdırma zamanı müəyyən edilmişdir. Sözügedən materialların tərkib hissəsi olaraq qeyd etmək olar ki, cavabdeh Nuranə Məmmədova RPŞ-də verdiyi izahatında iddiaçıdan yalnız 350 manat pulun alınmasını etiraf etmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar siyahısında yalnız cavabdehin Ucar RPŞ-də verdiyi izahatı olmuşdur. Beləliklə məhkəmə iddianın 350 manat məbləği hissəsinin təmin edilməsini sübut hüququnun mötəbərliyi prinsipi baxımından legitim və əsaslı hesab edir. Məhkəmə iddianın təmin edilməyən hissəsinə münasibətdə isə qeyd etməyi zəruri hesaab edir ki, iddiaçı cavabdehə verilməsi iddia edilən 650 manata dair isə (350 manatını sübuta yetirsə də) hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Cavabdeh şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Bununla da, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 350 manat məbləğində pulu qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğuna görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh X2 İddiaçı xeyrinə 350 (üç yüz əlli) manat məbləğində pul habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10,50 (on manat əlli qəpik) manatı məbləğində dövlət rüsumunun əvəzi tutularaq ödənilməlidir. Eyni zamanda məhkəmə iddia tələbinin qalıq məbləğə aid hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin məbləği təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhəkəməyə təqdim edilmədiyinə, eləcə də tələbin bu hissəsi digər mötəbər sübutlarla təsdiq olunmadığına görə iddia tələbi bu hissədə əsassız sayılmalı və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh X2 İddiaçı xeyrinə 350 (üç yüz əlli) manat məbləğində pul, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10,50 (on manat əlli qəpik) manatı tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-645/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-645/2024
23.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver