Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-713/2024 29.07.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X3 oğlunun katibliyi İddiaçının nümayəndəsi İddiaçı böyük icra məmuru (probasiya üzrə) X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şöbəyə vurulmuş 2277,40 manat məbləğində ziyanın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 22 noyabr 2023-cü il tarixli, 1(063)-49/2023 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası ilə bağlı 16 fevral 2024-cü il tarixdə müvafiq protokolla Cavabdeh 1 ədəd “Attenti” markalı, 078CE16728 seriya nömrəli sadə elektron qolbaq, 1 ədəd “Attenti” markalı 35654817 seriya nömrəli mobil nəzarət qurğusu və onun enerji toplayıcısı tətbiq edilərək təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş, habelə ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin yaxud onun tərkib hissələrinin zədələnəcəyi və ya yararsız hala salınacağı təqdirdə əvəzinin ondan tutulacağı barədə xəbərdarlıq edilmiş və bu barədə tərtib olunmuş akt icra məmuru və məhkum tərəfindən imzalanmışdır. Lakin, məhkum Cavabdeh ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin tərkib hissəsi olan “Attenti” markalı mobil nəzarət qurğusunu yararsız hala salmışdır. Bununla bağlı Cavabdeh 29 aprel 2024-cü il tarixdə şöbəyə verdiyi izahatında 27 aprel 2024-cü il tarixdə Ucar rayonu, Bərgüşad kəndində yerləşən yaşayış evinin dam örtüyünü təmir edən zaman ona təhkim olunmuş mobil nəzarət qurğusunun cibindən yerə düşməklə yararsız vəziyyətə düşdüyünü bildirmişdir. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəydə 23 may 2024-cü il tarixdə mobil qurğuya keçirilmiş texniki baxış zamanı zərbə nəticəsində ana platada antena pinlərinin qırılması və təmiri mümkün olmayaraq istifadəyə tam yararsız olduğu göstərilmişdir. Beləliklə, cavabdehin təqsirindən, yəni lazımınca məsuliyyətli olmaması səbəbindən elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və bununla da, dövlətə maddi ziyan dəymişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının nümayəndəsi İddiaçı böyük icra məmuru (probasiya üzrə) X2 iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, o, Ucar Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 1(063)-49/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 16 fevral 2024-cü il tarixdə ona müvafiq protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı quraşdırılaraq təhvil verilmiş, nəzarət avadanlıqlarının istifadə qaydaları izah edilməklə, bu avadanlıqları üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. O, 27 aprel 2024-cü il tarixdə Ucar rayonu, Bərgüşad kəndində yerləşən yaşayış evinin dam örtüyünü təmir edən zaman ona təhkim olunmuş mobil nəzarət qurğusu cibindən yerə düşməklə yararsız vəziyyətə düşmüşdür. O, mobil nəzarət qurğusunu bilərəkdən qəsdən xarab etməmişdir. Buna baxmayaraq həmin məbləği hissəhissə ödəyəcəyini öhdəsinə götürür. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etriaz etmir (bu hal məhkəməyə təqdim etdiyi ərizə ilə də öz təsdiqini tapır). Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Bu Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunan Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh münasibətdə qətnamənin əsaslandırıcı hissəsində iddianın etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 22 noyabr 2023-cü il tarixli, 1(063)-49/2023 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdə olan Cavabdeh İddiaçınə yazdığı 29 aprel 2024-cü il tarixli izahatının, eləcə də 16 fevral 2024-cü tarixli azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrin izah edilməsi barədə protokolun surətlərindən görünür ki, Ucar Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli hökmünün icrası ilə əlaqədar Cavabdeh 1 ədəd “Attenti” markalı 078CE16728 seriya nömrəli sadə elektron qolbaq, 1 ədəd “Attenti” markalı 35654817 seriya nömrəli mobil nəzarət qurğusu və onun enerji toplayıcısı tətbiq edilərək təhvil verilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. İşdə olan sənədlərdən, o cümlədən 29 aprel 2024-cü il tarixli izahatın surətindən görünür ki, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Cavabdeh 27 aprel 2024-cü il tarixdə Ucar rayonu, Bərgüşad kəndində yerləşən yaşayış evinin dam örtüyünü təmir edən zaman ona təhkim olunmuş mobil nəzarət qurğusunun cibindən yerə düşməklə yararsız vəziyyətə düşdüyünü etriaf etmişdir. İşdə olan "xxxx" QSC-nin 29 iyul 2021-ci il tarixli, ED-M-№96-21 saylı məktubunun surətindən görünür ki, 1 ədəd sadə elektron qolbağın, 1 ədəd mobil nəzarət qurğusunun, 1 ədəd elektrik adapteri və 1 ədəd proqram lizensiyasının dəyəri cəmi 2277,40 manat məbləğindədir. İşdə olan "xxxx" QSC-nin ED 000532 nömrəli elektron nəzarət vasitəsinin vəziyyəti haqqında mütəxəssis rəyinin surətindən görünür ki, 23 may 2024-cü il tarixdə texniki baxışdan keçirilmiş №35654817 seriya nömrəli, “Attenti V6” markalı mobil qurğunun zərbə nəticəsində ana platada antena pinlərinin qırılması və təmiri mümükün deyil, həmçinin, istifadəyə tam yararsızdır. İşdə olan Cavabdeh tərəfindən 02 iyul 2024-cü il tarixdə tərtib edilmiş ərizəsindən görünür ki, sonuncu iddia tələbini tam şəkildə qəbul etməklə, həmin məbləği hissə-hissə ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Həmçinin, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyi səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Zərərçəkən rolunda istənilən subyekt, o cümlədən fiziki şəxs, bələdiyyə, hüquqi şəxs və dövlət çıxış edə bilər. Dövlətin müstəsna mülkiyyətində olan dövlət torpaqlarına, meşələrə, yerin təki obyektlərinə və digər nemətlərə zərər vurulduqda, həmin hərəkətlərdən ziyan çəkir və bu zaman öhdəlikdə dövlətin özü yox, dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqanlar iştirak edirlər. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Cavabdeh ehtiyatsızlıqdan mobil nəzarət qurğusunu yararsız vəziyyətə almış bununla da, Hamiz Hacıyev məhkəmə hökmü ilə üzərinə qoyulmuş elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlamaq vəzifəsini pozmuşdur. Məhz onun ehtiyatsızlıqdan olsa belə, təqsirli hərəkəti nəticəsində dövlətin müstəsna mülkiyyətində olan əşya, o cümlədən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslər üçün nəzərdə tutulmuş mobil nəzarət qurğusu yararsız vəziyyətə düşmüş, bununla da, dövlətə 2277,40 manat məbləğində zərər dəymişdir. Həmin zərər cavabdeh tərəfindən iddiaçıya (dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqana) ödənilmədiyi üçün sonuncunun cavabdehə qarşı iddia irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən iddiaçını xeyrinə 2277,40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə qeyd edir ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilmişdir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizinin ödənilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı azad edildiyi 42,77 (qırx iki manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2277,40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat məbləğində pul tutulsun. İddiaçı azad edildiyi 42,77 (qırx iki manat 77 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-713/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-713/2024
29.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver