Məhkəmə qərarları › İş №2(063)-734/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-734/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-734/2024 06.08.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 noyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 13400,35 manat əsas, 770,09 manat faiz, 104,35 manat cərimə olmaqla, cəmi 14274,79 manat borcun və ödənilmiş 132,82 manat dövlət rüsumunun cavabdehdən iddiaçı Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı Bankla cavabdeh arasında bağlanmış 01 noyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncu İddiaçı ASC-dən illik 17% dərəcəsi olmaqla, 36 ay müddətinə 20000 manat kredit götürmüşdür. Bundan əlavə, cavabdehin sözügedən müqavilə üzrə cərimə borcu 417,41 manat təşkil etməsinə baxmayaraq, iddia tələbi üzrə həmin cərimə məbləğinin 25%-i miqdarında, yəni 104,35 manatı tələb olunur. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Nəticədə, onun banka sözügedən kredit müqaviləsi üzrə cəmi 14274,79 manat borcu yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun, oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında 01 noyabr 2022-ci il tarixdə bağlanmış 3- Y-2-0-781-22 saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə istehlak məqsədilə 36 ay müddətinə illik 17 % dərəcəsi ilə 20000 manat məbləğində kredit vermişdir. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş 07 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 01 noyabr 2022-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən 07 may 2024-cü il tarixə İddiaçı ASC-yə 13400,35 manat əsas, 770,09 manat faiz, 417,41 manat cərimə olmaqla, cəmi 14587,85 manat borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcla əlaqədar İddiaçı ASC tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan 03 iyun 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı ASC məhkəməyə müracət edərkən 133,22 (bir yüz otuz üç manat 22 qəpik) manat xərc (132,82 manat dövlət rüsumu və 0,40 qəpik bank əməliyyatlarının aparılması üçün xidmət haqqı) çəkmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri 01 noyabr 2022-ci il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741-ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliyə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Bankla Cavabdeh arasında bağlanmış 01 noyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncu İddiaçı ASC-dən illik 17% dərəcəsi olmaqla, 36 ay müddətinə 20000 manat kredit götürmüşdür. Bundan əlavə, cavabdehin sözügedən müqavilə üzrə cərimə borcu 417,41 manat təşkil etməsinə baxmayaraq, iddia tələbi üzrə həmin cərimə məbləğinin 25%-i miqdarında, yəni 104,35 manatı tələb olunur. Eyni zamanda, cavabdeh sözügedən müqavilə üzrə yaranmış borcu qaytarmağı öhdəsinə götürmüş, lakin müqavilənin şərtlərini pozaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Beləliklə, sözügedən müqavilə üzrə cavabdehin banka 14274,79 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13400,35 manat əsas, 770,09 manat faiz, 104,35 manat cərimə olmaqla, cəmi 14274,79 manat borcun və ödənilmiş 132,82 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13400,35 manat əsas, 770,09 manat faiz, 104,35 manat cərimə olmaqla, cəmi 14274,79 (on dörd min iki yüz yetmiş dörd manat yetmiş doqquz qəpik) manat borcun və ödənilmiş 132,82 (bir yüz otuz iki manat səksən iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar