Məhkəmə qərarları › İş №2(063)-808/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-808/2024

27.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-808/2024 27.08.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının artırılması barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 06 dekabr 2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarının artırılmasını və cavabdehdən uşağın saxlanılması üçün hər ay 235 manat alimentin tutularaq ona verilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 14 fevral 2011-ci il tarixdə nikahlarını İsmayıllı rayon Hacıhətəmli kənd inzibati ərazi vahidliyi üzrə nümayəndəliyi tərəfindən 05 nömrə ilə qeydə aldırmışlar. Birgə nigahdan 06 dekabr 2011-ci il tarixdə X7 adlı uşaqları dünyaya gəlmişdir. Ucar Rayon Məhkəməsinin 07 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə cavabdeh ilə aralarında bağlanmış 14 fevral 2011-ci il tarixli nikah pozulmuşdur. Ucar Rayon Məhkəməsinin 07 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə 06 dekabr 2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. Ucar Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən 28 fevral 2020-ci ildən başlayaraq 06 dekabr 2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin tələblərinə əsasən birgə nikahlarından doğulmuş və yetkinlik yaşına çatmamış uşağın mənafeyini və uşağın böyüdükcə artan tələbatını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması şərtlərini, onun azyaşlı uşağının saxlanılması üçün artan tələbatını təkbaşına ödəyə bilməməyi nəzərə alınmalı, 06 dekabr 2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarı artırılmalı və cavabdehdən uşağın saxlanılması üçün hər ay 235 manat məbləğində aliment tutularaq ona verilməlidir. Təyin edilmiş alimentin miqdarının artırılması üçün mediasiya şurasına müraciət etmişdir, buna görə mediasiya şurası tərəfindən arayış verilmişdir, ancaq nəticə olmadığı üçün məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi, əlavə olaraq göstərdi ki, cavabdehin qazancı və gəliri barədə iddiaçının sübutu yoxdur. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirdi və izahatında göstərdi ki, hər ay 160-165 manat aliment ödəməyə razıdır, belə ki, fəhlə işləyir, himayəsində əlavə üç uşağı vardır və qazancı kifayət etmir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ata Cavabdeh və ana X4 olan X7 06 dekabr 2011-ci ildə doğulmuşdur. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(063)- 264/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbi barədə iddiası qismən təmin edilmiş, Cavabdeh 28 fevral 2020-ci ildən başlayaraq 06 dekabr 2011-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, Cavabdeh dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pulun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulması hissəsinin dərhal icra edilməsi qət edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Ucar rayonu, Təzə Şilyan kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, İsmayıllı rayonu, Hacıhətəmli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ucar Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(063)-264/2020 nömrəli qətnaməsi ilə cavabdehdən 06 dekabr 2011-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda iddiaçı alimentin miqdarının artırılmasını və cavabdehdən 235 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində cavabdehdən 235 manat aliment tutulmasını tələb etsə də cavabdehin həmin məbləği ödəməyə imkan verən gəlirlərinin və qazancının olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə bu nəticəyə gəlir ki, uşağın mənafeyi, habelə hazırda ölkə üzrə uşaqlar üçün yaşayış minimumu (2020-ci ildə 170 manat, 2024-cü ildə isə 235 manat olması) nəzərə alınaraq, onun sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi üçün iddia qismən təmin edilməli və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay üçün 190 manat müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, cavabdehin izahatı ilə bağlı qeyd edir ki, aliment ödəyən valideyinin kifayət qədər qazanca və gəlirə malik olmaması onun uşağını saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Hazırkı iş üzrə isə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsaslanaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia qismən təmin olunan zaman artırılmış alimentin məbləğinin məhkəmənin hazırkı iş üzrə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan tutulması qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 06 dekabr 2011-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Ucar Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(063)-264/2020 nömrəli qətnaməsinə əsasən sabit pul məbləğində tutulan 150 (bir yüz əlli) manat alimentin miqdarı artırılaraq hər ay üçün 190 (bir yüz doxsan) manat müəyyən edilsin və həmin miqdarda aliment qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub 06 dekabr 2011-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar